Kulis.az Xosrov Natilin yeni şeirlərini təqdim edir.
Ən uzun küçədi Təbriz küçəsi ...
 
Evimizi söküblər, dünya vecimə deyil,
qeydiyyatsız yaşadım onsuz da yer üzündə
tanrının çiçəyi çırtdasın qoy
tək qalmayacaq 
göydələn tikəcəklər  bizim evin yerində.
 
Kirədə yaşayıram indi
aylığını ödəyir evi tikən adamlar
kirayədə yaşayıram
Qara qarayev ünvanlı göyün 10-cu qatında
(İnfallı bir kişinin  mənzilində qalıram).
Yaxşı pivə verirlər  həmin evin altında. 
...
Gündəyməz binalar tikilir bu şəhərdə
Biri o birinin günüsü, gözü kölgəli.
Biri tək bloklu, tək otaqlıdı
biri gövdəli, çoxotaqlıdı
Üz çəkib üzünə biri mərməri,
o biri alt qatında reklam şitləri
kəsiblər yolumuzu
hələ də arsız arsız
 üzr istəyirlər, müvəqqəti
narahatçılığa görə.
...               
  Bir yanı “Qarabağ”,
 Şəhid küçəsi
  Bir yanı Şuşa pavliyonu – restoranları və
  Bir yanı Yaşıl bazar – örtülü bazar
  od tutub yanar
  bir yanı vağzala yavıq dükanlar.
                      ...
 Bu gecə oğlumun
 evdən küsən  gecəsi
 sökülən evimizin
qız küçəsi-
gəlin köçəsiydi,
bu küçə bir igid, bəy küçəsiydi.
 
sökülən evimizin
yalqız küçəsidi –Təbriz küçəsi
bir ömrün xatirə külçəsidi -Təbriz küçəsi
                                                     
bu küçə oğlumun       
evdən gedən küçəsidi
vətənsiz neçə ömrün  -
ili otuz küçəsi-
Ən uzun küçədi Təbriz küçəsi.
...
***
Təqaüdə çıxdı “yorğun” küçəmiz.
Uşaqdan böyüyə susduq hərəmiz.
Bir az qələbəlik yaşandı, düzü.
Uçqunlar altında itdi izimiz.
 
Gözü götürmədi şəhrin meri
Söyüb- söyləndilər hər addım başı.
Dedilər hökmünü verib baksavet
Dedilər çatıbdı pensiya yaşı.
 
Hələ  yaşıl idi bar ağacları
Hələ mehribandı məhlə adamı 
Hələ təzə idi işıqforları
Canısulu idi doqqazı, damı.
 
Neçə qapı çıxdı, neçə pəncərə
Söküldü, dağıldı kitab rəfləri. 
Neçə “tabut” çıxdı bizim küçədən 
Dəfn etdik nə qədər  xatirələri.
 
Toz duman içində nəfəs kəsildi
Sabahsız, havasız deyib boğulduq.
Açıb kitab kimi ötən günləri
Xatirə dalınca qaçıb yorulduq.
 
Sökdülər, tökdülər daş divarını,
Sökdülər, sökdülər hər bir zadını.
Daşının üstünə daş qoymadılar-
Sökdülər küçənin “Təbriz” adını
 
 Qırıldı-çatıldı tut ağacları 
Üzüldü eyvandan üzüm tənəyi. 
Torların içində qurd qaynaşırdı -
töküldü “amerika ağ kəpənəyi”.
 
Çəkildi küçədən ayaq izləri,  
uçuldu dağıldı  qırı,damın da 
Boynunda  yüzillik minnəti qaldı
Göydə ulduzların,  göydə ayın da...
 
***
Məzar yeri tükənib qəbir qazmağa yer yox
Fəxri adlar çoxalıb,
fəxri xiyaban qısa,
şəhərimiz kiçilib
Sıxlaşıb dar küçələr
səkiyə sığınıb avto mobillər.
 
“Qurd qapısı”nda qurd uluyur
Qurd düşüb intellekt sıralarına,
Ölür sənət adamı – ölür səhnədə qullar
ölür ranqlı zabitlər,
məzarına sığmayan ölür igid oğullar. 
ölüm sükutunun qara lentləri gözə dəyir hər yerdə 
 
Canavar ağzından qurtulub torpaq, ta ki
üstündə  güllər açıb  - oleandr kolları.
Kafelərdə, restoranlarda  Matəm marşı səslənir:
-Quyruqlu uduzlar axır gecələr
Ay da ilan kimidi sürünür göydə
Mələklər qısılıb bulud selinə.
 
“Qurd qapısı” kilidli
Qurd qapısı kilidli .
***
 
Hərdən bu şəhərdə ağac kəsilir...
Kəsirlər iliyinə kimi ekzotik bitkiləri,
Sökürlər könə əyri tikililəri
 
Hovuzlar sökülür  balıqların məhbəs yeriymiş,
İstixana, parniklər güllərə qəfəs imiş.
 
sökürlər istismar müddəti bitmiş alimlərin beynini,
dəfn edirlər Linneyin, Lamarkın, Qrossqeymin elmini
 
nadir nəsli kəsilmiş soğanaqlar kəsilir,
neçə qələm vurulmuş qızılgüllər, kəsilir.
neçə Kağız ağacı
Neçə Lələk ağacı
Çiyələk ağacı -
Maritim çiçəklərin susuzluq əlacı 
Neçə dəmirağacı,
sökülür
 
Qapanır “yaşıl kitab”
Qapanır “qırmızı kitab”
Qapanır ilmə-ilmə herbari tənəkələr.
 
Kəsilir  Hələb şamı,
Kəsilir  Eldar şamı
Kəsilir  ağacları,  kolları,
Kəsilir bu şəhərin mərsinləri , zirincləri
Kəsilir Bakının ağ ciyərləri.
 
dan yeri sökülür, gün işığı yox ...
***
 
Əlləri öpülməyən qadın yuxular
Yorğun gündüzlərdə ha yoz çin olmur.
Yüz yol əllərindən öpülən qadın
Gecələr yuxuda  göyərçin olmur.
 
Əlləri öpülmüyən qadın gecələr
Ölüm yuxusudu – yaz axşamları
Payız qoxuludu - qız çiçəkləri
Xəzan yarpağıdı quru əlləri
 
əlləri öpülməyən qadın yuxular
İslaq kipriklərinin kölgəsi torba
Taleyin hədiyyəsi –
Bir qara kəlağayı, bir göz yaşı yazığa 
İşğal olan torpaq tək öyrəşib yalqızlığa.
***
 
Burda Abşeronun Səttar tablosu
Burda lalələrin ləçəyi qandı.
Burda qərənfilin bircə adı var, 
Burda axşam səhər 20 yanvardı .
 
Nə yazı yaz olur, nə payız payız
Eləcə qış gəlir, əncir dəyməmiş
Eləcə yay olur çimərliyində
Adamlar eləcə qaralır gündə.
 
Adamlar oxşardı, damlar oxşardı
İç-içə otaqlar qonşuda itir.
Ümid  adasında- ölü torpaqda
Cənazə şəklində ağaclar bitir
 
Sən sevə biməzsən ayı, günəşi
Dənizdən gün çıxır, ayın göy adı.
Gözəl xanımların, dul qadınların,  
Hamının  üstündə qızlıq soyadı.
 
Burda Abşeronun Səttar tablosu
Burda lalələrin ləçəyi qandı.
Burda qərənfilin bircə adı var, 
Burda axşam-səhər 20 Yanvardı .