Əcaba, bir tank nə görür yuxusunda? - Orxan Vəli Kanıkın şeirləri

Əcaba, bir tank nə görür yuxusunda? - Orxan Vəli Kanıkın şeirləri
14 noyabr 2025
# 12:23

Bu gün türk şair Orxan Vəli Kanıkın anım günüdür.

Kulis.az bu münasibətlə Dilsuzun tərcüməsində Orxan Vəli Kanikin şeirlərini təqdim edir.

Quyruqlu şeir

Bizimki tutmaz, qardaşım,
Sən ciyərçi pişiyi,
mən küçə pişiyi.
Sənin yeməyin qalaylı qabda,
Mənim yeməyim aslan ağzında.
Sən yuxunda eşq görürsən,
Mən sümük.
Amma sənin işin də
asan deyil,
Asan deyil, yəni,
Allahın verdiyi
hər gün quyruq bulamaq.


Çox şükür

Çox şükür,
insan var evdə;
Nəfəs var,
Ayaq səsi var,
Çox şükür, çox şükür.


Bizim kimi

Əcaba,
bir tank
nə görür yuxusunda?

və bir təyyarə
nə düşünür
tək qaldığı zaman?
Həp bir ağızdan
türkü oxumağı
sevməzmi qaz maskaları
Ay işığında?

Və tüfənglərin
mərhəməti yoxdurmu,
heç olmasa, biz insanlar qədər?


Qüssələnirəm

Məktub alıram - qüssələnirəm;
Mey içirəm - qüssələnirəm
Üsküdarda
"Kazımın türküsü"nü oxuyarlar -
qüssələnirəm.
Nə olacaq bunun axırı?

Bilmirəm... Bilmirəm... Bilmirəm...


Gözəl havalar

Məni bu gözəl havalar məhv etdi,
Belə havada
ərizə yazdım,
çıxdım işdən,
Belə havada alışdım
siqaret çəkməyə.
Belə havada aşiq oldum.
Belə havada unutdum
evə duz-çörək aparmağı.
Belə havada şiddətləndi
şeiryazma xəstəliyim.
Qərəz,
bu gözəl havalar
məhv etdi məni.

# 80 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər