Bir Sabir şedevri: NEYLƏRDİN İLAHİ?

Bir Sabir şedevri: <span style="color:red;">NEYLƏRDİN İLAHİ?
30 may 2017
# 10:04

Bu gün Mirzə Ələkbər Sabirin doğum günüdür. Onun anadan olmasından 155 il ötür. Kulis.az bu münaisbətlə dahi şairin məşhur “Neylərdin, ilahi” rədifli şeirini təqdim edir.

Daş qəlbli insanları neylərdin, ilahi?!

Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

Artdıqca həyasızlıq olur el mütəhəmmil,

Hər zülmə dözən canları neylərdin, ilahi?!

Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, -

Bilməm belə dövranları neylərdin, ilahi?!

Məzlumların göz yaşı dərya olacaqmış, -

Dəryaları, ümmanları neylərdin, ilahi?!

Səyyadi-cəfakardə rəhm olmayacaqmış, -

Ahuləri, ceyranları neylərdin, ilahi?!

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, -

Töxm əkməyə dehqanları neylərdin, ilahi?!

İş rəncbərin, guc öküzün, yer özününkü, -

Bəyzadələri, xanları neylərdin, ilahi?!

Hökm eyləyəcəkmiş butun aləmdə cəhalət, -

Dildadeyi-irfanları neylərdin, ilahi?!

Surtuqlu müsəlmanları təkfirə qoyan bu

Döşdüklü müsəlmanları neylərdin, ilahi?!

Yaxud buların bunca nüfuzu olacaqmış, -

Beş-üç bu süxəndanları neylərdin, ilahi?!

Qeyrətli danosbazlarımiz iş bacarırkən, -

Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!

Ərlər hərə bir qiz kimi oğlan sevəcəkmiş, -

Evlərdəki nisvanları neylərdin, ilahi?!

Tacirlərimiz Sonyalara bənd olacaqmış, -

Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!

Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!

Baxdıqca bu hikmətlərə heyran oluram həp!..

# 1950 dəfə oxunub

Müəllifin son yazıları

# # #