"Dünyanın tanıdığı tək Karmen..." - Fidan Hacıyevanın konsert proqramından reportaj

"Dünyanın tanıdığı tək Karmen..." - Fidan Hacıyevanın konsert proqramından reportaj
4 sentyabr 2026
# 16:00

Kulis.az Xalq artisti Fidan Hacıyevanın konsert proqramından reportajı təqdim edir.

Fidan Hacıyevanın vokal musiqi məktəbinin qarşısından çox keçmişdim. Ancaq içəri keçmək fürsəti olmamışdı. Mətbuat üçün olan konsert proqramına dəvət bir növ göydəndüşmə oldu.

Adətən "mətbuat üçün tədbir" deyəndə adamın gözünwn qabağına uzun masalar, rəsmi geyimlər, mikrofon arxasında deyilən standart cümlələr və ürək sıxan mühit gəlir. Amma bu dəfə fərqli idi.

Fidan Hacıyevanın Vokal Məktəbi nə iclas zalına bənzəyirdi, nə də rəsmi brifinqə.

Konsertdən əvvəl təşkil olunan furşetdə bir kofe içib çıxışların olacağı otağa daxil oluram.

Tədbir heç bir rəsmi, uzanan giriş sözü olmadan, birbaşa sənətin özü ilə başladı.

Səhnəyə "Mezzo" uşaq xoru çıxdı. Bir anlıq təsəvvür edin: balaca, şirin, amma sənətə necə həvəslə yanaşdıqları gözlərindən oxunan uşaqlar Üzeyir Hacıbəylinin "Arşınmalçı mal göstər"ini ifa edirlər. Uşaqların o saf enerjisi, səslərindəki işıq zaldakı bütün jurnalistlərin üzündə təbəssüm yaratdı. İş yorğunluğu bir anda o balaca “not”ların içində əriyib yox oldu.

Uşaqların şən və ritmik ifasından sonra səhnənin əsl sahibəsi Fidan Hacıyeva göründü.

"Sevgili canan".

Üzeyir bəyin bu romansını çox sevsəm də, uzun müddət idi ki, dinləmirdim. Fidan xanımın ifasında ilk dəfə qulaq asırdım. Səsi əyləşdiyimiz o kiçik otağa aprel mehi kimi yayıldı. Bayaqkı şən ab-hava yerini sakitliyə verdi.

Musiqi fasilə verdikdə isə söz növbəsi gəldi.

İlk olaraq Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynova çıxış etdi. Onun sözlərində həm təşəkkür, həm də görülən işin miqyasına verilən qiymət var idi:

"Fikrimcə, Azərbaycan mədəniyyəti üçün sizin gördüyünüz bu işlər misligörünməmiş bir hadisədir. Çünki bu festival öz əhəmiyyəti, miqyası və səviyyəsi ilə Azərbaycan musiqi mədəniyyətində həm mühüm bir hadisə kimi danışılacaq, həm də əvəzsiz bir iz qoyacaqdır.

Üç ay davam edəcək bu festival, nəinki Azərbaycan və dünya musiqiçilərinin bir araya toplanması və mədəniyyətlərin sintezi, eyni zamanda milli mənsubiyyətimizi, kimliyimizi və milli musiqimizi yeni ifadə vasitələri ilə çatdırmaq baxımından da böyük əhəmiyyətə malikdir.

Mən bilirəm ki, siz uzun müddətdir bu işin üzərində dayanmadan və yorulmadan çalışırsınız. Eyni zamanda, biz sizin bu işdəki vətənpərvərlik mövqeyinizi də görmüş olduq. Gənc istedadların üzə çıxarılması baxımından festivalda gənclər üçün xüsusi bir yer ayırmısınız. Onların silsilə konsertləri baş tutacaq, ustadlıq dərsləri keçiriləcək. Şəhid övladlarına da xüsusi diqqət ayıraraq, onlar üçün özəl bir konsert ərsəyə gətirəcəksiniz.

Vətən və mədəniyyətimiz yolunda atdığınız bu addımlar, etdikləriniz həqiqətən də danılmazdır. Mən sizə dərin təşəkkürümü bildirirəm. Bir Azərbaycan xanımı olmaqla yanaşı, həm də bir musiqiçi kimi təşəkkür edirəm ki, yaratdığınız məktəb və opera sənətimizə gətirdiyiniz yeniliklər sayəsində tarixdə böyük bir iz qoyursunuz. Sizi təbrik edirəm və yeni-yeni uğurlar arzulayıram!"

Könül xanımın bu səmimi sözlərindən sonra estafeti aktrisa Dilarə Əliyeva təhvil aldı:

"Bir Azərbaycan vətəndaşı olaraq sizə sonsuz təşəkkürümü bildirirəm. Opera bəşəri bir dildir; bütün dünya bu dildə danışmağı və anlamağı bacarır. Bu gün ölkə olaraq sizin etdiklərinizə çox böyük ehtiyacımız var. Coğrafi baxımdan elə bir məkanda yerləşirik ki, ucalmaq, sərhədləri aşmaq üçün müəyyən baryerlərlə qarşılaşırıq. Lakin sizin sənətiniz və bu sənətə olan sevginiz heç bir sərhəd tanımır.

Fidan xanıma kömək etmək istəyənlərə səslənirəm: ən azından ona mane olmayın. O, qalan bütün işlərin öhdəsindən layiqincə gəlir, bu sənətin ağırlığını öz zərif çiyinlərində daşımağı və onu yaşatmağı bacarır. Özünüz də bilirsiniz ki, böyük sənətkarlar heç də həmişə böyük ürəyə sahib olmurlar; bəzən sənətə qısqanclıqla yanaşırlar. Amma nə xoş bizə ki, Tanrı xalqımıza böyük sənəti ilə yanaşı, böyük ürəyi olan bir sənətkar bəxş edib. Burada sizin sayənizdə 'balaca fidanlar' yetişir. İnanıram ki, həm ölkəmiz, həm də dünyamız üçün zaman gələcək, bu məktəbdən çıxan vokalçılar və opera ifaçıları məhz sizin kimi dünyaya meydan oxuyacaqlar. Bu gün 'Karmen' deyiləndə artıq bütün dünyada hər kəsin tanıdığı bir Karmen var – o da fəxrimiz Fidan Hacıyevadır!

Fidan xanıma olan sonsuz təşəkkürümü, sənətinə olan məhəbbət və rəğbətimi illərlə təkcə öz aramızda deyil, televiziya ekranlarından da dəfələrlə vurğulamışam. Həyat bir bumeranqdır: sevgi göndərirsən, sevgi alırsan. Fidan xanım da mənə elə bir sevgi ilə geri dönüş etdi ki, bunu qeyd etməmək olmaz".

Çıxışlar bitdi, söz yenidən musiqiyə verildi. İndi növbə gənclərin – Dilarə xanımın dediyi "balaca fidanlar"ın, məktəbin yetirmələrinin idi. Səhnəyə ard-arda gənc opera ifaçıları Ləman Babazadə və Rauf Məmmədzadə çıxdı.

Onların səhnə duruşu, ifa tərzi göstərirdi ki, Fidan xanımın məktəbində işlər həqiqətən də çox ciddi gedir. Gənclərin səsi zaldakı hər kəsə gələcək ümidi verirdi.

Sonra səhnəyə Anar Əmirli çıxdı. O oxumağa başlayanda elə bildik ki, növbəti solo ifanı dinləyəcəyik. Amma tədbirin ən şirin, ən gözlənilməz anlarından biri məhz bu vaxt yaşandı. Fidan Hacıyeva qəfil səhnəyə çıxdı, tələbəsinin yanına gəldi və onlar birlikdə "Sənə də qalmaz" mahnısını oxumağa başladılar.

Bu lirik dalğadan sonra zala bir az da dinamika lazım idi və o da gecikmədi. Növbəti çıxış – "İspan gözəli" oldu. Ritm dəyişdi, temp artdı. Zalda dəlisov bir ispan küləyi əsdi.

Sonda bütün ifaçılar – uşaqdan böyüyə, ustaddan tələbəyə qədər hər kəs səhnəyə toplaşdı. Zalda bəstəkarı Müslüm Maqomayev olan möhtəşəm "Azərbaycan" əsərinin sədaları ucaldı. Bütün səslər bir-birinə qarışdı, birləşdi və güclü bir xora çevrildi.

Tədbir bitəndə hər kəs məktəbdən üzündə təbəssüm, qulağında isə gözəl musiqinin sədaları ilə ayrılırdı.

Fidan Hacıyeva bir daha sübut etdi ki, sənət olan yerdə rəsmiyyətə, pafosa, yorucu şablonlara ehtiyac qalmır; əsas olan səmimiyyət və musiqinin özüdür.

Foto: İlkin Nəbiyev

# 112 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər