Azərbaycanda 21 yazıçıya mənzil verilib - Anar açıqladı

Azərbaycanda 21 yazıçıya mənzil verilib - Anar açıqladı
21 may 2025
# 18:03

"Mən sonuncu qurultayda 3 şey vəd eləmişdim. Birinci, Şabranda yaradıcılıq evinin tikilməsini, onu tikdilər, hazırdır. İkincisi, yazıçılara mənzillərin verilməsi idi, onu da elədik. Üçüncü isə Şüvəlanda yaradıcılıq evininin hazırlanmasıdır ki, o da yay aylarında təhvil veriləcək. Verdiyim üç vədin üçünə də əməl eləmişəm".

Kulis.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev deyib.

O, sonuncu qurultaydan sonra 21 yazara mənzil verildiyini bildirib:

"Bizə sahə verilmişdi, ev tikildi, həmin yerdən bizə 21 mənzil verildi və biz də həmin mənzilləri yazıçılara payladıq. Yaxın gələcəkdə yazıçılara mənzil verilməsi ilə bağlı heç bir şey yoxdur".

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Xalq yazıçısı Anar Rzayev növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinə (AYB) sədr seçilib. AYB sədri mətbuata açıqlamasında növbəti 5 il ərzində yarımçıq qalmış işləri tamamlamaq, o cümlədən, yazıçıların mənzil məsələsinin həll olunması üçün sədrliyə iddialı olduğunu bildirmişdi.

Qeyd edək ki, sonuncu dəfə 2023-cü ilin sonlarında Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 üzvünə ev verilib.

# 239 dəfə oxunub

Müəllifin son yazıları

# # #