Futbol hakimi haqqında film təqdim olunub

Futbol hakimi haqqında film təqdim olunub
22 may 2019
# 18:35

Mayın 22-də Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə FİFA hakimi Eldar Əzimzadənin uğurlu idman fəaliyyətinə həsr olunan “Onun məhəbbəti - futbol” adlı sənədli filmin təqdimatı olub. Təqdimat Akademiyanın akt zalında keçirilib.

Kulis.az-ın verdiyi xəbərə görə, tədbirdə İdman Akademiyasının müəllim və tələbə heyəti, Eldar Əzimzadənin doğmaları və idmansevərlər iştirak ediblər. Nümayişdən öncə Bədən tərbiyəsi və İdman Akademiyasının İdman oyun növləri” kafedrasının baş müəllimi, fəxri bədən tərbiyəsi və idman işçisi, AFFA hakimlər komitəsinin üzvü, beynətxalq dərəcəli hakim Anar Salmanov, Eldar Əzimzadənin qızı Mehriban xanım ARB “Aranfilm” yaradıcılıq mərkəzinin bədii rəhbəri kinorejissor Tahir Tahiroviç çıxış edib tamaşaçıları salamlayıblar.

SSRİ dönəmində Azərbaycanın beynəlxalq dərəcəli hakimi olan , bir sıra mötəbər turnirlərə təyinat alan, 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya oyunlarının futbol yarışlarının final görüşünü idarə edən, ədalətli hakimliyi ilə idman ictimaiyyətinin rəğbətini qazanan , üç dəfə SSRİ-nin ən yaxşı futbol hakimi adını qazanan Eldar Əzimzadənin idman fəaliyyətindən bəhs edən film tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Filmdə onunla eyni dövrdə hakimlik etmiş şəxslər də öz xatirələrini bölüşüblər.

ARB Aranfilm yaradıcılıq mərkəzinin hazırladığı “Onun məhəbbəti - futbol” adlı sənədli filmin ssenari müəllifi və rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyev, montajçısı Ümman Budaqov, icraçı prodüseri Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

# 1949 dəfə oxunub

Müəllifin son yazıları

# # #