Əfsanəvi rok ulduzunun yeni filminin adı açıqlandı

Əfsanəvi rok ulduzunun yeni filminin adı açıqlandı
21 may 2026
# 14:01

Rok əfsanəsi Mik Cagger italyan rejissoru Aliçe Rorvaxerin amerikalı yazıçı Odri Niffeneqqerin romanı əsasında ekranlaşdırdığı "Üç ensest bacı" filmində rol alacaq.

Kulis.az xəbər verir ki, o, ekran işində Dakota Conson, Coş O'Konnor, Sirşa Ronan, Cessi Bakli və İzabella Rossellini kimi əvvəlcədən elan edilmiş məşhur aktyorlarla birlikdə çəkiləcək.

Vulkanik adada başlayan çəkilişlər və tarixi villa

"Rollinq Stones" qrupunun solisti bu həftənin əvvəlində Siciliya sahillərindəki vulkanik Stromboli adasına helikopterlə enib. Rorvaxerin qotik dramının çəkilişləri məhz burada aparılır. Maraqlıdır ki, Cagger adada İzabella Rossellininin atası Roberto Rossellininin 1949-cu ildə çəkdiyi eyniadlı filmin çəkiliş meydançasında anası İnqrid Berqmanla məşhur və qalmaqallı sevgi romanına başladığı tarixi villada qalır.

Kann qalibi olan rejissorun ilk ingilisdilli filmi

"Üç ensest bacı" "Möcüzələr" və "Lazzaro kimi xoşbəxt" filmləri ilə Kann festivalının ikiqat qalibi olan Rorvaxerin ingilis dilində ilk tammetrajlı filmidir. Səs-küylü ekran işi Niffeneqqerin təcriddə yaşayan və qapalı həyat tərzləri mayaq gözətçisinin oğlunun gəlişi ilə pozulan üç bacı haqqında qotik romanına əsaslanır. Süjetin digər detalları isə hələlik gizli saxlanılır. Cagger mayaq gözətçisini, Coş O'Konnor isə onun oğlunu canlandıracaq.

Rorvaxerin sonuncu tammetrajlı filmi baş rollarda O'Konnor və Rossellininin çəkildiyi və Kann festivalında mübarizə aparan "Ximera" olub. Film ABŞ-də "Neon" şirkəti tərəfindən buraxılıb və bütün dünyada böyük maraqla qarşılanıb. Rorvaxer bu ilin əvvəlində Avropa Kino Akademiyasının "Dünya Kinosundakı Nailiyyətlərə görə" mükafatı ilə təltif edilib.

"Üç ensest bacı" filmi "Indian Paintbrush" şirkəti tərəfindən maliyyələşdirilir və istehsal olunur. Dakota Conson və Ro Donnelli Consonun "TeaTime Pictures" şirkəti adından, Stiven Reyls isə "Indian Paintbrush" adından prodüserlik edir. Rejissor Rorvaxer özü də filmin prodüserlərindən biridir. İtalyan icraçı prodüser isə "Fandango" şirkətidir. Ekran işinin əsas çəkilişləri aprel ayında başlayıb və Stromboli və Romada on həftəlik çəkiliş prosesi planlaşdırılıb.

# 67 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər