Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) təşkilatçılığı ilə rejissor Arzu Urşanın “Arzunun ardınca” sənədli filmi nümayiş olunub.
Kulis.az xəbər verir ki, film yer kürəsinin ən hündür zirvəsi Everesti fəth edən ilk azərbaycanlı alpinist qadın Elmira Aslanovaya həsr olunub.
Rejissor, qəhrəmanın hekayəsini həssaslıqla, sadə, təsirli dillə anladır və ekranda uşaqlıqdan alpinizmə sevgisi olan gənc bir qadının səmimi, əzmkar obrazı görünür. Müəllif filmdə eyni zamanda, səyahət zamanı, ekstremal situasiyalarda çəkilmiş kadrlardan da istifadə edib.
Tədbirdə Arzu Urşan “Arzunun ardınca” filminin yaranmasından, festivallarda qazandığı uğurlardan danışıb.
Filmin qəhrəmanı Elmira Aslanova Everesti fəth etməsində ailəsinin, xüsusən qardaşlarının dəstəyini vurğulayıb və bu səyahət zamanı keçirdiyi hisslər haqda söz açıb.
Çıxışlardan sonra film nümayiş olunub.
Nümayişdən sonra kinoşünas Ülvi Mehdinin moderatorluğu ilə baş tutan müzakirədə rejissor və qəhrəman tamaşaçıların çoxsaylı suallarını cavablandırıblar.