"Həmişə dilimin bəlasına düşürəm..." - Saramaqonu niyə tarixi həqiqətləri lağa qoymaqda ittiham edirdilər?

"Həmişə dilimin bəlasına düşürəm..."  - Saramaqonu niyə  tarixi həqiqətləri lağa qoymaqda ittiham edirdilər?
18 iyun 2026
# 15:00

Bu gün görkəmli Portuqaliya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Joze Saramaqonun anım günüdür.

Kulis.az İlqar Əlfioğlunun Joze Saramaqonun Azərbaycan dilinə tərcümə edilmiş "Seçilmiş əsərlər"inə yazdığı "Yabanı turpun acılığı" ön sözünü təqdim edir.

Bir zamanlar Joze Saramaqo deyirdi: "Bəzən mənə elə gəlir ki, Mars planetinə çatmaq müasirlərimizin qəlbinin qapısını açmaqdan asandır".

Görkəmli Portuqaliya yazıçısı Joze Saramaqo xalqının miflərini, tarixini və özünün surrealist fantaziyalarını zəngin yaradıcılığında birləşdirməklə böyük ədəbi irs yaradıb. Onun öz yaradıcılığına verdiyi qiymət, əslində, bir çox ədəbiyyatşünasların araşdırmalardan sonra gəldiyi nəticələrlə üst-üstə düşür. Saramaqo əsərlərini səciyyələndirəndə belə deyirdi: "Qeyri-mümkünlüyün mümkünlüyü, arzular və illüziyalar — mənim romanlarımın əsas predmeti məhz bunlardır".

Joze Saramaqo 1922-ci il noyabr ayının 16-da Lissabon yaxınlığındakı Azinaqa qəsəbəsində kasıb kəndli ailəsində dünyaya gəlib. Ailələrinin Souza soyadını daşımasına baxmayaraq, anadan olanda qəsəbələrinin vətəndaş aktlarının qeydiyyatı bölməsinin katibi körpənin soyadını ağır təbiətli atasına həmkəndlilərinin verdiyi ləqəbə uyğun "Saramaqo" (yabanı, acı turp) yazır.

1924-cü ildə Souza ailəsi Azinaqanı tərk edib Lissabon şəhərinə köçür. Beləliklə, balaca Jozenin soyadı ilə bağlı dolaşıqlıq artıq Lissabonda, uşaq məktəbə gedən vaxt sənəd təqdim edəndə açılır və səhvi düzəltmək heç cür mümkün olmur.

Inventas vitam juvat excoluisse per artes

İbtidai məktəbi bitirdikdən sonra o, qrammatika kollecində təhsilini uğurla davam etdirir. Lakin maddi vəziyyətlərinin ağır olması üzündən kolleci yarımçıq qoyub, texniki məktəbə keçmək məcburiyyətində qalır, mexanik peşəsinə yiyələnir və əmək fəaliyyətinə avtomobil emalatxanasında usta şagirdi olmaqla başlayır. Axşamlar, işdən sonra isə savadını və dünyagörüşünü Lissabonun kütləvi kitabxanasında mütaliə ilə artırmaq qərarına gəlir.

Joze Saramaqo 22 yaşında, mülki qulluqçuların sosial təminat orqanlarında çalışanda ailə qurur. 1947-ci ildə, qızı Violanta dünyaya gələndə özünün ilk əsərini dərc etdirir. Yazıçının versiyasında "Dul" adlanan roman redaktorun israrı ilə "Günah diyarı" adı altında işıq üzü görür. İlk kitabının oxuculara təqdimatından ruhlanan Saramaqo, eyni zamanda daha bir neçə roman üzərində işləməyə başlayır, lakin az sonra anlayır ki, içində insanlarla bölüşəsi dəyərli bir şey yoxdur. Bu dərketmə prosesi onun Portuqaliya ədəbiyyatından düz iyirmi il kənarlaşması və 1969-cu ildə ölkədəki hərbi diktatura tərəfindən qadağan edilmiş Portuqaliya Kommunist Partiyasına qoşulması ilə nəticələnir.

1955-ci ildən başlayaraq Saramaqo, ailəsinin dolanışığını təmin etmək üçün vaxtının çoxunu tərcümə fəaliyyətinə həsr edir. Portuqaliya oxucusu Per Lagerkvist, Kolett, Mopassan, Andre Bonnard, Tolstoy, Şarl Bodler, Hegel, Raymond Bayer və bir çox başqa görkəmli söz ustalarının əsərləri ilə məhz onun tərcümə fəaliyyəti nəticəsində tanış olur.

Ədəbiyyat aləminə ikinci, amma bu dəfə əsaslı gəlişi isə bir də 1966-cı ildə baş tutur. Saramaqo həmin il "Mümkün şeirlər" toplusunu çap elətdirir. Sonra isə bir-birinin ardınca "Bəlkə də, bu sevincdir" (1970), "Bu və o dünyadan" (1971) adlı şeir topluları işıq üzü görür. Yazıçının poeziya kitabları və 1970-ci illərin ortalarından etibarən qələmə aldığı "Təsviri sənət və kallioqrafiya dərsliyi" romanı, "Kvaziobyekt" adlı fəlsəfi novellalar silsiləsi dövrünün ictimai-siyasi problemlərinə həsr olunur və oxucularda müəyyən maraq doğurur.

Həmin illərdə Joze Saramaqo "Diario de Lisboa" qəzetində işləyir və peşə fəaliyyətindən dolayı cəmiyyətlə daha sıx əlaqədə olur. Yazıçının çox məhsuldar çalışdığı dövr də elə həmin illərdən sonraya təsadüf edir.

1979-cu ildə "Gecə" pyesini, 1980-ci ildə "Torpaqdan ucalanlar", 1982-ci ildə "Baltazar və Blimunda", 1984-cü ildə "Rikardo Reyşin ölüm ili", 1985-ci ildə "Monastır xatirələri", 1986-cı ildə "Daş bərə", 1989-cu ildə "Lissabon mühasirəsinin tarixi", 1991-ci ildə "İsanın İncili" romanlarını, 1993-cü ildə "In Nomine Dei" (Tanrının adı ilə - lat.) pyesini, 1995-ci ildə "Korluq", 1997-ci ildə "Bütün adlar", 2000-ci ildə "Mağara", 2002-ci ildə "Bənzər", 2005-ci ildə "Təxirə salınmış ölüm" əsərlərini dərc etdirir.

Joze Saramaqonun adı, təxminən, on il ərzində artıq dünya ədəbi elitasının dilinə düşür və heç təsadüfi deyil ki, bu ad Nobel mükafatına namizədlərin sırasında da dəfələrlə çəkilir, lakin İsveç Kral Akademiyası hər dəfə həmin mükafatı başqa söz ustalarına təqdim edir.

1998-ci ilin oktyabr ayında isə Almaniyada Frankfurt kitab yarmarkasını tərk etməyə hazırlaşanda Saramaqoya qəflətən xəbər verirlər ki, bu il həmin yüksək mükafat ona təqdim olunacağından təcili İsveçə yola düşməlidir. Aldığı xəbər yazıçı üçün çox gözlənilməz olur. Jurnalistlər çaşqın görkəmli yazıçıdan bu halının səbəbini soruşanda isə etiraf edir ki, Nobel mükafatına nominantlar arasında olmağa artıq çoxdan öyrəncli imiş, amma laureat kimi özünü necə aparacağını hələ təsəvvür etmir.

Bu yüksək mükafata layiq görülməsi özü üçün gözlənilməz olsa da, ədəbiyyatşünasların böyük əksəriyyəti, o cümlədən, tanınmış Amerika tənqidçisi, Nyu-York və Yel universitetlərinin professoru, iyirmidən artıq kitabın müəllifi Harold Blumdan ötrü "böyük yaradıcılıq yolunun məntiqi nəticəsi" idi.

Harold Blum yazır: "Ədəbiyyat üzrə son illər verilmiş Nobel mükafatlarından, bəlkə də, yalnız Joze Saramaqo bu titulu daşımağa tam layiqdir. Nə Amerika Birləşmiş Ştatlarında, nə Cənubi Amerikada, nə Avstraliyada, nə də Qərbi Avropanın özündə Joze Saramaqodan müasir, çoxşaxəli romançı var".

Müəllifin yaradıcılığında xüsusi mərhələ təşkil edən, 1998-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş "İsanın İncili" romanı son onilliklərin ən qalmaqallı kitabı sayılır. Portuqaliyanın hakim dairələri əsərin yayımını dayandırandan sonra Joze Saramaqo dövlət katibinin müavini vəzifəsindən istefa verir, həyat yoldaşı Pilar del Rio ilə bir yerdə ölkəni tərk edib, İspaniyanın Lansarote adasında məskunlaşmağa məcbur olur. Yazıçı müsahibələrinin birində Portuqaliyanı tərk etməsinin səbəblərini belə açıqlayır:

"Mənim Lansarote adasına köçməyimin səbəbi bəllidir. 1992-ci ildə Portuqaliya hökuməti "İsanın İncili" romanımı özünəməxsus senzuraya məruz qoydu. Mədəniyyət Nazirliyinin göstərişi ilə o zaman üçün artıq ondan çox dilə tərcümə olunmuş kitabım Ümumi Avropa Ədəbiyyat mükafatına namizədliyi irəli sürülmüş əsərlər arasından çıxarıldı. Buna səbəb kimi romanda "xaçpərəstlərin dini irsi ilə əlaqədar başlıca prinsiplərin tənqidi" göstərilir, Mədəniyyət Nazirliyinin yüksək rütbəli məmuru isə mətbuata açıqlamalarında deyirdi ki, Avropa Birliyi tərəfindən təsis edilmiş "bu yüksək mükafat uğrunda yarışda ölkəmizi Saramaqo təmsil edə bilməz". Qısasını desək, sağ mərkəzçi hökumət bununla elə məsələyə müdaxilə edirdi ki, qətiyyən onun səlahiyyətində deyil. Təbii ki, bu, məni qəzəbləndirdi. Kanar adalarında isə çoxlu qohumlarımız var və məhz bu, gələcək yaşayış yerimizi seçəndə həlledici rol oynadı".

Joze Saramaqo ölkəsini incik tərk etdiyini mətbuatda çox qabartmasa da, narazılığı müsahibələrindən birində çox gözlənilməz şəkildə təzahür edir: yazıçı Portuqaliyanın gec-tez İspaniyanın tərkibinə keçməyə məcbur olacağı barədə fikir yürüdür və bununla da ölkə ictimaiyyətinin kəskin qınağına tuş gəlir, mətbuatda onun əleyhinə kampaniya başlanır. Yazıçının özü isə bu barədə deyirdi: "Mən, əslində, pis adam deyiləm, amma həmişə dilimin bəlasına düşürəm".

Lakin bütün ziddiyyətlərə baxmayaraq, 10 milyon əhalisi olan Portuqaliyada onun müxtəlif kitablarının ümumi tirajı iki milyondan artıq olub. Bu, son dərəcə yüksək göstəricidir. Yazıçı elə həmin dövrdən etibarən öz bədii yaradıcılığını siyasi görüşlərini bölüşmək üçün təsirli vasitə kimi nəzərdən keçirməyə başlayır.

Ötən əsrin axırlarından başlayaraq Saramaqo vaxtının çoxunu beynəlxalq forumlarda iştiraka sərf edir, çıxışlarında Avropa Birliyini, Beynəlxalq Valyuta Fondunu dəfələrlə kəskin tənqidlərə məruz qoyur. 2002-ci ildə isə daha bir hərəkəti ilə, həqiqətən, dünya miqyaslı qalmaqal yaradır. İordan çayının qərb sahilinə səyahətə çıxan yazıçı yəhudi sionistlərinin Fələstin torpaqlarında yaratdığı vəziyyətlə alman faşistlərinin OsvenSim həbs düşərgəsindəki rejim arasında müqayisə aparmaqla bütün dünyandakı yəhudilərin qızğın etirazına səbəb olur və İsrail hökuməti onu ölkə ərazisinə buraxmaqdan uzun müddət imtina edir.

Saramaqo isə müsahibələrinin birində bu barədə belə deyirdi: "Məni İsrail tərəfindən ünvanıma yönəlmiş tənqid az narahat edir. İstənilən vicdanlı insan başa düşür ki, fələstinlilərin özlərinə dövlət qurmaq haqqı var. Lakin İsrail rəhbərliyinin həm beynində, həm də planlarında "Böyük İsrail" ideyası möhkəm yer tutubsa, fələstinlilərin bu istəyi necə gerçəkləşə bilər? Əgər İordan çayının qərb sahilində — məhz Fələstin dövlətinin yerləşməli olduğu torpaqlarda yəhudilər iki yüzdən artıq yeni yaşayış məskəni salıblarsa, İsrail rəhbərlərinin bəyanatlarına necə inanmaq olar? O ki qaldı tez-tez qaldırılan "islam fanatikləri" məsələsinə, belə sual vermək olar: "Yer üzündə İsrail siyasətindən, İsrail ordusunun hərəkətlərindən daha fanatik bir şey varmı?" Onların söykəndiyi dəyərlərin qiymətini, dünyasını bu yaxınlarda dəyişmiş yəhudi profesoru Leyboviç gözəl vermişdi. O, İsrail hökumətinin ideologiyasını "yəhudi-nasist" ideologiyası adlandırırdı. Birləşmiş Millətlər Təşkilatının qərarlarını cəzasızlıq şəraitində rədd edən İsraili belə vəziyyətdə nəyəsə inandırmaq, ya da onunla dialoqu davam etdirmək qeyri-mümkündür və olduqca mənasız görünür..."

Azərbaycan oxucusuna təqdim etdiyimiz bu kitaba yazıçının iki romanı, bir pyesi və Nobel mükafatının təqdimat mərasimindəki çıxışının mətni daxil edilib. Zənnimizcə, həmin əsərlər görkəmli yazıçının ədəbi irsini kifayət qədər uğurlu təmsil edir.

Yuxarıda qeyd etdiyimiz kimi, Joze Saramaqonun kitaba daxil edilmiş birinci romanı — "İsanın İncili" son onilliyin, bəlkə də, ən qalmaqallı kitabıdır. Onun nəşri katolik kilsəsinin qəti etirazına, müəllifin isə küfrdə ittiham edilməsinə səbəb olmuşdu. Lakin buna baxmayaraq, "Tanrı əleyhinə çıxan, tarixi həqiqətləri lağa qoyan, Əhdi-Cədidin əsas personajlarının xarakterlərini təhrif edən həmin kitab" dünya xalqlarının əlliyə yaxın dilinə tərcümə edilərək işıq üzü görüb və bu gün də ən çox mütaliə edilən əsərlər sırasındadır.

Bəllidir ki, son iki yüz ildə Bibliya və ya İncil, yaxud Əhdi-Cədiddə əksini tapan, xristianlığın ideologiyasını təşkil edən tarixçəni ya kobud materializm, ya da fanatik klerikalizmlə yozub, ona gah kinayə ilə yanaşıblar, gah da lap göylərə qaldırıblar. İsanın dünyəvi həyatı həm saysız-hesabsız tikanlı pamfletlər, həm də dərin inanca köklənmiş ehtiyatlı interpretasiyalar doğurub. Bu mövzuda olan filmlərin, romanların, hekayələrin və təsviri sənət əsərlərinin sayı-hesabı yoxdur, hətta yetmişinci illərin əvvəllərində musiqisevərlərə həmin dövr üçün sensasiyaya çevrilən "İsa Məsih — Superulduz" adlı rok-opera da təqdim olunmuşdu. Bununla əlaqədar, adama elə gəlir ki, Bibliyanın qədim və sadə süjetində yeni çalarlar tapmaq, ona daha nəsə əlavə etmək, əslində, qeyri-mümkündür. Lakin Joze Saramaqonun təcrübəsi isbat etdi ki, hətta zamanın özü qədər qədim və yetərincə araşdırılmış o hadisələrdə belə yeni nələrsə tapmaq imkanı həmişə mövcuddur.

"İsanın İncili" hələlik ilk və yeganə əsərdir ki, Mark, Matfey, Luka və İoannın qələmindən çıxan kitablardan doğmur, onlarla paralel, yanaşı irəliləyir. Saramaqo öz oxucusuna əzbər bildiyimiz faktların növbəti təfsirini deyil, Tanrı Sözünün tarixçəsini minilliklərin ayrıcında Fələstində yaşamış və bu olayların bilavasitə iştirakçısı olmuş adam kimi təqdim edir; tamamilə müstəqil, heç bir mənbəyə doqmaçı münasibət bəsləmədən. Elə bu səbəbdən də yazıçının variantı kilsənin məqbul saydığı variantdan çox fərqlənir. Romanda Kanonik İncildə əhəmiyyətli sayılan bəzi hadisələr öz əksini çox səthi tapıb, bəziləri isə heç tapmayıb. Əvəzində çar İrodun gələcək Tanrı elçisini yox etmək məqsədilə bütün vifleymli körpələrin qətlə yetirilməsi barədə icra olunmuş əmri Saramaqo qələmi ilə taleyüklü mahiyyət tapıb və ön sıraya çıxarılıb. Müəllif bu hadisə ilə, əslində, tarixin çarxını döndərir, həmin uşaqların qətlində dolayı günahı olan dülgər İosifin rahatlığını əbədilik əlindən alır, onun ilk övladını — İsanı isə tükənməz əzablara düçar edir.

Amma elə düşünsəniz ki, "İsanın İncili" məzmun və forma baxımından indiyədək çox rast gəldiyimiz növbəti arxaizmdir, yanılasınız. Saramaqonun romanı, bəlkə, bir az da şişirdilmiş dərəcədə, ifrat dərəcədə müasirdir. Çünki İncildəki hadisələrin dövrünü təsvir etmək üçün yazıçının bəsit fəndlərə, köhnəlmiş dilə, özünün yaşadığı əsrin reallıqlarından prinsipial imtinaya qətiyyən ehtiyacı yoxdur. Saramaqo lazımi effektə tamamilə başqa yolla nail olur — müasir təhkiyə tərzi, müasir ifadələr, çoxdan abidələşmiş qəhrəmanların sxematikliyi əvəzinə ağrı doğuracaq dərəcədə real obrazlar vasitəsilə. Oxucu birdən həyatını dəfələrlə başqa mənbələrdən izlədiyi insanların içinə düşür, onlarla bir yerdə həyəcanlanır, onlarla ağlayır, onlarla gülür. Saramaqonun buna necə nail olduğunu dəqiq şərh etmək mümkün deyil. Mümkün olan yalnız bu romanı oxuyub nəticə çıxarmaqdır.

Əslində isə yazıçının həmin qədim və həmişəcavan mövzuya müraciət etməsinini səbəbi elə İncilin özüdür. Bu müqəddəs kitab İsanın anadan olması ilə Tanrının rəsulu kimi fəaliyyətə başlaması arasında dərin və qaranlıq bir uçurum qoyur. Məhz bu uçurum Saramaqoda dünyaya adi insan kimi gəlmiş və ömrünün çox hissəsini adi insan kimi yaşamış kəsin insan mahiyyətini açmaq, insan həyatını araşdırmağa istək yaradır. Yazıçı təxəyyülü ateist dünyagörüşü ilə birləşərək oxucuların gözləri qarşısında çox maraqlı mənzərələr açır.

Saramaqo təxəyyülünün bu məhsulu da bütün qalanları kimi son dərəcə inandırıcıdır. Bunun səbəbi də bəllidir: realist təhkiyə istedadı qələmindən çıxan mətnlərə elə gərginlik verir ki, onun çalarları çox vaxt oxucu təxəyyülündə maddiləşdikcə maddiləşir və axırda mütləq həqiqətə iddialı görünür.

