Fransız rejissor Florian Zellerin Penelopa Kruz və Xavyer Bardemin baş rollarında çəkildiyi "Bunker" filmi Venesiya Film Festivalındakı dünya premyerasında böyük coşqu ilə qarşılanıb.
Kulis.az xəbər verir ki, nümayişdən sonra salonu dolduran izləyicilər ekran işini 16 dəqiqə 30 saniyə ərzində ayaq üstə alqışlayıblar.
Bu göstərici ilə "Bunker" festivalda daha əvvəl 14 dəqiqə alqışlanan "Wild Horse Nine" filmini geridə qoyaraq bu ilin zirvəsinə yüksəlib. Qeydlərə əsasən, psixoloji triller Pedro Almodovarın "Qonşu otaq" (The Room Next Door – 18 dəqiqə) və Kauter Ben Haniyanın "Hind Rəcəbin səsi" (The Voice Of Hind Rajab – 22 dəqiqə) filmlərindən sonra festival tarixinin ən uzun müddət alqışlanan üçüncü ekran işi olub.
Zellerin ssenarisini yazdığı, rejissorluğunu və prodüserliyini öz üzərinə götürdüyü film, varlı bir texnologiya milyarderi üçün sığınacaq inşa etmək təklifi alan londonlu memar Migel və onun 17 illik həyat yoldaşı Sofiyanın paranoya və qorxu dolu anlarını lentə alır. Baş rolları paylaşan Bardem və Kruza filmdə Stiven Qrem, Pol Dano və Patrik Şvartsenegger kimi tanınmış adlar yoldaşlıq edir.
Nüfuzlu "Deadline" portalının məlumatına görə, rejissor Florian Zeller Venesiya üçün qələmə aldığı açıqlamada layihəni birbaşa Kruz və Bardem cütlüyü üçün yazdığını bildirib. O qeyd edib ki, əsas məqsədi izləyicini qəsdən qeyri-müəyyənlik içində buraxaraq sevgi, sədaqət və bağışlanma kimi dərin anlayışları araşdırmaq olub.
Xatırladaq ki, "Oskar" mükafatlı "Ata" (The Father) və 2021-ci il istehsalı olan "Oğul" (The Son) filmlərinin ardından Zellerlə əməkdaşlığını davam etdirən "Sony Pictures Classics" şirkəti Şimali Amerika, Cənub-Şərqi Asiya və Fransa istisna olmaqla, "Bunker"in qlobal yayım hüquqlarını artıq satın alıb.
Florian Zeller kimdir?
Florian Zeller (28 iyun 1979-cu ildə anadan olub) — fransız yazıçı, dramaturq və kinorejissordur. O, müasir Avropa teatrının ən parlaq simalarından biri hesab olunur. Dünya şöhrətini isə özünün məşhur "Ailə trilogiyası"na daxil olan pyesləri ekranlaşdırmaqla qazanıb. Onun 2020-ci ildə Entoni Hopkinsin baş rolu ifa etdiyi "Ata" (The Father) debüt filmi böyük rezonans doğuraraq "Ən yaxşı uyğunlaşdırılmış ssenari" nominasiyasında "Oskar" mükafatına layiq görülüb. Zeller insan psixologiyasının dərinliklərini, ailə daxilindəki mürəkkəb münasibətləri və yaddaş problemlərini özünəməxsus kəskinliklə ekrana daşıyan usta kinematoqrafçı kimi tanınır.