Azərbaycan kinematoqrafiyası tarixində ilk - Telluride Film Festivalında nümayiş

Azərbaycan kinematoqrafiyası tarixində ilk - Telluride Film Festivalında nümayiş
8 sentyabr 2026
# 16:45

Azərbaycan kinematoqrafiyası tarixində ilk dəfə olaraq yerli istehsal olan film dünyanın ən nüfuzlu kinofestivallarından biri sayılan ABŞ-ın Kolorado ştatındakı Telluride Film Festivalına seçilib.

Kulis.az xəbər verir ki, "Ultra Production"un istehsalı olan, Azərbaycan, Türkiyə və Sinqapurun birgə ərsəyə gətirdiyi "İt Lives Under The Snow" qısametrajlı bədii filmi festivalın 4-7 sentyabr 2026-cı il tarixlərində keçirilən 53-cü edisiyasında nümayiş olunur.

1974-cü ildən fəaliyyət göstərən Telluride Film Festivalı təqvimdə Kann festivalından sonra, Toronto və Nyu-York (New York) film festivallarından əvvəl yerləşərək payız mövsümünün əsas "kəşf platforması" rolunu oynayır. Yalnız dünya premyeralı filmləri qəbul edən bu nüfuzlu qurum Maykl Murun (Michael Moore) "Roger and Me" və Robert Rodrigesin (Robert Rodriguez) "El Mariachi" kimi layihələrini ilk dəfə dünyaya tanıdıb və hər il yüzlərlə müraciət arasından çox məhdud sayda əsər seçir.

Filmin süjeti illərdir insanların sirli şəkildə itkin düşdüyü bir kənddə cərəyan edir; burada yerli sakinlər yaxınlarda yoxa çıxan Muradı axtarmaq üçün iki qərib kişi ilə birləşirlər. Axtarışlar onları qarın altında yaşadığına inanılan sirli məxluq haqqında yerli əfsanəyə aparır və bu yol onları gözlədiklərindən qat-qat dərin bir sirrin izinə salır.

Filmin rejissoru İqor Smola, baş rolun icraçısı isə Arzuman Mirzəsoydu. Layihənin prodüserləri Emil Nəcəfov, Qriqori Baqayev, Elməddin Əliyev, İsmayıl Səfərəli, Fəhriyyə İsmayılova, Kəmalə İsrafilova, Alvin Li, İlkin Məhəmmədli, Duyğu Davalı, Serkan Yegen və İqor Smoladır. Hazırda rejissor İqor Smola və prodüser İsmayıl Səfərəli Telluride Film Festivalındadırlar.

Qeyd edək ki, Telluridedən əvvəl film artıq bir sıra nüfuzlu beynəlxalq festivalların rəsmi seçimlərinə daxil olub. Bunlar arasında Portuqaliyanın FEST — New Directors New Films Festivalı, Krakow Film Festivalının Qısametrajlı Film Müsabiqəsi, Las Palmas de Gran Canaria Beynəlxalq Kino Festivalı, DokuFest-in Beynəlxalq Qısametrajlı Filmlər Müsabiqəsi, Ən Yaxşı Avropa Qısametrajlı Filmi üzrə European Film Awards (2027 qısa siyahısı), Tampere Film Festivalı, Go Short Festivalı, Clermont-Ferrand Beynəlxalq Qısametrajlı Film Festivalının Lab Müsabiqəsi və 29-cu edisiyası keçirilən Winterthur Beynəlxalq Qısametrajlı Filmlər Həftələri yer alır.

# 116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər