"Məni əvvəlki vəziyyətimə qaytaran Allah sizi də qaytarar..." - "Don Kixot"dan bir hissə

"Məni əvvəlki vəziyyətimə qaytaran Allah sizi də qaytarar..." - "Don Kixot"dan bir hissə
22 aprel 2026
# 13:40

Bu gün görkəmli ispan yazıçı, şair və dramaturq Migel de Servantesin anım günüdür.

Kulis.az onun "Don Kixot" romanından bir hissəni professor Pənah Xəlilovun tərcüməsində təqdim edir.

Bu söhbətdə bacıqızı ilə qulluqçu da iştirak edirdi; onlar yorulmadan Allaha dua edirdilər ki, ağalarının ağlı tamamilə başına gəlmişdir. Lakin, keşiş cəngavərlikdən danışmamaq barədə əvvəlki qərarını deyişib, Don Kixotun tamam sağaldığını, yoxsa bunun keçici olduğumu qəti təsdiq etmək üçün yavaş-yavaş şəhər yenilikləri barədə söhbətə keçdi, yeri gəlmişkən, türk sultanının böyük bir donanma ilə dənizə çıxdığını doğru xəbər kimi çatdırdı. Amma, sən demə, sultanın nə məqsəd izlədiyini və bu dəhşətli tufanın harada qopacağını heç kəs bilmir, guya bütün xristian aləmi, demək olar ki, həmişə olduğu kimi yenə də qorxuya düşüb həyəcan keçirir, əlahəzrət isə Neapol, Siciliya və Malta adaları sahillərini bərkitmək üçün göstəriş vermişdir.

Don Kixot isə buna cavab olaraq dedi:

- Düşmən tərəfindən qəflətən yaxalanmamaq üçün öz ölkəsini vaxtında möhkəmləndirməkdə əlahəzrət uzaqgörən bir döyüşçü kimi hərəkət etmişdir. Bununla belə, əlahəzrət məsləhət üçün mənə müraciət etsəydi, mən ona elə ehtiyat tədbirlərinə əl atmağı məsləhət görərdim ki, o yəqin indi onları heç güman etmir.

Don Kixotu dinləyən keşiş öz-özünə dedi: "Yazıq Don Kixot, Allah özü sənə kömək olsun! Mənə elə gəlir ki, sən dəlilik zirvəsindən sadəlövhlük girdabına yuvarlanırsan". Lakin elə bu vaxt keşişin düşündüklərini dəllək də ürəyindən keçirərək Don Kixotdan soruşdu ki, o, hansı ehtiyat tədbirlərinin görülməsini lazım bilir: bəlkə o da adətən bütün hökmdarların etdiyi çoxluca mənasız təkliflərə bənzər tədbirlər nəzərdə tutur?

Don Kixot belə cavab verdi:

- Cənab saqqalqırxan, mənim təklifim heç də mənasız deyil, bəlkə çox mənalıdır.

- Mən bu barədə heç nə demirəm, - dəllək dilləndi, - amma hər halda təcrübə göstərir ki, əlahəzrətə gələn layihələrin çoxunun həyata keçirilməsi mümkün olmur, onlar kral üçün də, dövlət üçün də mənasız və zərərli olurlar.

- Amma mənim layihəm nə həyata keçirilməsi mümkün olmayan, nə də mənasız layihələrdəndir, - deyə Don Kixot etiraz etdi.- Əksinə, heç bir ixtiraçı mənim layihəm qədər asan həyata keçirilən, məqsədəuyğun, ağıllı və yığcam layihə ixtira edə bilməz.

Keşiş dilləndi:

- Onda təklifinizi bölüşün, senyor Don Kixot.

- Mən təklifimi indi şərh etmək istəməzdim, - deyə Don Kixot etiraf etdi, - yoxsa elə sabahdanca cənab müşavirlərin qulağına çatar, təşəkkürü və mükafatı mən almaram, bir başqası alar.

- Söz mənə aiddirsə, bax, bu xaç haqqı, cənab, mən heç kəsə demərəm: nə krala, nə topa, nə də hər hansı canlı bir adama, - dəllək and içdi. - Mən bu andı özünün dublonlarını və itiayaq qatırını oğurlayanı messa ibadəti zamanı krala göstərən bir keşiş barədə romansdan götürmüşəm.

Don Kixot dedi:

- Mən bu əhvalatları bilmirəm, lakin andın doğruluğunu söyləyə bilərəm, çünki senyor dəllək namuslu adamdır. Keşiş söhbətə qarışıb dedi: - Əgər o, siz dediyiniz qədər namuslu olmasaydı da, mən zamin oluram və əmin edirəm ki, bu işdə o, gora qədər lal olacaqdır, əks halda ondan cərimə və dəbbələmə haqqı alınacaqdır.

Don Kixot soruşdu:

- Bəs cənabınızım özünə kim zamin olacaqdır, senyor keşiş?

- Sirri saxlamağa məni vadar edən rütbəm, - keşiş cavab verdi. - İlahi! İspaniyada gəzib-dolaşan bütün səyyah cəngavərlərin təyin edilmiş gündə paytaxta toplanması üçün carçılara əmr etməyin əlahəzrətdən ötəri nə çətinliyi ola bilər? Heç olmasa yarım düjün yığılarsa, onların içində bir nəfər eləsi tapılar ki, o təkcanına sultanın bütün qüvvəsini məhv edər. Cənablar, diqqətlə məni dinləyin və mənim fikrimi izləyin. Məgər bu sizin üçün yenidir ki, iki yüz min adamdan çox olan qoşunun hamısının lap marsipandan qayırılmış bircə boğazı olarsa, tək bir nəfər səyyah cəngavər bu boğazı üzməyə qabildir? Doğrudan da, deyin, bu cür möcüzələrə istənilən romanın səhifələrində rast gəlinmir? Mən hər hansı yad adamın deyil, öz xüsusi başımı verərəm ki, əger don Belyanis, ya da Qalliyalı Amadisin saysız-hesabsız nəslindən hər hansı biri sağ olsaydı, sözün qısası, onlardan hər hansı biri zəmanəmizə qədər yaşasaydı və sultandan qisas almalı olsaydı, namusum haqqı, məsələn, mən sultan libasında olmaq istəməzdim! Bununla belə Allah öz məxluqunu başlı-başına buraxmaz, keçmiş səyyah cəngavərlər qədər qorxunc olmasa da, hər halda ruhi dəyanətinə görə onlardan geri qalmayan bir nəfəri ona köməyə göndərər. İndi Allah məni başa düşür, mən də susuram.

- Ah! - Bacıqızı qışqırdı. - Əgər dayım yenidən səyyah cəngavərlik etmək fikrinə düşməyibsə, məni öldürűn!

Don Kixot isə buna belə dedi:

- Mən səyyah cəngavər olaraq də öləcəm, türk sultanı isə qoy nə vaxt, hansı böyük donanma ilə çıxıb gəlmək istəyirsə gəlsin, - təkrar edirəm, Allah məni başa düşər.

Burada dəllək sözə qarışdı:

- Cənab, iltifat edin, Seviliyada olmuş kiçik bir əhvalatı danışmağa icazə verin; o, indi lap yerinə düşdüyünə görə onu danışmamağa səbrim çatmır. Don Kixot icazə verdi, keşiş və başqaları qulaq asmağa hazırlaşdılar, dəllək də belə başladı:

- Seviliya dəlixanasında bir adam vardı, ağıldan məhrum olduğuna görə onu buraya qohumları qoymuşdular. O, Osunda kanon hüququ sahəsində elmi dərəcə almışdı. Çoxları inanırdılar ki, o əgər həmin dərəcəni hətta Salamankada belə almış olsaydı ona heç bir köməyi dəyməzdi. Bir neçə il cəftələnmiş qapı dalında qalandan sonra dediyimiz bu alimə elo geldi ki, onun huşu və sağlam ağlı üstünə qayıtmışdır. O öz fikrini arxiyepiskopa yazdı və bu məktubda tamamilə sağlam mühakimə yürüdərək allahın mərhəməti sayəsində guya sağaldığına görə düşdüyü acınacaqlı vəziyyətdən çıxmaq üçün ona kömək edilməsini təkidlə xahiş edirdi. Lakin, guya qohumları onun vərəsə payından istifadə etmək məqsədilə onu dəlixanada saxlayırlar və guya haqqın ziddinə gedərək istəyirər ki, o, ömrünün sonuna qədər burada dəli kimi qalsın. Arxiyepiskop onun düşüncəli, ağıllı olduğuna şəhadət verən çoxlu məktubuna inanıb, axırda özünün köməkçisini göndərir ki, gedib keşişin yazdıqlarının doğru olub-olmadığını dəlixana nəzarətçisindən öyrənsin və dəlinin özü ilə danışsın, onun ağıllandığını görsə, oradan azad edilməsinə icazə versin. Arxiyepiskopun kapellanı belə də eləyir. Nəzarətçi ona deyir ki, xəstə əvvəlki kimi yenə də özündə deyil; o tez-tez böyük ağıl sahibi kimi mühakimə yürütsə də, sonra hətərən-pətərən danışmağa başlayır. Ağıllı mühakimələri nə qədərdirsə, hətərən-pətərənləri də o qədərdir. Bütün bunların sınaqdan keçirilib təsdiq olunması üçün onunla söhbət etmək kifayətdir. Kapellan da belə bir sınaq keçirmək istədi və dəli ilə bir otağa qapıhıb bir saatdan artıq onunla danışdı. Bütün bu vaxt ərzində ağlı çaşmış adam ağla batmayan və mənasız heç nə demədi, əksinə, elə ağıllılıq göstərdi ki, Kapellan xəstənin sağaldığına inanmalı oldu. Arada dəli bildirdi ki, qohumlarının verdikləri rüşvətdən məhrum olmaq istəməyən nəzarətçi ona böhtan atır və guya xəstənin hərdənbir kamalı işıqlansa da, hələ ağlının qayıtmadığını camaata inandırmağa çalışır. Xəstənin yeganə bəlası, guya onun var-dövlətidir, çünki düşmənləri hiylə işlədərək bu var-dövlətdən istifadə etmək üçün onu heyvanlıqdan ağıllıca məxluqa çevirən Allahın göstərdiyi mərhəmətə şübhə edirlər. Sözün gödəyi, o, nəzarətçini etibarsız, qohumlarını xudpəsənd və vicdansız, özünü isə on ağıllı adam kimi qələmə verdi; axırda Kapellan onu özü ilə aparmaq istədi ki, arxiyepiskop öz gözləri ilə görüb hər şeyə inansın. Litsentsiatın sözlərinə inanan xeyirxah kapellan nəzarətçidən onun buraya gələndə geymiş olduğu paltarı xahiş etdi; nəzarətçi litsentsiatın hələ də ağlı kəmliyinə heç bir şübhə olmadığını deyib kapellana yaxşı-yaxşı fikirləşməyi bir də məsləhət gördü. Lakin nəzarətçinin bütün xəbərdarlığına və öyüd-nəsihətinə baxmayaraq Kapellan Litsentsiatı özü ilə aparmaq arzusundan dönmədi. Nəzarətçi itaət etməli oldu, аxı göstəriş arxiyepiskopun özündən gəlmişdi. Litsentsiata onun özünün təzə və səliqəli paltarını geyindirdilər. Litsentsiat sağlam adam kimi geyindirildiyini, xəstəlik xələtinin də əynindən çıxarıldığını görəndə xüsusi bir güzəşt kimi özünün dəli yoldaşları ilə vidalaşmağa icazə verməyi Kapellandan xahiş etdi. Kapellan dedi ki, o da dəlilərə baxmağa getmək istəyir. Bir sözlə, onlar və daha bir neçə adam dəlixanaya getdilər. Litsentsiat bu vaxt sakit və rahat olan ən çılğın dəlinin salındığı qəfəsə yaxınlaşıb ona bu sözlərlə üz tutdu: "Dost, deyin görüm sizə bir şey lazımdırmı? Axı mən evə gedirəm, Allah-taala özünün sonsuz mərhəməti və insansevərliyi sayəsində mənim kimi ləyaqətsizin ağlını özünə qaytarmağı lazım bilmişdir. İndi mən yenə də sağlam ağıl və möhkəm yaddaş sahibiyəm, çünki hər şeyə qadir olan Allah üçün mümkün olmayan heç nə yoxdur. Allaha möhkəm ümid bəsləyin və ona tapının. Məni əvvəlki vəziyyətimə qaytaran Allah sizi də qaytarar...

# 131 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər