Özbəkistanın paytaxtı Daşkənddə “Canlı tarix” Beynəlxalq Kinoforumu keçirilib.
Kulis.az xəbər verir ki, forum çərçivəsində Türk dövlətləri arasında beynəlxalq əməkdaşlıq və müştərək film layihələri müzakirə olunub. Özbəkistan və Azərbaycan kinematoqrafçıları arasında memorandum imzalanıb.
“Maqsud Şeyxzadə” bədii filminin birgə istehsalı ilə bağlı memorandumu Özbəkistan tərəfdən Kino Agentliyinin direktoru Şöhrat Rizayev, Azərbaycan tərəfdən isə “Nova Gorica” kino mərkəzinin direktoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Tahir Tahiroviç imzalayıblar.
Qeyd edək ki, Qazaxın Salahlı kəndindən olan Maqsud Şeyxzadə 1908-ci il noyabrın 7-də Ağdaş rayonunda doğulub. O, Özbəkistanın filosof şairi, böyük alimi, görkəmli pedaqoqu, dilçisi və ədəbiyyatşünası kimi tanınır.