Rusiyanın ən uzunömürlü rusdilli musiqi forumlarından biri olan "Hip-Hop.Ru" ölkə ərazisində bloklanıb.
Kulis.az xəbər verir ki, bu barədə saytın administratorları məlumat yayıblar.
Platformanın yaradıcıları həmçinin domeni tamamilə itirmək riski ilə üz-üzə qaldıqlarını bildiriblər.
"Baza" teleqram kanalının dəqiqləşdirdiyi məlumata görə, forum öz fəaliyyəti tarixində dəfələrlə bloklanmalara məruz qalıb, lakin hər dəfə platformanın fəaliyyətini yenidən bərpa etmək mümkün olub.
"Hip-Hop.Ru" 2000-ci illərin əvvəllərindən bəri fəaliyyət göstərən, hip-hop mədəniyyəti haqqında ən məşhur rusdilli forumdur.
Qeyd edək ki, Oxxxymiron, Noize MC və digər bir çox tanınmış ifaçı məhz bu platformada ilk populyarlıqlarını qazanıblar.
Xatırladaq ki, aprel ayının sonlarında 2000-ci illərin ortalarında çox populyar olan "Udaff.com" layihəsinin də bağlanması barədə məlumat yayılmışdı. Sözügedən saytda senzurasız hekayələr dərc olunurdu və istifadəçilərin onları şərh etmək imkanı var idi. Layihə iştirakçılarının yaratdığı və internet mədəniyyətinin ayrılmaz hissəsinə çevrilən "Preved, medved!", "Afftar jjot" kimi slenqlər uzun müddət gənclərin gündəlik nitqində fəal şəkildə istifadə olunurdu.
Bundan bir qədər sonra isə Moskvanın Çertanovski rayon məhkəməsi Rusiyanın ən qədim əyləncə portallarından biri olan "YaPlakal"ın qadağan edilməsi barədə qərar çıxarmışdı. Lakin qısa müddət sonra həmin qərar ləğv edildi.