İlon Maskın anti-"Odisseya" kampaniyası yeni mərhələdədir.
Kulis.az xəbər verir ki, "X"in sahibi, süni intellekt botu Qrokun ilin sonunadək Homerə sadiq qalaraq tammetrajlı "Odisseya" filmi ərsəyə gətirəcəyini bildirib.
Aylarla Kristofer Nolanın "Odissey" filminə qarşı irqçi çıxışlar edən və müxtəlifliyi ilə seçilən aktyor heyətinin filmin batmasına səbəb olacağını proqnozlaşdıran texnologiya nəhəngi nümayişkaranə şəkildə yanıldığını gördü. Tənqidlər böyük ölçüdə təriflə doludur, qlobal kassa göstəriciləri də yalan demir: "Odisseya" yayımlanmasından bir həftədən az vaxt keçməsinə baxmayaraq, 2026-cı ilin ən böyük hitlərindən biri olmağı bacarıb.
Xəbərdən sonra Mask "X"də Mel Gibsona "Odisseya" adaptasiyası çəkməsi üçün 100 milyon dollar verməyə çoxdan razı olduğunu yazaraq filmdə gəmilərin, zirehlərin, silahların və aktyor heyətinin tarixə uyğun olacağını, bütün dialoqların da birbaşa orijinal şeirdən götürülərək Homer yunancası ilə səsləndiriləcəyini ifadə edib.
Daha sonra o bu paylaşımını süni intellekt aləti Qrok İmecinin Homerin antik yunan şeirinin tarixi cəhətdən dəqiq uzunmetrajlı film versiyasını yaradacağını elan etdiyi açıqlama ilə davam etdirib və süni intellektin ərsəyə gətirəcəyi "Odissey"in 2026-cı ilin sonunadək hazır olacağını əlavə edib.
"Bu il bitmədən Qrok İmecin tarixi cəhətdən dəqiq və Homerin sənətinə sadiq, tammetrajlı "Odissey" filmi hazırlayacaq", - deyə o yazıb və bura bir "X" istifadəçisinin paylaşdığı "Odissey"in süni intellekt tərəfindən yaradılmış 3 dəqiqəlik qısa versiyasını əlavə edib.