Kulis.az ilk dəfə Xalq artisti Brilliant Dadaşovanın şeirlərini təqdim edir.
Gecələri aydın edən, 
Hər zülmət gecədən sonra
Yer üzünə işıq ələdən uca Tanrıya 
Üz tutub diləyirdim ürəkdən. 
Bacımgilə gedəcəyəm çıxanda dərsdən, 
Hava açıq olsun, 
Rica edirəm fələkdən. 
Qorxuram yoldan
Qaranlıq düşməsin,
Nənəm də bir az çox yaşasın, 
Nə olar, hələ ölməsin. 
Ağlayarkən məni heç kim görməsin. 
Nəbadə ac olduğumu kimsə bilməsin.. 
***
"Böyükləri diqqətlə izləyərdim, 
səhvlərini dərd edib, qəlbimdə gizlədərdim. 
Köksümdə çox arzular bəsləyərdim. 
Kiçikdim, amma gəlinlik geyinmək istəyirdim. 
Çox vaxt gözümü yuman kimi elə bilirdim 
Xəzər dənizi hər dəqiqə gözləyir bizi. 
Xəyallarımda hey üzürdüm mavi sularda. 
Yay fəsli bitəndə bağdan köçmək üçün 
qışı qovub qalmaq istəyirdim. 
O günlər harada, indi mən harada... 
İndi yürüyürəm soyuqda, qarda. 
Ən ümdə, dəyərli, ruhun qidası 
musiqi də indi qara bazarda. 
Bir zamanlar tütəkli çobanın o xoş sədası 
səs salıb dağda, 
gəzərdi sorağı yaşıl yaylaqda. 
Agah edərdi bizi söhbətdən sazdan, 
həzz alardıq gözəl avazdan. 
İndi o da dəm vurur estrada, cazdan. 
Guya düzgün boğazdan 
istifadə etməyi öyrədir. 
Nənəm deyərdi, abırsızdan, abrını qoru. 
Montajçıya onun sponsoru hörmət edər,
sənin fikirlərin kəsib, doğranar. 
Üstəlik utanmadan fikrini oğurlayarlar. 
Ürək yanğısıyla dediyin sözləri 
kəsib aləmə səni məntiqsiz göstərirlər. 
Hardan bilirdi, görəsən, nənəm başıma gələnləri? 
İndi düşünürəm nənəmi haradan tapım, 
soruşum başıma daha nələr gələcək".