Kaskadyora ehtiyac duymayan aktyor - Bad Spenser adı necə məşhurlaşdı?

Kaskadyora ehtiyac duymayan aktyor  - Bad Spenser adı necə məşhurlaşdı?
31 oktyabr 2025
# 18:00

31 oktyabr italyan aktyor, ssenarist Bad Spenserin doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Bad Spenser (əsl adı Karlo Pedersoli) 1929-cu ildə Neapol şəhərində dünyaya gəlib.

O, daha çox Terensi Hill ilə birgə rol aldıqları filmləri ilə tanınıb.

Kino həyatı boyunca təxminən 40 filmdə rol alan Bud Spenserin ölümündən sonra İtaliyanın Baş naziri Matteo Renzi X hesabında belə yazmışdı:

“Əlvida, Bud Spenser. Səni çox sevdik”.

Bad Spenser gənclik illərindən həm intellekti, həm də fiziki gücü ilə seçilən biri olub.

Universitetdə hüquq ixtisası üzrə təhsil alarkən eyni zamanda peşəkar idmanla – üzgüçülüklə məşğul olub. 1950-ci illərdə İtaliyanın ən güclü üzgüçülərindən biri sayılan Pedersoli, 100 metr məsafəni bir dəqiqədən az müddətdə qət edən ilk italyan olub.

O, həm 1952-ci ildə Helsinkidə, həm də 1956-cı ildə Melburnda keçirilən Olimpiyada İtaliyanı sərbəst üslubda üzgüçülük yarışlarında təmsil edib. Bundan əlavə, su polosu üzrə də bir neçə dəfə İtaliya çempionu olub.

İdman karyerasını bitirdikdən sonra Pedersoli həyatını dəyişmək qərarına gəlib. O, əvvəlcə musiqi, daha sonra isə kino sahəsinə maraq göstərməyə başlayıb.

1950-ci illərin əvvəllərində bir neçə italyan filmində kiçik rollarda görünən Pedersoli 1967-ci ildə səhnə adını dəyişərək Bad Spenser adını götürüb.

O bu adı iki mənbədən: Sevdiyi amerikalı aktyor Spenser Treysi və o dövrdə məşhur olan "Budweiser" pivə markasından ilhamlanaraq götürüb. Bud Spenser bu yeni kimliklə beynəlxalq tanınmaya doğru ilk addımlarını atıb. Oteldə qalarkən bu adı cəmi 5 dəqiqəyə seçib. Buna səbəb rejissorlar ondan amerikan adına uyğun bir ad seçməyi tələb ediblər.

1994-cü ildə Bad Spenser Silvio Berluskoninin qurduğu “Forza Italia” partiyasından Neapol bələdiyyə seçkilərində namizəd olub, amma seçilməyib. Buna baxmayaraq, böyük ictimai hörmətə sahib olub.

Onun kinematoqrafiyada əsl yüksəlişi 1970-ci illərdə aktyor Terensi Hill ilə birgə çəkildiyi filmlərlə başlayıb. Bu ikili "Mənim adım Trinitidir" (“They Call Me Trinity”), "Mənim adım hələ də Trinitidir" (“Trinity Is Still My Name”), "Cinayət ovçuları" ("Crime Busters”), "Təklər və cütlər" (“Odds and Evens”) kimi komediya və “spaghetti western” janrında filmlərlə bütün Avropada və Latın Amerikasında fenomenə çevrilib.

O, Tanrıya inanan, lakin dinlə bağlı öz baxışı olan bir insan olub. Spenser müsahibələrində deyib:

“Mənimlə Tanrının münasibəti səmimidir. Mən onu başa düşməyə çalışıram, O isə mənə dözür”.

Onların filmləri döyüş, dostluq və yumor qarışığını əks etdirib, Bad Spenserin güclü, lakin mehriban və ədalətli obrazını ön plana çıxarıb. Bu obrazlar o qədər sevilib ki, bir çox ölkədə Bud və Terensinin filmləri ailəvi əyləncə kimi qəbul edilib.

Bad Spenser filmlərində çox vaxt döyüş səhnələrini özü icra edib. Nəhəng bədən quruluşuna və idman təcrübəsinə görə o, kaskadyor xidmətinə ehtiyac duymayıb. Bu səbəbdən də, onun döyüş səhnələri həmişə daha təbii və inandırıcı görünüb.

O, bəzi filmlərdə səslənən mahnıları öz bəstələyib və ifa edib. 2000-ci illərdə hətta bir musiqi albomu da buraxıb - “Heç vecimə deyil” ("Futtetenne").

O, həm də çoxdilli olub — italyanca ilə yanaşı ingilis, ispan və alman dillərində filmlərdə çəkilib. Bu da onun Avropada geniş populyarlıq qazanmasına kömək edib.

Onun ləqəbi "Nəhəng alicənab" (“Gentle giant”) olub. Ekranda sərt və kobud görünməsinə baxmayaraq, çəkiliş meydanında çox səbirli, nəzakətli və zarafatcıl biri kimi tanınıb.

Filmlərdəki kobud, içki sevən qəhrəman obrazlarına baxmayaraq, real həyatda Bad Spenser çox nizam-intizamlı olub – siqaret və alkoqol qəbul etməyib, sağlam həyat tərzini qoruyub.

Spenser yalnız aktyor olmayıb. O, bir sıra biznes layihələrinə də imza atıb - “Bud Jeans” geyim markasını yaradıb, qastronomiya və aviasiya sahələrinə sərmayə qoyub. O, həm təyyarə, həm də helikopter pilotu olub və bu sahədə lisenziya alıb. Maraqlıdır ki, onun bir neçə texniki ixtirasına görə patentləri də olub

1990-cı illərdən sonra Bud Spenser kino fəaliyyətini azaltsa da, müxtəlif televiziya layihələrində və sənədli filmlərdə görünməyə davam edib.

2000-ci illərdə isə artıq daha çox ailəsi ilə vaxt keçirib səyahət edib, xatirələrini yazıb. O, “Yoxsa hirslənəcəyəm” (“Altrimenti mi arrabbio”) və "Mən və Tanrı" (“Io e Dio”) adlı avtobioqrafik kitablarında həm idman, həm də kino həyatını səmimi şəkildə təsvir edib.

Spenser 27 iyun 2016-cı ildə Romada vəfat edib.

O, 86 yaşında dünyadan köçüb və ailəsinin dediyinə görə, “ağrısız və sakit şəkildə” dünyadan köçüb.

Onun itkisi İtaliyada və bütün Avropada böyük kədər doğurub.

Bad Spenserin xatirəsinə müxtəlif şəhərlərdə abidələr qoyulub. Xüsusilə, Budapeştdə açılan bürünc heykəl onun Avropadakı sevilməsini simvolizə edir.

Onun filmləri bu gün də televiziya kanallarında yayımlanır, yumorla dolu, sadə, dürüst qəhrəman obrazı isə nostalji duyğular oyadır. Spenser, həm idmanda, həm sənətdə, həm də həyatda enerjisi və təvazökarlığı ilə yadda qalıb - o, təkcə bir aktyor deyil, eyni zamanda bir dövrün simvoluna çevrilib.

# 149 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər