Azərbaycan dilində sevmək

Azərbaycan dilində sevmək
29 mart 2015
# 11:19

Kulis gənc şair Elşad Ərşadoğlunun yeni şeirlərini təqdim edir.

Azala-azala yox olur adam

Başqasının içində yaransa da,
öz içində doğulur adam...

Yaşayır...
Havası çatmır,
həm istidən,
həm soyuqdan,
həm vardan,
həm də yoxdan,
həm sevgidən,
həm sevgisizlikdən,
həm kədərdən,
həm sevincdən...
bir sözlə
içdən-içdən
əziyyət çəkir,
boğulur adam..

Amma
ən pis,
dostların,
yaxınların sevgisindən yıxılır adam.

Elə yıxılır ki,
çilik-çilik olub
öz içinə dağılır adam.

Sonra da
qırıntılarını
yığıb toplamağa çalışır
öz içindən.

Neyləsə də
bir qırıntısı da olsa kəm gəlir
hər dəfə.

Hər dəfə bir hissə,
bir qırıntı azalır,
çıxılır adam.

Hər dəfə bir az kiçilir,
sıxılır adam...

Azala-azala
nəhayət,
bir gün tükənir öz içində...

Beləcə,
yox olur adam...

Tellərində çiçəkləyər əllərim

Yenə bahar gəlib, ay ömrüm-günüm,

Gün vurar, əriyər yenə dərd-sərim.

Nəfəsimdə yanaqların allanar,

Tellərində çiçəkləyər əllərim...

Payızda saralıb ölən təbiət,

Yamyaşıl doğular yenə hər bahar.

Adamların çölündə gül-çiçəklər,

İçlərində sevgi bitirər bahar.

Qış yuxusu buxarlanar torpağın

Nə zaman ki, ay üzündən gün çıxar.

Qarışqanın qayğıları cücərər,

Kəpənəyin gül yuxusu çin çıxar.

Baharın ən gözəl nəğməkarları...

Təbiət nəğməsin xoşlar onların,

Keçər iş başına cırcıramalar,

Solo konsertləri başlar onların.

Böcəklər yuxlayan tər çiçəklərə,

Müştəri gözüylə baxar arılar.

Hər gülün üstünə neçəsi düşər,

Səlib yürüşünə çıxar arılar...

Biz də təbiətin bir parçasıyıq,

Onun ahənginə qarışmışıq biz.

Bu yaz çiçək açar, payız bar verər,

Keçən bahar puçurlayan sevgimiz...

Yenə bahar gəlib, ay ömrüm-günüm,

Gün vurar, əriyər yenə dərd-sərim.

Nəfəsimdə yanaqların allanar,

Tellərində çiçəkləyər əllərim...

Dillər

Çalış,
rus dilində danışmağı,
alman dilində düşünməyi,
ingilis dilində yaşamağı,
Azərbaycan dilində sevməyi,
ərəb dilində ölməyi öyrən...

Çünki,
rus dilində danışmaq,
alman dilində düşünmək,
ingilis dilində yaşamaq,
Azərbaycan dilində sevmək,
ərəb dilində ölmək gözəldir, dost!...

# 747 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #