Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid
30 iyul 2026
# 11:00

Kulis.az ədəbiyyatşünas alim, esseist Mətanət Vahidin mütaliə ilə bağlı sosial şəbəkə hesabında paylaşdığı fikirlərini təqdim edir.


Son vaxtlar ədəbi dairələrdə ən çox müzakirə olunan məsələlərdən biri artıq kitab oxunmadığı, sosial şəbəkələrin onun alternativinə çevrildiyi fikridir.

Bundan başlayaq ki, əsl oxucu üçün ədəbiyyat həmişə seçimin nəticəsidir, dəbin diqtəsinin yox.

Bizə elə gəlir ki, bu dilemmaları yalnız biz yaşayırıq, amma ədəbiyyatla\sənətlə bağlı seçim həmişə olub.

Ədəbiyyat hər yeni kommunikasiya vasitəsi ilə müqayisə olunub və hər dəfə də onun məğlub olduğu düşünülüb.

Lakin zaman göstərib ki, düşünə bilən insanın özünü, başqalarını və yaşadığı dövrü anlamaq ehtiyacı dəyişmir.

Bu gün də dəyişən ədəbiyyatın mahiyyəti deyil, ona münasibətdir.

Kitab oxumaq, ədəbiyyatla, sənətlə nəfəs almaq insanın mənəvi ehtiyacıdır və bütün dövrlərdə olduğu kimi, hamının ehtiyacı deyil, ola bilmir.

Əgər insanın reels\qısa videolar izləmək yox, təkliyə çəkilib kitab oxumaq ehtiyacı varsa, bu zövqü o heç nəyə dəyişməz.

Sosial şəbəkələrdə itirilən vaxt dövrün, inkişaf edən texnologiyanın “günahı” deyil, istifadəçinin öz iradəsizliyindəndir.

İnsan özünə lazım olan hər şeyə vaxt ayıra bilməlidir. Texnoloji inkişafı pisləməkdənsə ondan faydalanmalıyıq.

Sosial şəbəkələrdən də öyrənmək, dünyagörüşümüzü, bacarıqlarımızı inkişaf etdirmək üçün istifadə edə bilərik.

Yenə seçim hər kəsin özünə məxsusdur. Eyni telefondan biri saatlarla mənasız videolar izləyir, digəri elektron kitab oxuyur, mühazirə dinləyir, işinə yarayacaq material axtarır…

Onda bir yaxşı-yaxşı düşünək görək, həqiqətənmi kitabın\ədəbiyyatın rəqibi sosial şəbəkələrdir?

Bir mövzu üzərində dayanmağa macal tapmamış növbəti görüntünün qarşımıza çıxıdığı sosial şəbəklər dövründə uzun-uzadı vaxt ayırıb bədii mətn oxumaq təkcə vərdişlə bağlı deyil, həm də bizdən iradə tələb edir.

Problemi sosial şəbəkələrin mövcudluğu ilə izah etmək isə əslində, məsuliyyəti öz üzərimizdən götürmək cəhdidir.

# 148 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər