Dünya ədəbiyyatının 10 qeyri-adi süjetli romanı

Dünya ədəbiyyatının 10 qeyri-adi süjetli romanı
9 avqust 2026
# 10:30

Bu gün Beynəlxalq Kitabsevərlər Günüdür.

Kulis.az dünya ədəbiyyatının 10 qeyri-adi süjetli romanı haqqında materialı təqdim edir.



Patrik Züskind - “Parfümer"

(Tarixi / psixoloji triller)

XVIII əsr Fransasında doğulan Jan-Batist Qrenuy fərqli istedada sahibdir: dünyanın bütün qoxularını ən incə detalına qədər hiss edir, lakin özünün ümumiyyətlə cismani qoxusu yoxdur.

İnsanların sevgisini qazanmaq üçün mükəmməl ətri yaratmaq həvəsinə düşən Qrenuy, bu təkrarolunmaz ətri gənc qızların bədənindən toplamağa başlayır.

Əsər qoxu hissinin insan psixologiyasına təsirini ustalıqla təsvir edir. Sonluq isə dünya ədəbiyyatının ən şok edici və unudulmaz səhnələrindən biridir.



Haruki Murakami — “Kafka sahildə ”

(Sehrli realizm üslubunda roman)

Evdən qaçan 15 yaşlı Kafka Tamura adlı oğlanla pişiklərlə danışmaq qabiliyyəti olan yaşlı Nakaturanın kəsişən hekayəsidir.

Əsərdə zaman və məkan anlayışları bir-birinə qarışır, göydən balıq və zəli yağır, ruhlar bədənləri tərk edir.

Murakami mifologiya, psixoanaliz və metafizikanı sehrli dildə birləşdirir.

Roman oxucunu real dünya ilə yuxu arasında qeyri-adi səyahətə çıxarır.



Deniel Kiz — “Eljernon üçün güllər”



(Elmi-fantastika / dram)

Əqli qüsurdan əziyyət çəkən Çarli Qordon üzərində beynin fəaliyyətini artıran eksperimental əməliyyat aparılır.

Çarlinin intellekti sürətlə artır və o, dahi səviyyəsinə çatır, lakin bu inkişaf onun hissi və sosial həyatında ciddi problemlər yaradır.

Hər şey eyni əməliyyat prosesindən keçən Eljernon adlı təcrübə siçanının vəziyyətinin pisləşməsi ilə dəyişir.

Roman insan zəkası, tənhalıq və empatiya haqqında təsirli şahəsərdir.



Karlos Ruis Safon — “Küləyin kölgəsi”

(Qotik / misteriya)

1945-ci ilin Barselonasında gənc Daniel atasının sayəsində "Unudulmuş kitablar qəbiristanlığı" ilə tanış olur.

Oradan seçdiyi sirli bir kitab onun bütün həyatını dəyişdirir və o, müəllifin digər nüsxələrini yandıran qaranlıq bir adamın hədəfinə çevrilir.

Sevgi, qisas, xəyanət və kitab həvəsi qotik bir atmosferdə birləşir.

Safonun sirli təsvir dili oxucunu ilk səhifədən sehrləyir.



Xulio Kortasar — “Xana-xana oyunu”

(Eksperimental roman)

Bu romanı adət olunmuş qaydada və ya müəllifin təklif etdiyi xüsusi ardıcıllıqla fəsillər arasında keçidlər edərək oxumaq mümkündür.

Hekayə Parisdə və Buenos-Ayresdə yaşayan ziyalıların, sənətçilərin fəlsəfi axtarışlarından bəhs edir. Strukturunun elastikliyinə görə oxucu sadəcə müşahidəçi deyil, kitabın həmmüəllifinə çevrilir.

Müasir ədəbiyyatın ən cəsarətli eksperimentlərindən biridir.


Corc Sonders — “Linkoln Bardoda”

(Tarixi fantastika)

ABŞ Prezidenti Avraam Linkolnun 11 yaşlı oğlunun vəfatından sonra onun qəbiristanlıqdakı kədərini mövzu götürür.

"Bardo" — Buddist fəlsəfəsində ölüm ilə yenidən doğuş arasındakı keçid mərhələsidir. Roman yüzlərlə ruhun bir-birinin sözünü kəsərək danışdığı dialoqlar və tarixi sənədlərdən parçalar şəklində yazılıb.

Əsər həm formasına, həm də hissləri ötürmə gücünə görə çox fərqli təcrübə yaşadır.



Ted Çanq — “Sənin həyatının hekayəsi”

(Elmi-fantastika)

Yerə yadplanetlilər gəlir və linqvist Ferris onların dili və zaman qavrayışını öyrənmək üçün işə cəlb olunur.

Bu dili öyrəndikcə Ferrisin düşüncə tərzi dəyişir — o, zamanı xətti deyil, keçmiş, indiki və gələcəyi eyni anda görməyə başlayır.

Hekayə dilçilik, azad iradə və bir ananın öz övladına olan sevgisi haqqındadır.

Məşhur “Gəliş” (Arrival) filmi də məhz bu əsər əsasında çəkilib.



Mark Z. Danielevski — “Yarpaqlar evi”

(Psixoloji qorxu / postmodernism)

Ailə yeni köçdüyü evin içinin çöldən daha böyük olduğunu və içəridə sonsuz, qaranlıq dəhlizlərin yarandığını kəşf edir.

Kitabın səhifə quruluşu da ev kimi labirintdir: mətnlər tərsinə yazılıb, bəzi səhifələrdə cəmi bir söz var, qeydlər bir-birinə qarışır.

Oxuyarkən kitabı fırlatmalı, güzgüdən istifadə etməli olursunuz.

İnsan beynini və məkana olan inamı sarsıdan unikal qorxu romanıdır.



Keyt Atkinson — “Həyat ardınca həyat”

(Alternativ tarix / dram)

1910-cu ildə doğulan Ursula Todd hər dəfə öldükdə yenidən eyni gündə doğulur. Hər yeni həyatında əvvəlki səhvlərdən və ya təhlükələrdən intuisiyası sayəsində qaçaraq fərqli seçimlər edir.

O, İkinci Dünya Müharibəsini yaşayır və hətta Hitleri öldürmək fürsəti əldə edir.

"Bəs başqa cür etsəydim nə olardı?" sualına cavab axtaran zaman dövriyyəsinin mərkəzdə olduğu bir hekayədir.



Yan Martel — “Pinin həyatı”

(Macəra / fəlsəfi)

Hindistanlı gənc Pi gəmi qəzasından sonra Sakit okeanın ortasında qayıqda tək qalır. Lakin onunla eyni qayıqda nəhəng Benqal pələngi də var.

Pi həm okeanda sağ kalmaq, həm də pələngə yem olmamaq üçün ağlasığmaz üsullara əl atır.

Kitabın sonundakı psixoloji dönüş oxucunu inanc, həqiqət və insan təbiəti haqqında dərin düşüncələrə sövq edir.

# 141 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər