CV-inə yalan məlumat yazanlar cəzalanacaqmı?

CV-inə yalan məlumat yazanlar cəzalanacaqmı?
1 may 2025
# 13:45

Kulis.az Səbinə Əvəzqızının yeni yazısını təqdim edir.

İşin e-mail poçtunu açırsan bərbəzəkli, yüksək göstəricili "CV"lər gəlir. Məncə, çoxunuz CV nədir bilirsiniz. Amma yenə xatırladım, “Curriculum vitae” latın sözüdür. Qısaldıb CV deyirik. Bura bacarıqlar, iş təcrübəsi, təhsil və təqdim olunan iş yeri üzrə digər lazımı məlumatlar yazılır. Yəni, əslində, çox ciddi bir sənəddir. Sənədə də yalnız doğrular yazılmalıdır.

Lent.az-da başıma gələn bir neçə hadisəni danışacam sizə. Görün bizdə bu sənədə hansı hörməti qoyurlar.

Bir dəfə işaxtarandan CV gəlib yenə, sənəddə hər şey möhtəşəmdir, mənim diqqətimi isə onun rus dilini də ana dili kimi bilməyi çəkdi. İndiki gənclər daha çox ingilis dilinə üstünlük verirlər deyə, rus dilini yaxşı bilib, azərbaycanca səlis yazan jurnalist demək olar ki, çox azdır. Azərbaycanda hələ də rusdilli əhali kifayət qədər olduğu üçün, onların problemlərini də anlaya bilən jurnalist tapmaq həqiqətən hər saat “ələdüşən” deyil. Hər nə isə, tez sevincək bunu iş görüşməsinə dəvət etdik. Gələndə nə eşitsək yaxşıdır?.. Deyir ki, mən kiril əlifbasını bilirəm. Dedim bəlkə nə soruşduğumu anlamadı, başladım bununla rusca salamlaşmağa, hal-əhval tutmağa. Gözünü döyüb üzümə mat-mat baxırdı. Düzü əməllicə əsəbiləşdim. Səbrimi basıb onunla sakitcə vidalaşdıq. Amma bu hirs içimdə partladı. Ay bala, axı niyə yalan yazıb özünün də, mənim də vaxtımı itirirsən, əlavə stressə səbəb olursan? Bunu sadəcə səsli deyib, gənci həyatdan küsdürmək istəmədim.

Hələ bu harasıdır? Biri də CV göndərib, ay operativlik belə, bacarıq göydə uçur və sairə. Yenə sevindim. Zəng etmişəm övladım yerində olan işaxtaranımıza. Deyirəm, sizi iş görüşməsinə dəvət edirik. Cavab verir ki, mən indi gələ bilməyəcəm. Xub. Fikirləşirəm ki, insanın önəmli işi ola bilər. Yenə deyirəm ki, bəs nə vaxt gələ bilərsiniz? Deyir, mən manikür üçün lak rəngi seçməyə qərar verməliyəm, sevdiyim maqazində paltarlar endirimə düşüb hələ ora baxacam, bir iki gün keçsin və siz mənə şəxsi nömrənizi verin axşamların birində yığaram. Dedim, ay gözəlim, mən gündüz növbəsində çalışıram, axşam növbəsinin redaktoru isə işaxtaranlarla müsahibə etmir. Bundan başqa, sənin moda sektoruna bu cür marağın varsa, onları jurnalistikadan önə keçirə bilirsənsə, işi düzgün yerdə axtarmırsan. Məncə, o gənc moda sahəsində daha uğurlu olar. Elə deyilmi?

Hələ biri var, bir CV yazıb ki, deyirsən, bu gedib Günəşdən belə reportaj yazıb gətirə bilər. Onun yazdıqlarına görə, yanğın-filan baş verməmiş hadisə yerində olur. Düzü, bu dəfə əlim-ayağım bir-birinə dolaşdı ki, bunu itirməyək. Haradadırsa tez gəlsin ey. Yenə saf kimi zəng etmişəm. Deyir, mənə “konum” at, gəlim. Dillənirəm ki, ay qadası, saytın əlaqə bölməsində ünvan yazılıb da. Ən azı axtarış motorlarına APA GROUP yazırsan, sənə məkanı göstərir. Dirəşib ki, yox ey “konum” at, başqa cür gələ bilmirəm. Soruşdum ki, bəs sabah səni ünvan ilə hadisə yerinə göndərsək, necə gedəcəksən? Dillənmir. Bir də bu nə səmimiyyət, özgüvəndir ki, tanımadığın birindən şəxsi nömrəsi ilə sənə məkan yeri göndərməkdə bu qədər israr edirsən? Hər nə isə, yenə hirsim içimdə partladı, onunla sadəcə səssiz formada sağollaşdıq.

İşaxtaranlardan xahiş edirəm, nəyiniz varsa, onu yazın CV-yə. Məni sevincək edib, sonra da bunu qursağımda buraxmayın. Görünür, belə çox davam etsə, ölkədə CV-yə yalan məlumatlar yazanlara qarşı cəza tətbiq olunması ilə bağlı qanun layihəsi hazırlanmalıdır.

Deməli belə, sadəcə məsuliyyətli olmaq sizi ətrafa daha gözəl göstərəcək. Gedim baxım görüm, e-mailə indi kim nə yazıb?

# 166 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #