Bu gün Bakı şəhərində keçiriləcək “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı çərçivəsində “Boşluğa xütbə” filminin nümayişi təşkil olunacaq.
Kulis.az xəbər verir ki, “Boşluğa xütbə” festivalın xüsusi premyeralarından biridir.
Əsər rejissor Hilal Baydarovun “Xütbə” trilogiyasının sonuncu filmidir. Film Azərbaycan, Meksika və Türkiyənin ortaq istehsalıdır. Ekran əsərində rolları Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov və Orxan İskəndərli kimi aktyorlar paylaşırlar.
Ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcan, prodüseri isə Orxan Fikrətoğludur.
Qeyd edək ki, “Baku Cinema Breeze” festivalı bölgədə kino sənayesinin inkişafı, beynəlxalq əməkdaşlıq və mədəni mübadilə üçün vacib platformadır. 2025-ci il festivalı 30-dan artıq ölkədən iştirakçı qəbul edəcək, 100-dən çox beynəlxalq qonağı bir araya gətirəcək və 50-dən çox film nümayişi baş tuatacaq.
