İstanbulun mərkəzi Sarıyer rayonunda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefinin açılışı olub.
Kulis.az xəbər verir ki, abidənin açılış mərasimində Azərbaycanın İstanbuldakı baş konsulluğun, Türkiyədə fəaliyyət göstərən dövlət qurumları və bələdiyyənin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə İstanbuldakı baş konsulumuz Nərminə Mustafayeva çıxış edib: “Açılışını etdiyimiz bu abidə bir əsər olmaqla yanaşı, iki xalqın ortaq hafizə və könül birliyinin təzahürüdür. Bəxtiyar Vahabzadə sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının qələmi idi. Türk dünyasının mənəvi birliyini bu qədər açıq şəkildə dilə gətirən ikinci şair tapmaq çətindir. O, milli mübarizəmizdə qələmini qılınc kimi istifadə edərək milli dəyərlərimizin yenidən oyanması, qardaş millətlərin hər zaman bir-birinə dəstək olmasının əhəmiyyətinə inanan dahi şəxsiyyət idi. Azərbaycan Prezidentinin Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı onun fikirlərinə olan böyük hörmətin göstəricisidir”.
Çıxışında layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını ifadə edən Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev bu əsərin böyük tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Barelyefin müəllifi, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev çıxışında belə bir əsəri ərsəyə gətirdiyi üçün fəxarət hissi keçirdiyini deyib.
Sarıyer bələdiyyəsinin sədri Mustafa Oktay Aksu isə barelyefin açılışının məhz onun rəhbərliyi dövrünə düşməsindən fəxr etdiyini bildirərək Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizidir” kəlamlarını misal çəkib.
Sonra barelyefin açılışı olub.