Kulis.az mərhum yazıçı-publisist Rafiq Tağının “Moskva dəftəri” silsiləsindən yazdığı gənclik şeirlərini təqdim edir.
Anamı beş-on dəfə görməyim qalır
Qəriblikdə 
nə səadət 
anamı beş-on dəfə
görməyim qalır...
Ağlamağın ustasıdı,
hər il başqa cür 
qocadı
anam - 
onu beş-on dəfə 
görməyim qalır.
Kefindədi 
ürəyidaş oğlanları – 
dünənəcən 
təqaüdünə qardaş 
oğlanları.
Məni görmək istəyir 
deyirlər – 
üzümdən öpmək istəyir...
Qəriblikdə
nə səadət - 
təsadüfən sağ qalsaq,
anamı beş-on dəfə
görməyim qalır.
1980, noyabr
İohann Baxı eşidərdim köynək almasaydım
Ucuz yerlər tutulu
konsertdə...
İohann Baxı eşidərdim
köynək almasaydım.
Anam yazdı,
danladı,
qış köynəyi aldım
özümə.
Baxı eşidərdim ancaq
köynək almasaydım.
Ucuz yerləri
çoxdan tutub
hər şeyin korluğunu
çəkənlər.
Kəndçi geyimimlə
tuşam
biletçi qızın qəzəbinə.
Şüşədən keçir hətta
saçlarından
saçılan
fransız ətrinin
nizəsi.
...İohann Baxı eşidərdim
köynək almasaydım.
1980, noyabr
Anam bilib pisləmişdi
Uzaq yerin
Günəşi soyuq -
biganədi qəribə.
Uzaq yerin 
adamı insafsız -
ölümə laqeyd,
diriyə laqeyd.
Anam bilib pisləmişdi.
Uzaq yerin 
gülləri ətirsiz.
Uzaq yerin 
qızları kədərsiz.
Adamdan çox
itləri sevənlərindən
qorxuram
uzaq yerin.
Soyuqqanlı
projektorlarından 
qorxuram.
Anam bilib pisləmişdi.
Tanışına
yarınıram - 
kimsəsiz deyil desin,
Vətəni var desin - 
anatomiya muzeylərinə
düşməyim öləndə.
Anam bilib pisləmişdi...
Uzaq yeri 
anam bilib pisləmişdi.
1980, oktyabr
Qəribliyimi görməsin anam
Yanıma gəlməsin,
qəribliyimi görməsin
anam.
Buraların yazı gözəl, 
qışı gözəl - 
demişəm.
Buraların yaşayış gözəl -
demişəm. 
Ancaq yanıma gəlməsin,
qəribliyimi görməsin 
anam. 
Qəhqəhə çəkmişəm yanında - 
inanıb.
Amandı, yanıma gəlməsin!
Qəribliyimi görməsin
anam.
Bu adam necəsindəndi - 
aramayandı qəriblik,
ölməyə
yaramayandı qəriblik.
Ancaq yanıma gəlməsin,
qəribliyimi görməsin 
anam.
1981, yanvar
Vətəndən gələn qonaqlarım
Ölənləri demədilər...
Təsəllisiz 
yaşayana 
demədilər çox şeyi.
Anamın saçları
ağdımı?
qəribliyim
kiməsə ağırdımı?
 
...Təsəllisiz yaşayandan 
gizlətdilər unudanı...
Bir vaxt
məni sevənlər
sevməyə ər tapıblar - 
gizlətdilər amma
təsəllisiz yaşayandan.
 
...Ölənləri
demədilər - 
təsəllisiz yaşayandan 
gizlətdilər çox şeyi.
1981, yanvar
Qalstukum köynəyim rəngdə
Qalstukum köynəyim rəngdə - 
mənim gizli sevincim,
mənim yeganə səadətim.
 
Qalstukum köynəyim rəngdə...
Anamı qocaltdım,
anamı,
təkliyimlə - 
vəfasızlıqları
görməyimə 
göz yummadı,
xoş söz də ummadı ancaq
bir kəsdən.
 
Qalstukum köynəyim rəngdə - 
geyinəndə mənim təsəllim...
Adamların təsəllisi 
adam alçatlmaqdı, 
bəzəkli it saxlamağasa
gücüm çatmaz.
 
