"Dost olmasa bu yerlərin nə dadı?" - Sabir Rüstəmxanlıdan Musa Yaqubun anım gününə

"Dost olmasa bu yerlərin nə dadı?" - Sabir Rüstəmxanlıdan Musa Yaqubun anım gününə
7 may 2026
# 14:10

Kulis.az Xalq şairi Sabir Rüstəmxanlının unudulmaz şair Musa Yaqubun anım gününə yazdığı şeiri təqdim edir.

Şair qardaş, ölüm kəsdi aranı,
Günlər keçir, ay dalınca ay gəlir.
Torpaq yenə ağa örtür qaranı,
Dost yerinə bir təpəcik pay gəlir.

Ayrılacaq buğdasıyla samanı
Sovrulduqca xırmanları zamanın.
Qara daşı tükənməz ki, dünyanın,
Biri getsə, beşi ona tay gəlir.

Daha yoxdur sizə gəlmək həvəsim,
Solğun bağda, susqun dağda nə gəzim?
Təsəlli yox gəlhagəldə, əzizim,
Yaxşı gedir, əvəzinə zay gəlir.

Qırılıbdır sözün qartal qanadı,
Yorulubdur yollar yoran inadım.
Dost olmasa bu yerlərin nə dadı?
Musa desəm, boz qayadan hay gəlir.

Çox məclisdə dinləyirəm şerini,
Çox süfrədə boş görürəm yerini.
Masabəyi söz deməyə ərinir,
Mey də çəkmir, süfrəmizə çay gəlir.


03.08.2022

# 103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər