Sabah Kilimancaro yürüşümün ilk günüdür... - Vəfa Qəhrəman

Sabah Kilimancaro yürüşümün ilk günüdür... - Vəfa Qəhrəman
4 fevral 2026
# 12:10

Kulis.az tanınmış alpinist, təlimçi və kouç Vəfa Qəhrəmanın yeni yazısını təqdim edir.

Mən indiyə qədər heç vaxt borc alıb iş görən insanları başa düşməmişdim. Həmişə düşünürdüm ki, əlimdə pulum varsa alaram, geyinərəm, yeyərəm.

Yoxdursa, ac qalmağa, əynimdə olanla kifayətlənməyə hazıram. İllər boyu bu prinsiplə yaşamışam və heç kimdən heç nə istəməmişəm.

Everest sözümü pozdu. Lhotse isə lap nida qoydu!

Həyatın öz qanunları var. Sənin “mən heç vaxt etmərəm” dediklərini bir gün qarşına çıxarır. Demək ki, mən də insanam. Demək ki, mən də həyatın bütün dərslərini yaşamalıyam.

Everest mənə bu həqiqəti sözün əsl mənasında izah etdi.

Həyatımda heç vaxt cüzdanım və ya pul kartım sıfır olmamışdı. Çünki çalışmışam, zəhmət çəkmişəm və Allah da ruzimi verib.

Amma indi getdiyim yol tamam başqa miqyas tələb edir. Bir şəhərdən çıxmaq, bir ölkədən digərinə getmək, bir qitədən başqa qitəyə keçmək, bir dağın zirvəsindən digərinə qalxmaq bunların hamısı çox böyük maddi resurs tələb edir.

Bu rəqəmləri deyəndə bəziləri təəccüblə baxır və soruşur: “Bu sənin nəyinə lazımdır? Bu pulla gözəl yaşaya, səyahət edə, rahat həyat qura bilərsən”.

Bəziləri isə deyir: “Bu pulla kasıblara kömək etmək olar, yetimləri sevindirmək olar".

Onların hamısı haqlıdır.

Amma mən bu yolda anladım ki, hər kəsin dünyaya təsir üsulu fərqlidir. Bəziləri bir insanın qarnını doyurur, bəziləri isə insanların düşüncəsinə, həyat fəlsəfəsinə toxunur.

Everestdən sonra aldığım saysız mesajlar və görüşlər bunun sübutudur. Elə hekayələr var ki, özüm oxuyanda belə tüklərim biz-biz olur.

Everestdən qayıdanda nəfəs almaqda çətinlik çəkdiyim bir vaxt bir xanım mənə dedi: “Təhsilimi yarımçıq qoymaq üzrə idim. Amma sizin yanıq üzünüzü görəndə başa düşdüm ki, məqsədimdən vaz keçməyəcəyəm".

Başqa bir görüşdə bir xanım yaxınlaşıb dedi: “Siz təkcə mənə yox, mənim ümidini itirmiş anama da təsir etdiniz. Sizi dinləyəndən sonra anam dedi ki, bundan sonra mən də həyatımda öz Everestimi tapacağam”.

İçərişəhərdə isə bir ata məni saxlayıb dedi: “Olarmı sizinlə şəkil çəkdirək? Mən qızlarıma sizi nümunə göstərirəm”.

Belə hekayələrin sayı yüzlərlədir. Mən bunları şəxsi uğur kimi yox, bu yolun mənə verdiyi bir əmanət kimi qəbul edirəm. Buna görə anlayıram ki, yoluma davam etməliyəm.

Bu gün Kilimancaro ətəyindəyəm. İkinci gündür ki, burada oturub bu möhtəşəm dağa baxıram. Onunla sanki söhbət edirəm. Yolumun açıq olmasını arzulayıram.

Düşünürəm ki, Kilimancaro yalnız mənə deyil, Azərbaycana, Azərbaycan təhsilinə və insanlara nə verəcək?

Bəlkə indi sual edirsiniz ki, sıfır büdcə ilə bura necə gəldim?

Everestdən sonra özümə söz vermişdim ki, artıq heç bir dağa tək getməyəcəyəm. Mənsub olduğum yerin gücünü hiss etmək istəyirəm. Bu yolda mənə dəstək olan insanlar çıxdı.

Kimisi texniki dəstək verdi, kimisi mən ölkədə olmayanda işlərimi idarə etdi, kimisi isə ekspedisiyanın bir hissəsini maliyyələşdirdi.

Amma dağlar bahalıdır və bu dəstək bəzən kifayət etmir.

Heç vaxt etmərəm dediyim bir addımı indi atıram. Çünki həyat qısadır və bəzən məqsəd yolunda prinsipləri yenidən dəyərləndirmək lazımdır.

Mənim hədəfim göz qabağındadır.

Dağ komfort deyil.

Dağ lüks deyil.

Dağ asan yol deyil.

Dağa kef üçün getmirlər.

Dağ əziyyətli yoldur.

Və məhz bu yollar insanın qarşısında həyatın görünməyən qapılarını və pəncərələrini açır.

Sabah Kilimancaro yürüşümün ilk günüdür. İmkan olduqca sizinlə əlaqə saxlayacağam.

Mənə yaxşı yol arzulayın. Dağçı dağda gərək.

# 118 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər