Bu il qanunsuz yollarla xaricə çıxarılan 180 mədəniyyət nümunəsi Türkiyəyə qaytarılıb.
Kulis.az-ın məlumatına görə, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, 2002-2025-ci illər ərzində ölkəyə qaytarılan ümumi əsər sayı artıq 13448-ə çatıb.
Nazirin sosial media hesabında yazdığına görə, Muzeylər Baş İdarəsinin Qaçaqçılıqla Mübarizə Dairəsi çərçivəsində mədəni irsi qorumaq üçün göstərdikləri səylər 2025-ci ildə də konkret nəticələrlə üzə çıxıb.
Ersoy qeyd edib ki, xaricə qanunsuz çıxarılan mədəniyyət nümunələrini elmi, hüquqi və diplomatik yolla tək-tək müəyyən edərək Türkiyəyə gətirməyə davam edirlər. Muzeylər, hərrac evləri və kolleksiyalar diqqətlə araşdırılır, beynəlxalq əməkdaşlıq sayəsində hüquqi proseslər qətiyyətlə həyata keçirilir.