Qalstukum köynəyim rəngdə - 
mənim gizli sevincim,
mənim yeganə səadətim...
1980, oktyabr
Sizi tanımamışam
Kasıblığımdan
qorxanlar,
qəribliyimə gülənlər,
sizi tanımamışam...
 
Kirayədəyəm yenə
bir alkoqolikin evində - 
təki can sağ olsun...
 
Gördüyünüz mavi
kostyumdayam hələ - 
yay-qış.
Mənə nə var - 
içimi yeyib dolanaram
tanış tələbələrə
qonaq gedərəm
nahar vaxtı,
şam vaxtı.
 
Sizə nə istisi, 
nə soyuğu.
Kasıblığımdan
qorxanlar,
qəribliyimə gülənlər,
sizi tanımamışam...
1980, oktyabr
Darıxdığım hər gün
Uzaq diyarların sədası yaxşı!
Vətəni atanda sevindim hətta
Ağlıma gəlmədi ölüm var axı,
Yaxşı yaşamaqdan vacib 
dünyada.
“Qızıl ürəklidir orda adamlar”, - 
Necə inanardım mən hər kəlməyə!
Tez-tez çəkişərdim doğma atamla,
Nə var-nə var
gündə görürəm deyə.
Könül istəyənlər qalıb uzaqda
Ümidsiz, imkansız sevgilərilə.
Şəklimi də öpür orda uşaqlar,
Sevməyi öyrənib evdəkilərdən.
Yüngül arzuların çəkdiyi yerlər,
Peşiman olmağı öyrətdi mənə.
Bəlkə də “axmaqdır” indi deyərlər,
Razıyam hər şeyə,
dönsəm Vətənə.
 
Uzaq diyarların sədası yaxşı!
Vətəni atanda sevindim hətta
Ağlıma gəlmədi ölüm var axı,
Yaxşı yaşamaqdan vacib dünyada.
 
15.10.1984
Pis günlərlə tanışdı, yaxşı günləri görməyi qalır
Pis günlərlə tanışdı,
yaxşı günləri 
görməyi qalır...
Anasızdı uşaqlığı
yöndəmsiz oğlanın.
 
Bəzənməyi - 
üzünü qırxmağıdı.
İşi-peşəsi 
darıxmaqdı. 
 
Araqdan başqa 
içki görməyib.
Kef görməyib 
yorğun-arğın arvadını 
qucaqlamaqdan savayı.
 
Kəndçi oğlandı 
yöndəmsiz oğlan – 
söz ona toxunandı.
Pis günlərdən az görməyib, 
yaxşı günləri 
görməyi qalır.
 
...Şeytanın 
qıçını sındırıb 
şəhərə gələndə, 
dəvətinə 
qızlar oynamadı 
restoranda. 
Orada qızlar 
ədalı-ədalı, 
oğlanlar 
harın-harın.
Pis günlərdən 
az görməyib, 
yaxşı günləri 
görməyi qalır.
1980, dekabr
Yaxın qəbir həsrəti
Uzaq yerin rahatlığı qüssəli - 
yaxın dostu demirəm,
dəyməyə heç
yaxın qəbir tapılmaz.
...Vətəndə başkəsən də
insaflıdır - 
həm sevimli,
həm inadkar.
Koroğlu xasiyyətlidir
Vətəndəki cinayətkar.
23.01.1988
Hökumət adamı qardaşım
Yaydan-yaya
elə bil
dustaqlıqdan qurtarır
hökumət adamı qardaşım.
Vaxt tapır
adam olmağa.
Qəribliyə gəlir, 
mənə dəyir. 
Sevgi dolu məktublarıma 
xəbər dolu məktub 
yazan qardaş 
məzuniyyətə çıxıb – 
həyatı anlayıb, 
ötən ili yaşamağına 
peşimanlaylb.
6.02.1988
Mənim dayım
Sadə bir oğlandır...
Onun ucuz, 
mavi köynəyindən 
alacağam mən də.
 
Paltarından
zəhmət ətri udur
uşaqları.
Ondan
qoxusunu alar
çöllərin
ömür yoldaşı.