Əslində isə realist təhkiyə tərzi özü də müəyyən mənada yalandır: sənətkar öz fantaziyalarına həqiqət donu biçməklə oxucunu onun "həqiqiliyinə" inandırmağa çalışır. Bu məqsədlə o, ənənəvi dinşünaslıqda səthi yanaşılant bəzi hadisələri bilərəkdən qabardıb konfliktin mərkəzinə çıxarır və bununla da oxucusunun şüurunda dönüş yaradır. Əsərdəki belə dönüşlərdən lap birincisi vifleymli körpələrin yuxarıda xatırlatdığımız qətli ilə əlaqədar hadisələrdir. Zaman-zaman bəşəriyyət tarixində əhəmiyyətli rol oynamış mütəfəkkirlər bu sual üzərində elə Saramaqonun özü kimi baş çatlatmışlar: niyə Xilaskarın dünyaya gəlişi günahsız körpələrin qətlinə səbəb olub? İncilin özü də, bu problemlərlə məşğul olan dinşünaslar da iki min yaşı olan həmin sualı cavabsız qoyur. Qana çalxanmış Vifleymdəki hadisə isə tarixin dalanlarında əhəmiyyətsiz fakt kimi atılıb qalır. Tanrı mələyi tərəfindən xəbərdar edilmiş İosifin qətlə yetiriləcək körpələr haqqında, onların binəva valideynləri barədə düşünüb-düşünmədiyi bu günə kimi sual altında qalır.

Saramaqo isə Luka və Matfeydən fərqli olaraq onların üstündən dinməz keçdikləri, amma sonralar bəşəriyyəti əsrlər boyu narahat edəcək bu boşluğu doldurmağa çalışır. Onun İncilində İosif bu günahını lap qəbir evinədək boynunda daşıyır: axı o, şəhər əhalisini yaxınlaşan bəladan hali edə bilərdi, lakin öz övladının başına gələ biləcək faciədən patoloji qorxu onun yadlar barədə düşünməsinə imkan vermir. Bu hadisə də İosifin gecə kabuslarına, reallıqda cinayətkar fəaliyyətsizlik yaxud əsl cinayət fəaliyyətinə çevrilir: heç vaxt əlinə silah almamış sadə dülgər özünü İrodun sərsəm əmrini yerinə yetirmək üçün Vifleymə yollanan döyüşçülərin arasında görür. Həyatının sonunda haqsız olaraq qiyamçılara qoşulmaqda ittiham olunub çarmıxa çəkilməsini belə artıq layiqli cəza kimi qəbul edir: "Nə fərqi var hansı günaha görə cəzalanırsan?.." Hələ bu azmış kimi, Saramaqo İsanı da məcbur edir ki, atasının günahını bütün ömrü boyu alnında möhür kimi daşısın. Məhz həmin günahın ağrısı sonralar dülgər oğlunu bütün başına gələnlərlə barışmağa vadar edir.

Kitabdakı ikinci — "Təxirə salınmış ölüm" romanını tənqidçilər zahirən ictimai antiutopiya janrına aid edirlər. Çünki onun süjetini hərəkətə gətirən mexanizmlər daha çox yazıçı-fantastların sərəncamında olanlarla eynidir. Saramaqo konkret bir cəmiyyəti özünə araşdırma obyekti seçir, onun gündəlik həyatını təfərrüatlara vararaq təsvir edir. Oxucu özünün harada yaşamasından asılı olmayaraq təxəyyül məhsulu olan həmin o cəmiyyətdə saysız-hesabsız tanış cizgilər tapır. Lakin bu hadisələri normal axarından çıxarıb gözlənilmədən naməlum səmtə aparan nəsə baş verir. Adət etdiyimiz tapdanmış cığırlar birdən yox olur, işə büsbütün yad element qarışır və qəhrəmanların gündəlik həyatını baş-ayaq edir, onların astarını üzünə çevirir. Cəmiyyət minilliklərdən bəri labüd saydığı bir şeydən məhrum olur — insanlar daha ölmür. Bircə gün əvvəl qaçılmaz sayılan şey artıq əlçatmaz olur. Həmin andan etibarən nə dünya əvvəlki ola bilər, nə də ki onu məskunlaşdıran insanlar.

Lakin Saramaqonun bir cəhəti də başqa yazıçılarınkına bənzəmir. Onun qəhrəmanları fövqəladə vəziyyətlərdə ənənəvi ekzistensial ədəbiyyatın obrazları kimi mənəviyyatlarının onlar üçün ənənəvi olmayan cəhətlərini qətiyyən nümayiş etdirməyəcəklər, xasiyyətlərinin daxili məntiqi müəllifin heyrətləndirmək, mat qoymaq arzusundan sarsılıb təhrifə uğramayacaq. Əksinə, Saramaqonun qəhrəmanları elə davranacaqlar ki, onların yerində real insanlar da məhz elə davranardı. Lakin ən böyük təbəddülat, ən maraqlı dəyişiklik cəmiyyətdə, hətta onun üzvlərində deyil, təhkiyənin özündə baş verir — o tamamilə başqa müstəviyə keçir, xronikadan pritçaya çevrilir. Əslində, bu ədəbi fəndin özü də yeni deyil, lakin bütün qəribəlik ondadır ki, Saramaqonun pritçavari təhkiyəsində də əhvalat real həyatla sıx bağlılığını itirmir. Vəziyyətin fantastikliyinə baxmayaraq, saysız-hesabsız xırda detallar və təfərrüatlar oxucuya reallıqdan uzaqlaşmaq, mütləq mücərrədliyə yuvarlanmaq imkanı vermir, biz qəribə şəkildə təhrif olunmuş bu dünyada tanış cizgilər tapmaqda davam edirik.

Əsər oxucunu maqnit kimi çəkən cümlə ilə başlayır: "Ertəsi gün heç kəs ölmədi". Ondan sonrakı gün də ölmədi, sonrakından sonrakı gün də... Elə bilirsiniz, bu yaxşıdır? Onlar da əvvəlcə elə bilirdilər. Amma az sonra "ölümsüzlüyün" necə böyük bəla olduğunu dərk etdilər. Çünki onlara sağlamlıq yox, ölümsüzlük verilmişdi. Hər şeyi dərk edən kimi də dəhşətə gəldilər. Təsəvvür edirsiniz, heç kəsin ölmədiyi məmləkətdə nələr baş verər? Sonrakı hadisələr bu suala mükəmməl cavab verir. Oxuyursan və bədii təxəyyülün gücünə heyran qalırsan. Özünü materialist, ateist və kommunist sayan Saramaqo ən cəsarətli sələflərindən irəli gedir, ölümü komik vəziyyətə salır, onu yumor və hətta kinayə obyektinə çevirir. Eyni zamanda müəllif müasir, inkişaf etmiş, özünü sivil sayan Avropa cəmiyyətinin eybəcərliklərini təsvir edir. Son dərəce komik vəziyyət hadisələrin təbii axarı ilə lirik sonluğa qovuşur və yazıçının bütün əsərləri kimi "Təxirə salınmış ölüm" romanı da çox gözlənilməz, novellavari tərzdə başa çatır.

"In Nomine Dei" pyesinin mövzusu real tarixi hadisədən götürülüb. Pyesə yazdığı ön sözdə Joze Saramaqo dünyagörüşü etibarilə ateist olduğunu xatırladır, amma bu əsərinin onun baxışlarından deyil, xaçpərəstliyin öz tarixindən doğduğunu söyləyir. Elə pyesin sonunda oxuculara təqdim etdiyi xronologiyanın özü də yazıçının həqiqətə söykəndiyini isbatlamaq üçün ortaya qoyduğu dəlil bazasından savayı bir şey deyil.

Məncə, daha bir məsələni oxuculara xatırlatmaq yerinə düşərdi. Avropa və ümumiyyətlə, Qərb ədəbiyyatında xristianlıq dinindəki məzhəblər və təriqətlər arasındakı qanlı müharibələri, az qala, soyqırım səviyyəsinə çatan qırğınları belə inandırıcı əks etdirən çox az nümunə tapmaq olar. Çünki bu gün Qərb ideoloqları öz yaxın və uzaq tarixlərini unudur, dünyaya demokratik dəyərlərin ixracı ilə məşğul olduqlarını iddia edir, təmsil etdikləri ölkələri bu dəyərlərin beşiyi sayırlar. Eyni cəhəti elə rəngbərəng xristian missionerlərinin fəaliyyətində də görmək mümkündür. Joze Saramaqo isə onların israrla unutmaq və unutdurmaq istədiyi tarixçəni bir daha yada salır, keçdikləri yolu göstərir və bununla da, sanki, oxucularını ehtiyatlı olmağa çağırır. Dolayı yolla isə indi müsəlman dünyasını islam fundamentalizmində, fanatiklikdə ittiham edənlərin, öz dinlərini başqa dinlərdən üstün sayanların fanatik mahiyyətini açır.

Maraqlıdır ki, eyni xətt Joze Saramaqonun bütün əsərlərindən keçir, yazıçı insani dəyərləri, mənəvi dəyərləri dini dəyərlərdən üstün tutduğunu dəfələrlə göstərməkdən çəkinmir. "In Nomine Dei" faciədir və bu faciə, əslində, hər hansı dini detallara görə insanlar arasında ayrı-seçkilik salan insanların faciəsidir. Pyesə bu baxımdan yanaşmaq, zənnimizcə, müasir Azərbaycan oxucusu üçün də faydalı ola bilər.

Bir qədər də Joze Saramaqonun bütün yaradıcılığı üçün səciyyəvi olan cəhətlər barədə. Onun qəribə dili ayrıca söhbətin mövzusudur. Görün yazıçı dil və onun imkanları barədə nə deyir:

"Dilimiz qəribə və əsrarəngizdir. Onu nə qədər çox burur, nə qədər çox sındırırsansa, bir o qədər dərin mətləbləri anlada bilir... Ah, kaş ifadələrin baş-ayaq çevrilməsini qanuniləşdirə biləydik, görün onda necə qəribə, gözəl dünya yaradardıq".

Həqiqətən də, Joze Saramaqo zahirən dilin bütün bəlli normalarını sındırmaqla məşğuldur, durğu işarələrinə, cümlə quruluşuna, söz sırasına çox sərbəst münasibət bəsləyir. Lakin onun ilk baxışdan nizamsız kimi görünən dili ölçülü-biçili, son dərəcə canlı, təsvirləri qeyri-ənənəvi olsa da, dəqiqdir. Biz onun üslubunu, dilini və təfəkkür tərzini oxucularımıza maksimum həddə çatdırmağa çalışmışıq. Ona görə belə etmişik ki, Joze Saramaqonun başqa yazıçılardan nəylə fərqləndiyini təsəvvür edə biləsiniz.

Ümumiyyətlə, Saramaqonu mütaliə eləmək əyləncə deyil, ağır, az qala, fəhlə, əkinçi əməyidir. Müəllif oxucunu əyləndirmir, onu öz arxasınca çəkib aparır, yaradıcılıq prosesinə cəlb etməyə çalışır. Siz oxuyursunuz və oxuduqca dəyişirsiniz, azad düşünməyi, buxovları qırmağı, sərbəst olmağı öyrənirsiniz. Joze Saramaqo özü kimi, oxucularını da azad, hər cür doqmadan uzaq görmək istəyir.

Böyük yazıçının yaradıcılığından söz açanda oxucu üçün daha bir sevindirici məqamı qeyd etmək istərdik: Saramaqo özünün sonluqları ilə də gözəldir. O, elə müəlliflərdən deyil ki, əsərlərini indi çox dəbdə olan üç nöqtə ilə bitirib oxucusunu sirli sual qarşısında qoysun. O, romanlarını parlaq, dinamik, ən əsası isə gözlənilməz sonluqlarla bəzəyir. Bircə şeyi qabaqcadan bilməlisiniz ki, bütün mütaliə prosesi boyu etdiyiniz təxminlərin heç biri doğrulanmayacaq, müəllif hadisələrin inkişafı üçün heç ağlınıza gəlməyən, qeyri-adi məcra tapacaq və oxucusunu təəccübləndirməkdən doymayacaq.

# 133 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər