"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Azərbaycan mədəni irsini təbliğ edən iki əlamətdar tədbir – "Kölgəsiz dünya" sənədli filminin təqdimatı və Azərbaycan Miniatür Sənəti Muzeyinin təntənəli açılış mərasimi olub.
Kulis.az xəbər verir ki, bu barədə qoruq məlumat yayıb.
Bildirilib ki, təqdimatda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və bir sıra mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ISESCO-nun Regional Ofisində filmin nümayişi olub.
Filmin müəllifləri – rəssam Cəmilə Qaşımova və Afaq İmanzadə tamaşaçılara əsərin ideya istiqamətindən söz açıb.
Daha sonra qonaqlar XIV əsrin yadigarı olan Molla Əhməd məscidində təşkil edilən Azərbaycan Miniatür Sənət Muzeyinin açılışında iştirak ediblər.