Əməkdar artist Ədalət Vəzirovun xatirəsi anıldı

Əməkdar artist Ədalət Vəzirovun xatirəsi anıldı
30 aprel 2026
# 17:24

Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, kamança ifaçısı Ədalət Vəzirovun 75 illiyinə həsr olunmuş gecə keçirilib.

Kulis.az xəbər verir ki, əvvəlcə sənətkarın ifasında videoçarx nümayiş olunub.

Sənətşünaslıq üzrə elmlər doktoru Leyla Zöhrabova Ədalət Vəzirovun kamança ifaçılığı sənətində qoyduğu izdən, həyat və yaradıcılığından danışıb. İfaçının şəxsiyyət və sənətkar kimi xarakterindən, rəhbərlik etdiyi Sumqayıt Musiqi Texnikumundan, müşayiət etdiyi xanəndələrdən, püxtələşməsində əmək sərf etdiyi ifaçıların bu gün tanınmış musiqiçi kimi ustadlarının yolunu uğurla davam etdirdiyini bildirib.

O, Ədalət Vəzirovun, 1999-cu ildən başlayaraq son nəfəsinədək , solist kimi fəaliyyət göstərdiyi, “Tekfen” Qaradəniz Solistləri Orkestrindəki uğurunu xüsusi olaraq qeyd edib.

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi bildirib ki, sənətkar bir çox xarici ölkələrdə ABŞ, Kanada, Fransa, Yaponiya, Almaniya, Türkiyə, İraq, İordaniya, İspaniya, Tunis və s. dəfələrlə musiqimizi təmsil edib. Ədalət Vəzirov xalq mahnı və təsnifləri, muğamları mükəmməl ifa etməklə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək səviyyədə ifa etmək bacarığına malik bir ifaçı olub. 1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən muğam simpoziumunda Xalq artisti Simarə İmanova və tarzən Zamiq Əliyevlə birlikdə ən yüksək mükafatı -"Qran pri" mükafatını qazanıblar. Unudulmaz sənətkar 1997-ci ildə "Əməkdar artist" fəxri adına layiq görülüb. 5 oktyabr 2002-ci ildə, ömrünün 51-ci ilində Türkiyənin İstanbul şəhərində qastrol səfərində olarkən qəfildən vəfat edib.

Yubiley gecəsi tanınmış xanəndələr və kamança ifaçılarının konsert proqramı ilə davam edib.

# 60 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər