"Həyatın harasından dönsən, xeyirdir..." - Ömrünə intiharla son qoyan yazıçılar

"Həyatın harasından dönsən, xeyirdir..."  - Ömrünə intiharla son qoyan yazıçılar
1 noyabr 2025
# 12:00

Araşdırmalara görə, ədəbiyyatçılar da intihar riski ən yüksək olan peşə sahiblərindəndir. Bəzən yaşadıqları dərin ruhi ağrılara dözə bilməyən yazıçı və şairlər öz həyatlarına son qoymağı seçirlər.

Kulis.az intihar edən 10 yazıçını təqdim edir.

Cek London

Tarixin ilk “milyoner” yazıçısı sayılan Cek London bipolyar pozuntudan əziyyət çəkib və bu vəziyyət onun intihar cəhdinə səbəb olub.

Sakit okeanda yelkənli qayıqla etdiyi səyahət zamanı tropik bir xəstəliyə tutulub.

Bu xəstəliyi öz üsulu ilə müalicə etmək istəyən London tərkibində tiryək, heroin, civə və digər kimyəvi maddələr olan bir qarışığı müəyyən müddət özü-özünə vurmağa davam edib.

Bu isə onun böyrəklərinin sıradan çıxmasına səbəb olub.

Dəqiq bilinməsə də, əvvəlki intihar cəhdi və əsərlərindəki intihar mövzusu nəzərə alınaraq, şübhəli ölümünün intihar olduğu güman edilir.

Stefan Sveyq

Avropanın düşdüyü vəziyyətdən duyduğu dərin kədər və həyatındakı məyusluqlar səbəbindən o, 1942-ci il fevralın 22-də Rio-de-Janeyroda həyat yoldaşı Lotte ilə birlikdə intihar edib.

Hitlerin qurduğu dünya nizamının qalıcı olacağı düşüncəsi və öz dünyasının bir daha var olmayacağı inancı onun bu ümidsizliyinə səbəb olub.

Sergey Yesenin

Alkoqol asılılığı və qadınlarla olan gərgin münasibətləri səbəbindən bir müddət psixiatrik müalicə alan şair ruhi xəstəxanada qalıb.

Milad bayramı üçün xəstəxanadan müvəqqəti çıxarıldığı zaman Moskvadakı “İngiltərə” otelinin otağında özünü asaraq intihar edib.

Cəsədinin yanında isə intiharından bir gün əvvəl biləklərini kəsib öz qanı ilə dostu, şair Mayakovskiyə yazdığı vida şeiri tapılıb.

Vladimir Mayakovski

Mayakovski də dostu Yesenin kimi intiharı seçənlərdəndir. “Futurizm” cərəyanının banilərindən olan şair insanların inqilab ideallarına qarşı inamsızlığı və yaşadığı ümidsiz eşq səbəbindən Moskvada intihar edib.

Ölümündən sonra pencəyinin cibindən çıxan son məktubda bunları yazmışdı: "Hamınıza! ... Baxın, ölürəm. Buna görə heç kimi günahlandırmayın. Unutmayın ki, mərhum dedi-qodudan nifrət edərdi. Anam, qardaşlarım, yoldaşlarım! Bağışlayın məni. İş deyil bu, bilirəm (heç kimə də məsləhət görmürəm), amma mənim üçün başqa bir yol qalmamışdı".

Ernest Heminquey

Amerikalı yazıçı Ernest Heminquey son dərəcə qeyri-adi bir ömür sürüb. O, həyatı boyu depressiya, paranoya və alkoqol asılılığından qurtula bilməyib.

Həyatına son qoyma tərzi də onun bu qeyri-adi həyat tərzinə uyğun olub: O, ov tüfəngi ilə intihar edib...

Yukio Mişima

Ənənəvi yapon mədəniyyəti və dəyərlərini müdafiə etməsi ilə tanınan yapon yazıçısı Yukio Mişima yaratdığı millətçi təşkilat - "Tatenokai" üzvləri ilə birlikdə Yaponiyanın Silahlı Qüvvələrinin Tokiodakı düşərgəsini ziyarət edib.

Onlar burada komandanı girov götürərək yapon imperatorluğunun haqlarının bərpasını tələb edən manifestlərini oxuyublar.

Mişima daha sonra seppuku (ənənəvi yapon intihar forması) edərək intihar edib.

“Tatenokai” üzvlərindən Hiroyasu Koqanın isə mərasimin tamamlanması üçün Mişimanın başını qılıncla kəsdiyi bildirilir.

Silviya Plat

Amerikalı şair və yazıçı Silviya Plat qısa ömrü boyunca ruhi sarsıntılarla mübarizə aparıb.

Onun davranışları ətrafındakı insanlar tərəfindən bəzən məntiqsiz və laqeyd kimi qiymətləndirilib. Həyatı boyu antidepressantlardan istifadə etməli olub.

Plat ömrü boyu ağır dərəcəli bipolyar pozuntu ilə yaşayıb. 1950-ci ildə təqaüdlə daxil olduğu Smit Kollecinin ikinci ilində ilk dəfə intihara cəhd edib və bu hadisədən sonra ruhi xəstəxanaya yerləşdirilib.

1955-ci ildə isə həmin kolleci yüksək nəticə ilə bitirib.

1963-cü ildə ikinci mərtəbədəki otaqda yatan uşaqlarının yanına süd və peçenye qoyduqdan sonra, qazın onların otağına keçməməsi üçün qapıları möhkəm bağlayıb və başını sobanın içinə salaraq intihar edib.

Nilgün Marmara

“Həyatın harasından dönsən, xeyirdir...” - yazan Nilgün Marmara Türkiyə şeirinin gənc və istedadlı qadın şairlərindən biri idi.

Təhsilini Boğaziçi Universitetinin ingilis dili və ədəbiyyatı fakültəsində tamamlayıb.

O, Silviya Plat haqqında tədqiqat işi yazıb və 13 oktyabr 1987-ci ildə, 29 yaşında öz həyatına son verib.

Romen Qari

Yazıçılığı ilə yanaşı hüquqşünaslıq, diplomatiya və döyüş pilotluğu da etmiş Romen Qari Fransanın nüfuzlu Qonkur Ədəbiyyat Mükafatını həm öz adı, həm də təxəllüsü ilə iki dəfə qazanmış yeganə yazıçıdır.

1980-ci ildə intihar edəndə, dəqiq bilinməsə də, bunun 1979-cu ildə keçmiş həyat yoldaşının şübhəli ölümündən sonra yaşadığı psixi vəziyyətin təsiri olduğu düşünülür.

Devid Foster Volles

ABŞ ədəbiyyatının son dövrünün ən istedadlı adlarından biri sayılan Devid Foster Volles, demək olar ki, 20 il boyunca depressiya ilə mübarizə aparıb.

2008-ci ilin sentyabr ayında intihar edərək həyatına son qoyub.

Bu faciəli hadisədən qısa bir müddət əvvəl Volles və terapisti dərman reseptini dəyişdirməyə qərar vermişdilər...

# 158 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər