Hopub balıncıma vurduğun ətir - Qılman İmanın şeirləri

Hopub balıncıma vurduğun ətir - Qılman İmanın şeirləri
15 fevral 2026
# 12:00

Bu gün şair Qılman İmanın doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və onun şeirlərini təqdim edir.

Çıx get bu bazardan,
çıx get, tərəzi.
Avqustun pulsuz satdığı
Günəş şüası
Yer kürəsində
Əridə bilər içindəki düzlüyü.
Fevral şabaş yerinə
qar kimi ələyib başına
Şaxta vurmuş yüzlüyü
Pozar ha birdən mizanını.
Kasıbın cibindən gödək əlləri
Uzanıb günün birində
Bu göyün altında,
Yerin üstündə
Başına döyər
Gün kimi,
Yağış kimi.
Çıx get bu bazardan, çıx get, tərəzi.
Yerdə alma, armud,
Qoz-fındıq çəkib
Sevindirmək istəyirsən çərəzi?
Qanad tax, get, göydə Füzulinin
ulduzlara dəyən ahını,
Homerin gün üzünə həsrət gözündə
Açılmayan səhəri,
Şəhidlərin köynəyindəki
Barıt qoxulu qanı çək.
Əsgər qiyafəsində
"Farağat" əmrinə müntəzir
Bir gülləyə qurban
anı çək.
Ya da bir qoca üzündəki
Ömürdən, gündən uzun
Qırışların sayını.
Vaxtın üstündən işıq sürətilə adlayan zaman dayını.
Bir də, bir də
bu dünyanın
Gəncədən Təbrizəcən,
Təbrizdən Dəmirqapı Dərbəndəcən
Həsrət payını.
Yoxsa bu bazarda
belinə yükləyib daş kimi
Hamı sulu-sulu çəkəcək
Səndə bütün
Qəzəbi, qərəzi.
Çıx get bu bazardan,
çıx get, tərəzi.


2021

29 avqust

O səhər açıldı hayla, harayla,
Yandırıb yaxırdı dörd yanı bir ün.
Savaşı gedirdi payızın yayla,
Külək fit çalırdı atam ölən gün.

Ürəklər keçirən iztirab, təlaş
Qəmin qapısına vurulan kilid.
Hamıdan birinci gözlərində yaş
Üzü göyə sarı ulayırdı it.

Heyrətin zülmətə döndü səhəri,
Ümidlər nə qədər yalan yedilər.
Eşidib-bilənlər qara xəbəri:
"Yazıq nə yaşadı, ölə", - dedilər.

Səsini içində boğan sükut da
Dil açıb danışdı ən uca səsdə.
Avqustda gözləri dolan bulud da
Yağdı göz yaşıyla yanaqlar üstə.

Heçliyə çevrilən həyatın sonun
Duyandan ürəyim oyuq-oyuqdu.
Sarılıb öpəndə alnından onun
Torpağın üzütək gördüm soyuqdu.

Görəsən, bildimi bəxt, tale yazan,
Qönçəni vədəsiz güldən ayırdı?
Atamı mollanın çəkdiyi əzan
Sonuncu səfərə hazırlayırdı.

Dönüb cansız tabut uçan mələyə,
Zamana qarışıb vaxtın da başı.
Oğlu aydınlığa qovuşsun deyə
Nənəm arxasınca tökdü göz yaşı.

Bu ayrılıq - sitəm, dərmansız azar,
Bütün təsəllilər giribdi qına.
Açıb əjdahatək ağzını məzar,
Torpaq da tələsir bassın bağrına.

Ölüm sonuncu iş, sonda işə bax,
Həyatın qəribə qanunları var.
Ürəyi yananlar hamıdan qabaq
Atamın üstünü torpaqladılar.

Bir ömür içimdə odu yanası,
Həsrət ocağının közləri boldu.
O torpaq atamın doğma anası,
O məzar dərdimin atası oldu.

27-avqust 2021-ci il

Bu dünya yiyəsiz deyil,
Hər yerdə yüz adamı var.
Əyrini döyüb düzəldən
Gör neçə düz adamı var.

Ahı fələkdən keçməyən,
Dəni küləkdən keçməyən,
Sözü ələkdən keçməyən
Nə qədər söz adamı var.

Füzulidi söz Allahı,
Vicdan - qəlbin düz Allahı,
Adamların öz Allahı
Allahın öz adamı var.

2010-cu il

​​​Yuxu

Çıxıb bu həsrətin, qəmin sonuna
Sərhədlər keçmisən kim bilir necə...
Bürünüb fevralın bəyaz donuna
Yol azıb yuxuma gəlmişdin gecə.

Gizli gəlişində min-min həyacan,
Hamının yuxuya qarışıb başı.
Mənim ünvanımı necə tapmısan?
Sən yola nabələd, yol sənə naşı.

Uçub mələk kimi yerlərdən göyə,
Axı necə gedib, necə gəlirsən?
Gündüz günəş səni görməsin deyə
Onunçün görüşə gecə gəlirsən?

Üç il bundan qabaq biz görüşəndə,
Əl edib, "əlvida" - dedin son dəfə.
Sevincdən yuxuda səni görəndə,
Dolandım başına bəlkə on dəfə.

Nə yaxşı heyrətdən gecə ölmədim,
Eşqimi köksünə sıxıb getmisən.
Arxanca qaçsam da çata bilmədim,
Sabah ayıldım ki, çıxıb getmisən.

Buz kimi üşüdür dilimi adın,
Həsrətin qəlpətək gəzir bədəndə.
Bir söz də söyləyib sağollaşmadın,
Xəbər eyləməzmi adam gedəndə?

Yanar çırtım-çırtım eşqin sacında,
Nə vaxt sənin üçün darıxsa ürək.
Durub axşamların yolayrıcında,
Yuxumun gəlişin gözləyim gərək.

Qəlbimin arzusun söyləsəm olar?
Hopub balıncıma vurduğun ətir.
Bir də görüşümə gələndə nolar,
Qala biləcəyin yuxunu gətir.

2022-ci il

Gör haçandır ürəyimin qapısına
Lent nədir ey, heç ümid də bağlamıram.
Bəsləyirəm köksüm altda balam kimi
Yağlı yeyən dərdi yavan saxlamıram.

Qərib durna qatarlanıb süzən yerə,
Dərdli dilim dərdi qönçə üzən yerə,
Gecə-gündüz xəyallarım gəzən yerə
Ha gedirəm, mənzilimi haqlamıram.

Yuva qurub, saray tikib, sükut məndə,
Hər gün dolar gözü yaşlı bulud məndə.
İçin-için qəhər udub kövrələndə
Gözlərimə su verirəm, ağlamıram.

4 aprel-2020

# 110 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər