Kulis.az Məmməd Arazın "Naməlum qəhrəman" şeirini təqdim edir.
Sən dəniz qoynunda, dəzgah dalında
Tarlada, zavodda… hər yerdə varsan.
Şöhrət paylananda, ad paylananda
Nə şöhrət umarsan, nə ad umarsan.
Səninçün meyarı şöhrətin, şanın
Nə medal, nə də ki, tərif – yazıdır.
Sənin aləmində hər qəhrəmanlıq
Bəlkə də ən adi iş normasıdır.
Demirsən yolunda xalqın, vətənin…
Demirsən. Sanmayaq fikrin donubdur,
Bu hisslər qanınla yeriyib sənin
Qəlbinə, beyninə həkk olunubdur.
Haray da salmazsan düşsən dara sən;
Özgənin dərdinə dərman əlində…
“Can-can” demədiyin adamlara sən
Canını verərsən yeri gələndə.
Əlindən zəmilər, bağlar boy alır;
Şöhrətin işindir, söhbətin deyil.
Neçə mərtəbəli, neçə boyalı
Çıxışlar, vədələr adətin deyil.
Bəs niyə az görür səni şeirimiz?
Əlini sıxmırıq bir iftixarla.
Arayıb seçirik adamları biz
Bəzən də toz basmış siyahılarla.
Şair, ürəyini bircə anlığa
Bu adi adamlar yolunda yandır.
Ən böyük qəhrəman, qəhrəmanlığa
Əvəz istəməyən, pay ummayandır…
1964