Kulis.az Əyyub Türkay uşaqlar üçün tapmaca şeirlərini təqdim edir.
Yaşıl topa bənzəyir,
Kim biləcək adını? 
Kəssən içi qırmızı,
Yeyən bilər dadını. 
(qarpız)
***
Yapışıb bir -birinə,
Bir yumruğa bənzəyir. 
Dadı yaman acıdır,
Yeməkləri bəzəyir.
(sarımsaq)
***
Suya qatsalar məni,
Dadı şirin olacaq.
Özüm də toz kimiyəm, 
Baxın, rəngim ağappaq.
(şəkər tozu)
***
Sudadır onun canı,
Ordan çıxsa öləcək. 
Qarmağı suya atsan,
Tez yaxına gələcək.
(balıq)
***   
Meyvələrdir qidası,
Bir kürkü var tikanlı.
Özün onla qoruyur, 
Tapın nədir bu canlı?
(kirpi)
***
Sinəsi qapqaradır,
Ləçəkləri qırmızı. 
Onun adın daşıyır,
Bizim qonşunun qızı.
(lalə)
***
Hərdən boylanıb baxır,
Bir balaca deşikdən.
Gəmirməkdir adəti, 
Qorxusu var pişikdən.
(siçan)
***
Yayda xeyli əlləşir,
Ehtiyat yığır qışa.
Özündən ağır yükü, 
Rahat qaldırır başa.
(qarışqa)
***
Qışda bir yorğan kimi,
Örtər torpaq üstünü.
Ağ pambıqdır elə bil
Qəti sevmir istini.
(qar)
***   
Otuz iki ədədik,
Biz hamımız birlikdə. 
Yığılıb düzülmüşük,
Ağız adlı dəlikdə.
(diş)
***
Biz birlikdə dörd qardaşıq, söyləyim
Biri gələr, şaxta, boran, qar ilə. 
Biri gələr, istisi qızmar ilə,
Biri isə soyuq, külək, xəzanla
Biri gələr, gül-çiçəkli bar ilə.
(fəsillər)
***
O qoç deyil,
Var buynuzu. 
Öləcəkdir,
Töksən duzu.
(ilbiz)