Sən də tufanla oynama... - Günün şeiri

Sən də tufanla oynama...  - Günün şeiri
19 avqust 2025
# 11:15

19 avqust Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür.

Kulis.az bu münasibətlə ədibin həyatı, yaradıcılığı haqqında diqqətçəkən faktları və onun mətn müəllifi olduğu "Tufanla oynama" mahnısını İlqar Xəyalın ifasında təqdim edir.

Mirvarid Dilbazi XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir.

O, 1912-ci il avqustun 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olub.

Dilbazilər soyadı Nadir şahla bağlıdır. Mənası: “ürəkli adam”- deməkdir. XVI yüzilin sonlarında Səfəvi-Osmanlı müharibəsinədək Qazax bölgəsində yaşamış çoxsaylı nəsil şəcərəsi olan tayfadır.

Mirvarid Dilbazi 1994-cü ildə çap olunmuş “Bənövşələr üstə göz yaşları” xatirələr kitabında yazırdı: “XVII, XVIII və XIX yüzilliklərin axırına qədər nəslimiz ziyalı mülkədar nəsli təmsil etmişdir...”

Məşhur Azərbaycan ədəbiyyatşünası Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” kitabında ana tərəfi Dilbazilər olan Kazım ağa Salik, Mustafa ağa Arif (Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biri) haqqında məlumatlar qələmə almışdır ki, oların da nəsil şəcərəsi Dilbozlara gedib çatır.

Mirvarid xanım Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Samuel Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

“Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və digər kitabların müəllifi olan şairə uşaqları çox sevirdi, onlar üçün “Nağıllar”, ”Şeirlər”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Bahar nəğmələri”, “Lalənin ağacları”, “Abşeron bağlarında” adlı kitablar yazmışdı.

Mirvarid Dilbazi Azərbaycanın ictimai-siyasi həyatında XX əsrin sonlarındakı tarixi hadisələri dərindən yaşayaraq səciyyəvi lirik lövhələri yaradıb. Bu dövrdə şairin lirik “mən”i müdrik, qayğılı el anasıdır. Vətənin, xalqın taleyi ən ağrılı enişləri ilə onun varlığından keçərək şeirə çevrilir.

Yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi “Ağla, kamanım, ağla”, “Qoymayın ağlayım məni”, 20 Yanvar faciəsi ilə bağlı yazdığı “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” və digər şeirləri bu mövzuda yazılmış çox gözəl poeziya nümunələridir.

Kədərini, sevincini kövrək misralara çevirən şair ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı.

O, ürəyində Qarabağ dərdi ilə 2001-ci il iyulun 12-də vəfatb edib.

Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi,1979-cu ildə Azərbaycanda ilk qadın şair olaraq Xalq Şairi fəxri adına layiq görülüb, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və medallarla təltif edilib.

Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

Tufanla oynama

Dəniz küləklə oynadı,
Vəhşi fələklə oynadı.
Yaşıl çəməndə dalğalar
Bu dib çiçəklə oynadı.

Dəniz, o mavi gözlü qız
Çaşdı tufanla oynadı.
Ürəklə, canla oynadı,
Coşdu içindən qaynadı.

Sən də tufanla oynama,
Dəniz kimi coşma gülüm, ay gülüm.
Coşub içindən qaynama,
Çox deyil bizim ömrün illəri...

Baş götürdü bircə gün;
Bir gün oldu bu toy-düyün.
Biz oturaq, sən səadət,
Dəniz yoruldu büsbütün.

Uçdu ləpəsi aşiqin,
Getdi dəniz küləkləri.
Susdu o mavi gözlü qız,
Susdu o nəğmə səsləri.
Sən də tufanla oynama,
Dəniz kimi coşma gülüm, ay gülüm.
Coşub içindən qaynama,
Çox deyil bizim ömrün illəri...

# 209 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər