Uşaq saflığı zamana qalib gəlir – Faiq Xudanlı “Arzulardan sonrakı şəhər”dən yazır...

<span style="color:red;">Uşaq saflığı zamana qalib gəlir  – Faiq Xudanlı “Arzulardan sonrakı şəhər”dən yazır...
30 iyul 2018
# 15:32

Kulis.az fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlının Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı haqqında yazdığı “Zamana qalib gəlmək” essesini təqdim edir.

Həyat çox qəribədir. Və ömür heç nəyə baxmayaraq öz axarı ilə gedir. Bəlkə də zamanın heç bir mənası yoxdur, bəlkə də var. Bilmirəm. Hərdən düşünürəm ki, zaman elə bizim özümüz üçün uydurmuşuq. Bəzən bunu kainata, dünyaya, bəşəriyyətə, insana, bütün var olanlara və olmayanlara şamil edirik. Axı nədir zaman?

Əgər zaman varsa, demək bunun əvvəli və sonu olmalıdır. Bəs harada başlayır, harada bitir zaman? Biz doğulandamı, yoxsa biz olmadan da var idi zaman? Var idi, təbii... Bəs biz olmadan zaman nə ifadə edirdi? Nə üçün idi? Biz olmadan, yox idi zaman. Biz olmadan yox idi ana, biz olmadan yox idi vətən, biz olmadan yox idi cümlə-aləm, biz olmadan, yox idi, yox idi heç nə. Bax indi yazıram, kimlərsə nə zamansa, zaman qurmuşlar. Baxın Zamanı quranda da zaman deyirik. Qaça bilmirik zamandan. Çünki, heç kimin zamana gücü çatmır. Gücsüz qaldığımızı dərk edərək, ancaq onu bölə bilirik. Anlara, saniyələrə, dəqiqələrə, saatlara və sairlərə bölürük. Bölürük, parçalayırıq. Böldüyümüz zamanlara hökm etməyə cəhd edirik. Maraqlıdır, gücümüz çatırmı?

Hələ ana bətnində zamana qalib gəlmək üçün çox kiçik bir zərrəcikdən sürətlə insan övladına çevrilirik. Körpə ikən sürətlə böyüsək də, bu bizə bəs etmir, daha böyük, daha güclü olmağa can atırıq, biixtiyar zamana qalib gəlməyə çalışırıq. Zamanı sürətlə keçməsi üçün sanki qovuruq. Qovuruq ki, bəlkə hansısa məchul bir zamanda bizim zamanımız gələcək. Zaman keçdikcə onu saxlamağa, durdurmağa çalışırıq, ancaq zaman dayanmır. Sanki bir zamanlar qovduğumuz zamanın özü bizdən qisas alır, daha sürətlə gedir, tutmaq olmur. Və getdikcə daha da sürətlənir.

Bəlkə sən gözlədiyin zaman gəlməyəcək. Çünki zaman biz olmadan var idisə, elə zamanın özündəyik. Yox əgər biz olduqdan sonra zaman olubsa biz yenə də zamanın özündəyik. Zaman bizim özümüzdədir. Zaman bizimlədir, bizim içimizdə, çölümüzdədir, bizim varlığımızdadır. Zaman var olan və olmayandadır. Olan varsa, deməli zaman məna kəsb edir, var olmayanda heç bir mənası yoxdur. Dul qalır zaman. Özü üçün mənasızlaşır.

Demək, zamanı yaşadan da bizik, onu mənalı edən də. Zamanı acılı, kədərli, sevincli, xoşbəxt edən özümüzük, ruh verən bizik, məna verən bizik, cümlə aləmdir. Biz dünyadan köçürük, yox oluruq, zamansa yaşayır. Bizim üçün zaman başlayır və bitir. Biz isə yalnız öz zamanımızı özümüz istədiyimiz kimi qura bilirik.

Kimlər üçünsə zaman bir mərhələdən başlayır, kimlər üçünsə heç başlamır. Sadəcə axıb gedir. Kimlər isə zamana məna verməklə Allahın verdiyi ömrü sadəcə zaman üçün yox, həm də özü üçün mənalı edir. İçindən nifrəti, kini qovur. Qovğanı, bütövlükdə zamanını korlayacaq hər bir şeydən uzaq qaçır. Bunları bacaranlar ümum-zamana olmasa da, öz zamanlarına qalib gəlir. Ruhi anlamda zaman onun üçün işləyir. Eqolarına yenik düşənlərsə, zamanın kənizi olur.

İnsan övladına zaman verilib. Onunla istədiyini edir. İnsan ona məxsus olan dünyada ən qiymətli zamanını verdiyi insanlar daha doğma olur. Hətta zamanını sərf etdiyi əşya da, heyvan da doğmalaşır. Zaman həm də unutdurur, yadlaşdırır. Bəziləri zamanın fövqünə çıxa bilsə də, bütövlükdə zamanla insan yadlaşır, özgələşir. Ananın övlada məhəbbəti ona görə müqəddəsdir ki, doqquz ayın hər bir anını ağrılara dözməklə bütün zamanını ona həsr edir. Körpəsi dünyaya gəldikdən sonra da əksər hallarda, ömrünün sonuna kimi ananın zamanı övladı üçün işləyir. Beləcə övladın sevgisi parçalansa da, ana sevgisi hər gün artır.

Bu yaxınlarda Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” adlı romanını oxudum. Roman mənə o qədər doğma gəldi ki, bəzən hislərimə hakim ola bilmirdim. Sanki roman mənim içimdən, mənim şəhərimdən, mənim unutduğum zamandan gəlmişdi. Və Şərif elə bil hər kəsi ora, o şəhərə getməyə səsləyir. Yəqin mənəvi qatda hər kəsin bir zamanı var, şəhəri var. Şərif romanda iki zamanı bir zamana elə məharətlə sığdırıb ki, mənəvi qatdakı bu şəhərin qapıları üzümüzə açılır, ancaq heç də hər kəs o qapıdan keçə bilmir.

Kitabın annotasiyasında belə bir cümlə var: “Savaş əbədi məğlubiyyətdir, bəşəriyyət ondan vaz keçmədən Arzulardan Sonrakı heç nəyi yaşaya bilməyəcək”. Demək ki, nifrət və kinlə yoğurulmuş kəslər bu “şəhər”in sakini ola, o zamana dönə bilməz. İnsanı yaşantıları, sosial mühit və zaman formalaşdırır. Ya zaman bizim uşaqlığımızı məhv edir, ya da ruhumuzu qoruyaraq zamana qalib gəlirik.

Romanı iki dəfə oxumuşam. Hər bir detalı haqqında geniş müzakirə aça bilərdim. Bəlkə nə zamansa bu detallar haqqında geniş yazaram. Ancaq indi tövsiyəm odur ki, işdi romanı oxusanız mütləq ən xırda detala belə həssaslıqla yanaşın. Misal üçün, müəllif qəhrəmanın dilindən “Məxmərək qolunu bonuma salıb məni öz piştaxtasının yanına apardı, saçlarımı qarışdırıb gülümsünəndə lap doğma göründü, daha çox atam oldu”. Oxşadı yox a, oldu. Sözün və ifadənin qüdrəti burada tam mənasında əks olunur, bunu görmək, anlamaq yox, ancaq duymaq olar.

Romanda hadisələrin təsviri elə uşaq səmimiyyəti ilə verilib ki, oxucu müəllifin saf, təmiz uşaq qəlbinə, uşaq zamanına daxil olur və yenidən uşaqlaşır. Ədəbiyyat, sənət əslində uşaqlığımıza dönmək, o saflığı yenidən yaşamaqdır. Beləcə həm də psixoterapiyadır. İnsan, bəşəriyyət, elmdən, ədəbiyyatdan sənətdən uzaqlaşdıqca aqressivləşir. Çünki insan ancaq orada qismən azad ola bilir. Uşaq arzuları qədər saf, azad və axtarışda olan heç nə yoxdur. Dahilər özləri ilə tək qalanda ruhən uşaq, həm də zamanına qalib olurlar.

“Yaşıl vadinin xaraba qalmasına imkan vermə. Lap ölsən belə, İterü səni yenidən yaradacaq. Dünyaya neçə dəfə gəlirsən gəl, ömrünün axırınacan Yaşıl vadini axtar. Quş kimi yaransan, uç, at kimi yaransan, qaç, ilan kimi yaransan, sürün. Yağışa dönsən, Yaşıl vadiyə yağ, toza çevrilsən, üzübəri əsən yellərin ətəyindən yapış. Hamımız belə edəcəyik”.

Ruhunuzu, uşaqlığınızı və zamanınızı qoruyun.

# 2262 dəfə oxunub

Müəllifin son yazıları

# # #