Loqopedin zirzəmidə nə işi var?! - Cavid Musa yazır...

Loqopedin zirzəmidə nə işi var?!  - Cavid Musa yazır...
12 aprel 2023
# 11:00

Kulis.az Cavid Musanın "Loqopedlər ölkəsi" adlı yazısını təqdim edir.


Elə bir dövrə gəlmişik ki, uşaqların çoxunda inkişaf pozuntuları müşahidə edilir. Ailələrin, valideynlərin dilində əzbər olmuş məşhur bir ifadə var; loqoped və psixoloq.


Nə olsun ki, bu mütəxəssisləri hələ də qəbul etməyənlər var, çətində düşəndə yenə də onların yanına gəlirlər. Yaxşı psixoloq, loqoped axtarır, bütün dost-tanışdan, qohum-əqrəbaya hay salırlar. Güvəniləcək və problemi həll edə biləcək bir mütəxəssisi axtarmaq başa düşüləndir. Sadəcə bunu aylar və illər boyunca etməli deyilsən. İşə bir bax, uşaq 5 yaşına çatıb, hələ danışmır, valideyn də yaxşı loqoped axtarır. Axtar, tapacaqsan. Keçim əsas mövzuya.

Defektologiya və defektoloq.
Bu ifadələr artıq dünyanın heç bir ölkəsində yoxdur. Bu termin SSRİ-də istifadə olunub. Sovetlər də dağılıb, bu termin də itib-batıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində bu ixtisasın adı dəyişdirilib "Korreksiya edici təlim" olmuşdur.
Amma və lakin bəzi mütəxəssislər bu ifadəni hələ də adlarının qabağında yaşadır - defektoloq Gülbacı Kələntərli.
Bu ifadə heç vaxt beynəlxalq bir termin olmayıb. Zəhmət olmasa, çürük rus təfəkküründən xilas olun!

Amerika, Kanada, İngiltərə, Hollandiya, Belçika, hətta Türkiyə daxil bir çox inkişaf etmiş ölkədə “Loqopediya” ixtisası "A" kateqoriyasında özünə yer tutur. Ən yüksək tələb olunan ixtisaslar arasındadır və ən yüksək maaşlı işlərdən biri hesab olunur. Ölkəmizdə isə hansı binanın zirzəmisinə girirsən, psixologiya mərkəzi, tədris inkişaf kursları, özəl bağçalar… Reklam lövhələrində də yazılıb ki, psixoloq və loqoped xidmətləri var. Bir sözlə, loqopedi zirzəmiyə soxublar. Doğrudur, bu, onların günahı deyil, orda elə dəyərli loqopedlər var ki, uşaqların nitq inkişafı üzərində ciddi işlər aparırlar. Uğur həmişə məhdud çərçivələr altında başlayır axı.
Amma sual verən yoxdur ki, niyə Azərbaycanda loqoped zirzəmidə olmalıdır?
İngiltərədə zirzəmidə loqoped tapa bilərsən?!


Heç Allahın Bolqarıstanının, Bosniyasının, Kosovasının zirzəmisində loqoped yoxdur.


Axı loqopedin zirzəmidə nə işi var?!


Ölkə loqopediya mərkəzləri ilə doludur, daş atırsan loqopedə dəyir, amma qəribədir, həm də ayıbdır ki, Azərbaycan universitetlərində “Loqopediya” fakültəsi yoxdur. Bu boyda ziddiyyət necə yaranır, anlaya bilmirəm. Təkrar edirəm, daş atırsan loqopedə dəyir, ölkədə isə heç bir universitetdə loqopediya ixtisası yoxdur.


Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universitetində "Korreksiya edici təlim" fakültəsi var, yalnız orada loqopediyaya aid dərslər tədris edilir. Hansı ki loqopediya ayrıca bir elm sahəsidir.
Psixologiya mərkəzlərinin reklam lövhələrində “Loqoped və masaj xidmətləri” yazılır.

Bu nə deməkdir?


Niyə masaj mövzusu xüsusilə reklam edilir?


Məqsəd nədir burda?


Mənim anladığım budur, valideyn elə düşünür ki, uşağı masaj edəndə möcüzə baş verəcək, bulbul kimi cəh-cəh vuracaq, edilməsə heç vaxt danışa bilməyəcək.


Əslində bu fikri elə loqopedlərin özləri yaradıb. Ya reklam, biznes xarakteri daşıyır ya da savadsızlığın əlamətidir.


Masaj nədir?


Masaj əzələ gərginliyini aradan qaldırmaq üçün edilir.


Dil, üz, dodaq əzələ gərginliyi beyindən gələn nitqin qarşısını nə dərəcədə ala bilər?! Maksimum səs - tələffüz uyğunsuzluğu yaradar.
Danışdıqca hərəki fəaliyyəti çoxalır, danışıq praktikası əsnasında dilin gərginliyi zamanla azalır və masaja ehtiyac olmur. Uşağı masaj etməkdən çox danışdırmaq lazımdır.


Eşitməyən və başa düşməyən uşağı da masaj ediblər Bakıda. Nə ad verəsən buna?!


Səs - tələffüz uyğunsuzluğu fonematik qavrama (yəni səslərin qavranılması) zəif olduğu üçün baş verir. Bu da eşitmə diqqəti ilə əlaqədardır.

Bəs hansı hallarda masaj edilə bilər? Çeynəmə, udma, ağız suyu axması kimi hallarda oral - mator məşqləri edilə bilər. Uşağın masaj olunması onun danışması ilə nəticələnə bilməz.

Masaj reklam edildiyi qədər əhəmiyyətli deyil. Bir daha təkrar edirəm: əziz valideynlər, masaj reklam edildiyi qədər əhəmiyyətli deyil!

Loqoped olmaq üçün nə lazımdı?

Loqopediya əslində yaradıcı bir sahədir. Səndən xüsusi bir yaradıcılıq tələb edir,
danışmayan birini danışdırmalısan. Səndən estetik ünsiyyət qurmaq bacarığı tələb edir.
Nitq social - ictimai bir prosesdir. Nitq danışıq paraktikası əsnasında inkişaf edir. Dinləyərək bünövrəsi qoyulur, danışaraq böyüyür.

Uşaqlarla necə danışmaq lazımdır, uşağa danışığı öyrətmək üçün hardan başlamaq lazımdır, bütün bu xüsusiyyətlər yaradıcılıq işləridir. Uşağın fərdi qaydada özünəinamı, maraq dairəsi və spesifik xüsusiyyətləri nəzərə alınmalıdır.

Loqopediya estetik bir sənətdir. Sözlə əsər yaradırsan. Türkiyədə bir müəllimim var idi = Əminə müəllimə. İndi Amerikada universitetdə dərs deyir. İlk dərs günü idi. Məndən soruşdu ki, loqoped olmaq istəyirsən? “Bəli”, - dedim. Pəncərədən çölə baxdı. Dayanacaqda sarısaç, hündürboy bir qız dayanmışdı. Mənə dedi ki, o qızla tanış ola bilərsən? “Xeyr, müəllim, bacarmaram”, - dedim. Hər yoldan keçənlə necə tanış ola bilərəm?!Müəllimim dedi ki, əgər gənc bir qızla ünsiyyət qurmağa çətinlik çəkirsənsə, sabah danışmayan bir nadinc uşaq ilə necə ünsiyyət quracaqsan?!

Əlbət hər uşağın anlayacağı, danışacağı bir dil var. Loqopedin işi o dili tapmaqdır.
Mütləq loqoped dediyin yerli bir adam olmalıdır. Başqa bir millətin nümayəndəsi sənin ölkəndə səndən yaxşı loqoped ola bilməz.
Ölkədə Loqopediya, loqopedlərin, valideynlərin üzərində olan çürük rus təfəkkürünün təsiri haqqında nəsə yazmaq istəmirəm, özümə məsləhət görmürəm. Yazmalı olsam Viqotski'dən tutmuş Gülbacı Kələntərliyə kimi hamınızı biçəcəyəm.

# 2164 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #