Kulis.az Qardaşxanın "Sənin üçün notlar" adlı yeni şeirini təqdim edir.
Ağacların rəhmi gəlir 
kölgə salır yollara
Bir dəfə də sən qucaq aç 
rəhm elə bu qollara
Külək çəmən güllərinin
ətrilə məni vurdu
Saçlarını dağıtsaydı
indi gör nə olardı
Kaş ki əlçatmaz arzutək 
qəlbində kök salaydım
Səninlə birgə baş-başa 
bir ömrü tək qalaydım
“Tək çarəm sənsən” deyənim
çarəm oldun o  sözlə
O günkü göz yaşlarından
bir dalğadı dənizlər
O istilərdən sonra da
bu yağış olmalıydı
Ömrün qışında sevgidən 
soyuq duş almalıydım
Qadında ikinci qəlbin
sən anlatdın yerini
Bu birini də verir o
verirsə o birini