"Eşidirsən? Sevinirsən? Ruhun şaddı?" - Mintac Elsevərin şəhid qardaşına ithaf etdiyi şeir

"Eşidirsən? Sevinirsən? Ruhun şaddı?"  - Mintac Elsevərin şəhid qardaşına ithaf etdiyi şeir
16 aprel 2026
# 15:05

Kulis.az jurnalist Mintac Elsevərin Birinci Qarabağ Savaşında şəhid olan qardaşına ithaf etdiyi şeiri təqdim edir.

Qeyd edək ki, Əliyev Elsevər Allahverdi oğlu 1992-94-cü illərdə Birinci Qarabağ müharibəsində taqım komandiri olub.

35 ilin şəhidinə…

Eşidirsən?
Sevinirsən?
Ruhun şaddı?
Axı müharibə bitibdi.
Amma anan
həm vətənlə,
həm səninlə
rabitəni kəsibdi…

Xatırlamır o nə səni, nə vətəni,
xatırlamır hətta ölümünü sənin.
Yanındakı doğmaları qarğıyır
və kiminləsə rabitəsiz danışır…

Eşidirsən?!
Azadlıqdan səslər gəlir!
Əsgərlərin çəkmələri asfaltın bağrın yarır…
Anan isə kiminləsə rabitəsiz danışır…

Sonra, himnin səsi səmalara yayılır.
Anan isə ara-sıra pəncərədəki o bayrağa boylanır,
başındakı yaylığını tez-tez açır-bağlayır
Və kiminləsə rabitəsiz danışır…

Eşidirsən?!
Eşitmirsən?
Bəlkə elə, anan səninlə danışır…

# 123 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər