Məsumə Babayeva: “Dərmanlarımı aptekdən nisyə alıram”

Məsumə Babayeva:  “Dərmanlarımı aptekdən nisyə alıram”
4 avqust 2023
# 18:09

“Aylar əvvəl infarkt keçirdim. Ürəyimdən əməliyyat olunmalı idim. Amma biləndə ki, sinəmi yaracaqlar, razılıq vermədim. Həkimlə qərara gəldik ki, müalicələrlə ürəyimi sağaldım. Müayinə zamanı isə ürəyimdən keçən iki damarın tutulduğunu və cəmi bir damarın işlədiyini bildim. Uzun zamandır şəkər xəstəliyindən əziyyət çəkirəm. Ürəyimin iki damarı tamamilə tutulub”.

Kulis.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva deyib.

Səhhətindən söz açan 71 yaşlı sənətkar aprel ayında ayağından ağır əməliyyat keçirdiyini açıqlayıb:

“Ayaqlarımda problem var idi. Gəzə bilmirdim. Çox ağrılarım olurdu. Əməliyyata qərar verdim. Aprelin 8-də ayağımdan əməliyyat olundum. Ayağımda stendlər dəyişdirildi. Düzdür, müəyyən qədər indi hərəkət edə bilsəm də, amma yenə də ağrılarım olur”.

Müalicələrin effektivliyini artırmaq üçün çoxlu dərmanlar qəbul etdiyini söyləyən aktrisa maddi vəziyyətinin aşağı olmasına görə preparatları aptekdən nisyə aldığını bildirib:

“Xəstəliyim nə birdir, nə də iki. İstər səhhətim, istərsə də maddi vəziyyətim yaxşı deyil. Müalicələrimə və dərmanlarıma pul çatdıra bilmirəm. Hətta dərmanlarımı apteklərdən nisyə alıram. Pensiya aldıqdan sonra ödəniş edirəm”.

M.Babayeva əməliyyat və müalicələrini yalnız öz hesabına etdiyini vurğulayıb:

“Mədəniyyət Nazirliyi mənə diqqət ayırır. Sağ olsunlar. Bu yaxınlarda pensiyam 420 manata qalxıb. Düzdür, bu pul çox azdır. Belə ki, indi hər bir şeyin qiyməti qalxıb. Eləcə də dərmanların. Məni də ayaqda saxlayan müalicələr və dərmanlardır. Əməliyyatlarıma gəlincə, hamısının pulunu hissə-hissə özüm ödəmişəm. Amma istər əməliyyat, istərsə də müalicələrdə klinikalar ödənişi yarıya endiriblər. Mənə beləcə yardım ediblər. Sizin vasitənizlə isə onlara bu xeyirxah addımlarına görə dərin təşəkkürümü bildirirəm”.

Havaların isti keçməsi aktrisanın səhhətinə mənfi təsir edib. Onun sözlərinə görə, bu günlərdə vəziyyəti ağırlaşdığı üçün ard-arda təcili yardıma müraciət edib:

“Ayağımdan əməliyyat olunanda "Hozu” filmindən təklif gəldi. Amma əfsuslar olsun ki, səhhətim imkan vermədi. Evdən yalnız həkimə gedəndə çıxıram. Zamanımın əksər hissəsini evdə keçirirəm. Havalar çox isti keçdiyi üçün ürəyim az qala dayansın, səhhətim daha da ağırlaşır. Elə bu günlərdə üstümə neçə dəfə təcili yardım gəlib. Yaxınların, yaxşı insanların sayəsində yaşamağa davam edirəm”.

Bizim.media

# 1031 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #