"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... - Tanınmış alim xatirələrində nə yazırdı?

"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... -  Tanınmış alim xatirələrində nə yazırdı?
1 iyun 2026
# 09:48

Bu gün tanınmış tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Əziz Şərifin anım günüdür.

Kulis.az filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun "Azərbaycanda sənədli xatirə janrının yaradıcısı" yazısını təqdim edir.

Tarixi çox da qədim olmayan Azərbaycan memuar ədəbiyyatı müxtəlif istiqamətləri əhatə edir. İndiyədək respublikamızda Birinci və İkinci Dünya müharibələrinin iştirakçıları, partizan hərəkatının nümayəndələri, ayrı-ayrı elm sahələri üzrə xüsusi xidmətləri olan məşhur şəxsiyyətlərə aid xatirələr toplanılıb çap edilərək oxuculara çatdırılmışdır.
Memuar ədəbiyyatımızı zənginləşdirən bir istiqamət də məşhur şair, yazıçı, mədəniyyət və incəsənət xadimlərimiz haqqında yazılan xatirələrdir. Bu xatirələri iki qrupa ayırmaq olar:

1. Müəlliflərin öz ədəbi-mədəni və ictimai fəaliyyəti haqqında yazdığı xatirələr. Bu tipli xatirələrin həcmi böyükdür. Həmin xatirələrdə müəlliflər yaşadıqları dövrün ictimai-siyasi ab-havası, ədəbi mühiti, müasirləri, ailəsi, təhsili, yaradıcılıq yolu və haqqında müfəssəl məlumatlar vermişlər. C.Məmmədquluzadə, A.Şaiq, M.Cəfər, M.Mərdanov və başqalarının qələmə aldığı xatirələr bu qəbildəndir.

2. Şair, yazıçı, mədəniyyət və incəsənət xadimləri haqqında yazılan xatirələr. Bu tipli xatirələrin əksəriyyəti kiçik həcmlidir. Belə xatirələr həm dövri mətbuatda, həm də ayrıca kitab şəklində çap edilmişdir. Bunların içərisində kitab şəklində olanlar çoxmüəllifliliyi ilə seçilir. Məsələn, C.Məmmədquluzadə, M.Ə.Sabir, H.Cavid, C.Cabbarlı. Bakı və Naxçıvan teatrlarına həsr olunan kitabların hamısına birlikdə yüzdən çox müəllifin xatirəsi daxil edilmişdir. Memuar ədəbiyyatımızın ayrıca bir şəxsiyyətə həsr olunmuş böyük həcmli nümunələrinə də rast gəlmək olur.

Həmidə xanım Məmmədquluzadənin "Mirzə Cəlil haqqında xatirələrim", Dilbər xanım Axundzadənin "Müşfiqli günlərim", Qurbanəli Məmmədzadənin "Mirzə Əli Möcüz Şəbüstəri və mənim xatirələrim", Məhəmməd Tağı Zehtabinin "Əliağa Vahiddən xatirələrim" kimi hələlik barmaqla sayılacaq qədər az miqdarda olan xatirələr belə numunələrdəndir (Adları axırıncı çəkilən iki xatirədən birincisi qeyri-mətbu olduğundan, ikincisi isə Təbrizdə çap edildiyindən Şimali Azərbaycan oxucuları onların məzmunu ilə tanış ola bilməmişlər).

İkinci qrupa daxil olan xatirələrin az qismi isə "Gündəlik"lər və müxtəlif sənədlərə əsaslanmaqla yazılmışdır. Azərbaycan memuar ədəbiyyatının bu tipli nümunələrinin yaradıcısı filologiya elmləri doktoru, professor Əziz Şərifdir. Düzdür, Ə.Şərifdən bir qədər əvvəl, yəni XX əsrin ilk illərində görkəmli yazıçı Y.V.Çəmənzəminli də "Gündəlik" yazmış və hətta həmin gündəlik qeydləri və yaddaşına əsaslanaraq "Bir cavanın dəftəri" adlı əsərini də yazmışdır (3).

Lakin bu iş ardıcıl, sistemli və elmi ümumiləşdirmə yolu ilə yerinə yetirilməmiş, daha çox bədii xarakter daşımışdır. Ə.Şərifin xatirələri isə onun təxminən 80 illik bir dövrü əks etdirən "Gündəliy"inə və müxtəlif sənədlərə istinadən yazılmış və mühüm elmi əhəmiyyət kəsb edir.

Ə.Şərifin özünün etirafına görə, 1908-ci ildən "Gündəlik" yazmağa başlamış və bu mədəni vərdişi demək olar ki, ömrünün sonunadək davam etdirmişdir. "1908-ci il yaydan etibarən mən "Gündəlik" yazmağa başlamışdım. Bu, mənim ilk təcrübəm idi, gündəlik yazmağı hələ öyrənməmişdim. Odur ki, "Gündəliy"imin səhifələrini lüzumsuz təfsilatla doldururdum. Lakin bununla belə bu gündəliklər yenə də bir para maraqlı hadisələrdən xəbər verir" (8, s. 56).

Çox keçmir ki. Ə.Şərifin gündəlik yazmaq sahəsində təcrübəsi və səriştəsi artır, hətta o, sonralar gündəlik qeydlərini aparmaq üçün özünəməxsus bir üsul da tapır: "Mənim gündəlik yazmaqda bir üsulum var idi. İllik gündəliklər dörd hissəyə bölünürdü: qış, yay, yaz, payız. Hər fəsildə yazılan dəftərlər bükülüb iplə bağlanıb xüsusi qutuya qoyulur, qıfilla bağlanırdı, təzə fəslin dəftərləri yazılmağa başlayırdı. Beləliklə də hər gün yazdığım gündəliklər ildə dörd hissədən ibarət olurdu" (8,. s. 215-216).

Gündəlik yazmaq vərdişi Ə.Şərif üçün həyat normasına çevrilmişdi. "Bu gündəliklər mənim çox vaxtımı alırsa da, mən onları davam etdirəcəyəm, çünki bunsuz yaşaya bilmərəm" (8. s. 215): "Gündəlik" məni çox pis şeylərdən xilas edir, mən ölənədək gündəlik yazmaqdan əl çəkməyəcəyəm" (8. s. 371).

"Gündəliy"indəki müxtəlif illərin hər gününə aid çox əhatəli qeydlər onu sübut edir ki, Ə.Şərif həqiqətən taleyin onun ömür payına yazdığı günlərin xeyli saatını bu işə həsr etməyə əsirgəməmişdir."... Gecələr oturub bəzən səhərə kimi gündəlik yazmağı... adət etmişdim" (8. s. 439); "Moskvada da, Naxçıvanda da mən öz gündəliyimi əldən buraxmaz və hər günün az-çox əhəmiyyətli hadisələrini qeyd edərdim" (9, 107).

Alim "Gündəliy"inə son nöqtəni qoyma anını isə çox təsirli bir dillə (həmin səhifələr rus dilində yazılıb) belə təsvir edir: "Çərşənbə axşamı, 11-XI, 1987. Ömür yolumun sonu yaxınlaşır və 75 il hər gün məşğul olduğum əmək fəaliyyətimin səhifəsini yazıram. Sanki dumanda yazıram, gözlərim yazılanları seçmir, soyuq barmaqlarım qələmi zorla tərpədir, son yazmaq artıq mənim üçün heç nədir. Hər şey yazılıb, hər şey övladlarım Cavada və Güllüyə deyilib. Mənim çağırışımla sabah Azərbaycan MDƏİA-nın rəisi fədakar və əziz dostum Maarif Teymurov gəlir və mən qalan sənədlərim (sənədlərinin böyük bir qismini bundan əvvəl də həmin arxivə təhvil vermişdi F.X.) və əlyazmalarımla birlikdə 45 cildlik "Gündəliy"imi də arxivə verirəm. Beləliklə, mən həyatla vidalaşıram və ruhsuz bədənimin vətənim Naxçıvanın qəbiristanlığında valideynlərim və qardaşımın yanında nə vaxt dəfn ediləcəyini gözləyirəm. Bununla da mən böyük nöqtəni qoyuram" (5, siy. 7, iş 52, v. 57-58).

"Qoyuram" sözündəki nöqtədən sonra Ə.Şərif son sətrin aşağısında təxminən ortada yenidən böyük bir nöqtə qoymuş və imza etmişdir. Gündəliyə qoyulan bu "böyük nöqtə"dən sonra Ə.Şərif düz altı ay 20 gün yaşaya bildi. Görkəmli alim 1988-ci ilin 1 iyununda dünyasını dəyişdi və vəsiyyətinə görə Naxçıvanda dəfn edildi.

Əgər 1908-ci ilin yayından 11 noyabr 1987-ci ilədək hər gün Ə.Şərifin çox yox, orta hesabla bir saatını gündəlik yazmağa sərf etdiyini nəzərə alsaq, onda rəqəmlərin dili ilə belə bir təxmini mənzərə ilə qarşılaşmaq olar: Bir ildə 365 saat, yəni 15 gün, 2 saat. 79 il yarımda (gündəlik qeydlərin yazıldığı müddət): 1209 gün, yəni 3 il, 3 ay. Deməli, Ə.Şərifin 93 illik ömrünün 3 ilindən çoxu ancaq gündəlik yazmağa həsr olunmuşdur ki, bu da ümumiyyətlə, ədəbiyyat tarixində nadir hadisələrdən biri sayıla bilər.

Ə.Şərifin "Gündəliy"inin avtoqrafı S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənet Arxivində mühafizə olunur və bu günədək tam şəkildə oxuculara çatdırılmamışdır. "Gündəliy"in bütövlükdə yox. müəyyən hissələrinin çap etdirilməsində ilk təşəbbüs isə elə Ə.Şərifin özünə məxsusdur.

Belə ki, o, keçən əsrin 60-70-ci illərində Bakıda çıxan "Azərbaycan" jurnalı,"Kommunist" və "Ədəbiyyat və incəsənət" qəzetlərində dərc etdirdiyi məqalələrinə və 1977, 1983 və 1986-cı illərdə çap olunan "Keçmiş günlərdən" adlandırdığı kitablarındakı xatirələrinə Gündəliy"indən çox əhəmiyyətli və geniş oxucu kütləsinin marağına səbəb olan parçalar daxil etmişdir.

Bir neçə kəlmə də həmin kitablara daxil edilən xatirələr haqqında.

"Keçmiş günlərdən"in 1977 və 1986-cı il nəşrlərində ədəbiyyat, elm, mədəniyyət və incəsənət xadimlərimiz, Tiflisdə nəşr olunan bəzi milli mətbuat orqanlarımız, ədəbi əlaqələrimiz haqqında maraqlı xatirələr bir-birini əvəz edir. Biz bu xatirələr vasitəsilə "qısaboy, arıq və zəifvücud, məktəbli bluzası geymiş Sabirin "Tiflis həyatı, xəstəlik dövrü, sağlığında və vəfatından sonra xalq şairinə olan ümumxalq məhəbbətini əks etdirən maraqlı faktlarla qarşılaşır, müəllifin hələ lap uşaqlıqdan tanıdığı "böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran" unudulmaz ədibimiz Ə.Haqverdiyevin ayrı-ayrı əsərləri, elmi-ədəbi fəaliyyəti haqqında qiymətli məlumatlarla, xüsusilə ədibin öz əli ilə yazdığı və son dərəcədə böyük elmi əhəmiyyəti olan "tərcümeyi-hal"ının mətni ilə tanış olur, "səhnədə oynadığı rollarda olduğu kimi həyatda da çox məlahətli, olduqca səmimi və sadə görünən" H.Ərəblinskinin aktyorluq fəaliyyəti, müəllifin "bir şair kimi hələ ilk addımlarından tanıdığı" S.Vurğunun 1953-cü ildə Ukraynada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirakı haqqında zəngin və oxuculara az məlum olan və heç məlum olmayan məlumatlar əldə edirik.

Alimin böyük şairimiz H.Cavid haqqındakı xatirələri isə xüsusi elmi əhəmiyyətə malikdir. O, burada H.Cavidin 1906-1910-cu illərdə Q.Şərifzadəyə İstanbuldan yazdığı səkkiz məktubunu ilk dəfə olaraq oxuculara təqdim edir. Məktublardan aydın olur ki, H.Cavidin İstanbulda keçən həyatı fərəhli olmamışdır. Lakin ağır maddi çətinliklər içərisində yaşamasına baxmayaraq. o, İstanbula çatdığı ilk günlərdən təhsil almaq, əsaslı biliklərə yiyələnmək üçün xüsusi səy göstərmişdir.

H.Cavidin Tiflisdə və Bakıda yaşadığı illərdəki həyat və fəaliyyəti haqqında da oxuculara yeni məlumatlar verilir. Müəllif H.Cavidin şöhrətli bir sənətkar olmasına baxmayaraq bu şəhərlərdə də necə ağır və acınacaqlı bir vəziyyətdə yaşadığını müşahidə etdiyi konkret məqamlarla və tarixi sənədlərə söykənməklə gözlərimiz önündə canlandırır və fikrini ümumiləşdirərək qeyd edir ki: "Qoy böyük şairimizin əsərlərini sevə-sevə oxuyan, onu hörmət və minnətdarlıqla yada salan gənclər və bütün oxucular onun vaxtilə nə qədər ağır və əzablı şəraitdə təhsil aldığını (və yaşadığını F.X) bilsin, onu daha yaxşı tanısınlar" (7. s. 60).

Yuxarıda haqqında bəhs etdiyimiz xatirələrin bir qismi ("Sabir Tiflisdə". "Hüseyn Cavid". "Hüseyn Ərəblinski". "Səməd Vurğunla Ukraynada". "Əbdürrəhim bəу Haqverdiyev") "Keçmiş günlərdən"in ikinci kitabına da daxil edilmişdir. Lakin burada alimin yeni xatirələrinə də rast gəlirik. Bu xatirələrdə F.Köçərli, N.Nərimanov, Ü.Hacıbəyov. M.S.Kirmanşahlı. Ö.F.Nemanzadə. B.Talıblı. R.Nəcəfov. M.D.Rəsulzadə. A.Tuqanov, gürcü ədəbiyyatşünası B.Jğenti, rus şairi D.Bednı kimi elm və mədəniyyət xadimlərinin həyat və fəaliyyəti ilə bağlı məlumatların hamısı oxucular üçün maraqlı, tədqiqatçılar üçün isə mötəbər elmi mənbə sayıla bilər. Həmin xatirələrdən öyrənmək olur ki. F.Köçərlinin zəngin arxivində hansı qiymətli sənəd və materiallar var imiş (9, s. 272-281).

N.Nərimanovun bəzi şəxsi keyfiyyətləri necə imiş və mühacirətdə nəşr edilən mütərəqqi və demokratik Şərb mətbuatını uzaq Naxçıvanda yaymaq üçün Q.Şərifzadənin vasitəsilə abunəçilər toplayırmış (9. s. 282-295).

Ü.Hacıbəyovun "Koroğlu" operasının Bakıda ilk dəfə tamaşaya qoyulmasında müəllif və digər ədəbiyyat və mədəniyyət xadimləri hansı hazırlıq işlərini aparıbmış, operaya ictimai baxış hansı səviyyədə keçirilib və əsərin ilk tamaşasının əks-sədası necə olubmuş (9, s. 296-322), ömrünün son illərini Azərbaycan teatrına həsr edən rus aktyoru və rejissoru A.Tuqanovun 1937-ci ildə V.Şeksprin "Romeo və Cülyetta" əsərini M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulması ilə bağlı təfsilat necə imiş (9, s. 323-336), məşhur rus şairi Demyan Bednı tərəfindən M.Ə.Sabirin şeirlərinin bir neçəsinin rus dilinə tərcümə edilməsinə cəhd olunması və bu işin baş tutmamasının səbəbləri nə imiş (9, s. 356-361) və s.

Ə.Şərifin "Keçmiş günlərdən" seriyasına daxil olan və həcmcə ən böyük memuarı (35 ç.v.) "Atam və mən" adlanır. Xatirə əvvəlcə hissə-hissə "Azərbaycan" jurnalında oxuculara çatdırılmış (6), 1983-cü ildə isə Bakıda kitab şəklində çap olunmuşdur.

Xatirəni yazmaqda müəllifin əsas məqsədi uzun illərdən bəri davam edən gündəlik qeydləri və müxtəlif şəxslər tərəlindən özünə və atasına göndərilən məktublar, teleqramlar (həmçinin öz məktub və teleqramları) vasitəsilə atası Q.Şərifzadənin ictimai fəaliyyəti, hörmət və ehtirama layiq olan bir sıra insani keyfiyyətləri, qayğıkeş bir ata kimi ailəsinə münüsibətinin təzahür məqamları, özünün isə oğulluq borcu və vəzifəsini necə başa düşüb qiymətləndirməsini oxuculara çatdırmaqdan ibarətdir.

Xatirəni oxuduqca Q.Şərifzadənin məşəqqətli, lakin son dərəcədə şərəfli həyat yolu ilə tanış olur, uşaq və gənclik çağlarında atasının incə qəlbini duymayan, öz hərəkətləri ilə çox vaxt onu pərişan edən oğlunu (Ə.Şərifi) qınayırsan: "Atam xasiyyətcə romantik olsa da, mənim tərbiyəmə xalis realist kimi yanaşır, məni realizm ruhunda tərbiyə etməyə çalışırdı. bu da mümkün olmayanda mənə acıyır, danlayırdı" (8, s. 92); "Atamı ən artıq narahat edən bir də mənim həddindən artıq bədxərc olmağım idi" (8. s. 100); "Bütün varlığımı yalnız mütaliəyə, yalnız bədii ədəbiyyata həsr etmişdim... Ancaq kitablarla əlləşirdim... Bu ifrat həvəs atamın acığına gəlirdi" (8. s. 186).

Xatirənin sonrakı səhifələrindən anlaşılır ki, ata-balanın arasında olan bu "ixtilaf" gah aradan götürülmüş, gah da yenidən davam etmişdir. Ə.Şərifin yaşı və təcrübəsi artdıqdan sonra isə gec də olsa, başa düşmüşdür ki, tövsiyə və tələblərini bəyənmədiyi atasının heç bir günahı yox imiş, o, sadəcə olaraq oğlunu "özünə yoldaş, həmdərd, sirdaş görmək istəyirdi" (8, s. 189) və ona ünvanladığı məktublarının birində nahaq yerə yazmırdı ki: "Bunu nəzərdə tut ki, ölü adamın cəsədinə hər tərəfdən qarğa-quzğun, qəcələ tökülər, amma diri adamın üzünə bir milçək, bir mığmığa da qona bilməz. Sənə qəti sözüm budur ki, ölü olma, diri ol. Vəssəlam" (8, s. 147).

Xatirədəki belə epizodlar həmişə cəmiyyətdə müzakirə mövzusu olan "atalar və oğullar" probleminin araşdırılması, təhlili və həlli yollarını tapmaq üçün ibrət götürüləcək nümunələrdir.

Ə.Şərifin ömrünün ahıl çağında aşağıda verilən etirafı buna əyani sübutdur: "Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir. Çox zaman atalar öz oğullarını düzgün anladıqları halda, oğullar atalarını anlamaqdan çox uzaq olurlar. Uzun ömür yaşamış, həyat təcrübəsi toplamış, zəmanənin isti-soyuğunu sınamış atalar oğullarını düzgün anlayır, onların hərəkətlərini düzgün qiymətləndirir, onların hansı hava ilə nəfəs aldığını, hansı yolu seçdiyini, nəyə doğru getdiyini görür və öz mühakimələrində haqlı olurlar...

Mən isə o zaman bunları başa düşmür, buna görə də qiymətləndirə bilmirdim. Çünki hələ öz yolunu tapmamış, ayaqlarımı yerə möhkəm qoya bilməmişdim, həyatı romanlardan öyrənir, həqiqəti başqalarının vasitəsilə axtarırdım. Buna görə də atama bir növ təkəbbürlə baxır, onu özümdən azsavadlı hesab edir, onun nəsihətlərini qulaqardına vururdum" (8. s. 248-249).

Ə.Şərifin gündəlik qeydlərindən və atasının ona yazdığı məktublardan öyrənirik ki. Q.Şərifzadə xüsusi təhsil görməsə də, dövrünün məşhur simaları ilə M.T.Sidqi, C.Məmmədquluzadə, F.Köçərli, M.Ə.Sabir, Ə.Talibov, H.Cavid, N.Nərimanov, İran inqilabçıları və başqaları ilə tanış olmuş, həmişə xalqın taleyini düşünmüş, "öz duzlu felyetonları ilə" "Molla Nəsrəddin" jurnalında "Mozalanbəy" imzası ilə çıxış etmiş, mükəmməl bildiyi mühəndislik sənəti ilə ölkənin bir sıra dəmir yollarının çəkilişində "can qoymuşdur".

Q.Şərifzadəyə məxsus olan ən səciyyəvi keyfiyyətlər bunlardır: təmizlik, yaxşı mənada sədəlövhlük, qayğıkeşlik, əməyə, zəhmətə aludəlik, tələbkarlıq, məğrurluq, səxavətlilik. Bütün bu keyfiyyətlər Q.Şərifzadəyə xatirə müəllifi tərəfindən sadalama yolu ilə aid edilmir. Oxucuların özu bunları sanki "görür", "hiss edir". Ə.Şərfin bu memuarı o qədər yüksək sənətkarlıqla yazılmışdır ki, "Q.Şərifzadə haqqında faydalı elmi əsər yaxud sənədli roman təsiri bağışlayır" (1. s. 155)

"Atam və mən" kitabının bir qiymətli cəhəti də odur ki, biz burada M.T.Sidqinin "Məktəbi-Tərbiyə"si, müəllifin görkəmli rəssam B.Kəngərli ilə görüşləri, "Molla Nəsrəddin" jurnalının nəşr olunma şəraiti və onun əməkdaşları haqqında da maraq doğuran məlumatlara rast gəlirik.

Ə.Şərif "Keçmiş günlərdən" seriyasına daxil etdiyi yazılarını "sənədli xatirələr" adlandırmışdı. Bu, heç də təsadüfi bir adlandırma deyil. Çünki onun elə bir xatirəsini tapmaq olmaz ki, o, ancaq müəllifin yaddaşına əsaslanaraq yazılmış olsun. Vaxtilə alimin özü də buna işarə edərək yazmışdır: ...Şəxsən mən sənədsiz və sənədlə təsdiq edilməmiş xatirələrə həmişə şübhə ilə yanaşmağı adət etmişəm, özüm də uzaq keçmişin bir hadisəsini yada salanda çox ehtiyyatla, min dəfə ölçüb-biçəndən sonra qələmə alır, oxuculara təqdim edirəm" (7, s. 137).

Xatirələrinin məhz bu xüsusiyyəti onları tutarlı tarixi sənədlərlə təsdiq edilmiş sanballı bir elmi mənbəyə çevirir. Ona görə də həmin xatirələri dərindən dərk etmək və tam mənası ilə başa düşmək üçün oxuculardan müəyyən hazırlıq tələb olunur.

Bu mənada akademik Mirzə İbrahimovun Ə.Şərifin xatirələri haqqındakı sözlərini xatırlatmaq yerinə düşər: "Mənə elə gəlir ki, 1905-ci il inqilabının o zamankı cəmiyyətdə yaratdığı ab-hava, ümumi mühit nəzərə alınmazsa", bu xatirələrdəki "adamların bir sıra hərəkət və fikirlərinin səbəblərini, təbiiliyini, həyati zərurətdən doğduğunu bütün dərinliyi ilə dərk etmək çətin olar" (4, s. 6).

Ə.Şərif sadəcə olaraq müxtəlif məktublar, afişalar, vəsiqələr, vizit kartları, avtoqraflı kitablar, teleqramlar, qeydlər və digər tarixi və rəsmi sənədləri cəmləyib xatirələrə daxil etməmiş, eyni zamanda onlara dolğun elmi şərhlər də vermişdir ki, bu şərhlərsiz həmin xatirələr kifayət qədər başa düşülməzdi.

"Tarixi sənəd olduğu kimi qəbul edilirsə də, onu anlamaq, qiymətləndirmək, şərh etməkdə hər kəs, hər oxucu tam sərbəstdir... Mən də bu gündəliklərin bir oxucusu kimi həm də bütün o biri oxuculara nisbətən ən bilikli oxucu kimi yeri gələndə öz şərhlərimi, öz rəyimi bura əlavə edirəm... Məncə, xatirə əsərinin əsas şərti də məhz bundan ibarət olmalıdır" (8, s. 221).

Ə.Şərifin xatirələrində onun öz obrazı da görünür. Əslində həmin xatirələrin baş qəhrəmanı da onun özüdür. Maraqlıdır, Əziz Şərif obrazı xatirələrdə necə təzahür edir?

Bu sualın ən yaxşı cavabını "Keçmiş günlərdən"in ilk nəşrinə ön söz yazan akademik M.Cəfər vermişdir: "Xatirələrdə müəllif özü varsa da. bizə onun mənəvi aləminin ancaq bir cəhəti onun elm, mədəniyyət dostu, ədəbi-mədəni irsin qayğıkeş qoruyucusu olması və əməlpərvər sənətkarlara bəslədiyi dərin hörmət və məhəbbəti görünür" (2, s. 8).

Ə.Şərifin bütün xatirələri maraqlı bir üslubda yazılmışdır. Birinci növbədə müəllifin məharəti onda özünü göstərir ki, o, hər hansı bir mövzuya həsr etdiyi xatirədə elə ilk sətirlərdən oxucunun diqqətini cəlb edir, sonra isə müxtəlif ədəbi manevrlərlə bu diqqətin yayınmasına imkan vermir. Oxucuları təəccübləndirmək, inandırmaq, düşündürmək, təqdim edilən fakt və məlumatlardan nəticə çıxarmağa yönəltmək kimi xüsusiyyətlər bu xatirələrin ən gözəl məziyyətləridir.

Ə.Şərif xatirələrində memuar janrına verilən tələblərə əməl edərək bədii uydurmalara qətiyyən yol verməmişdir. Lakin bu xatirələrdə. xüsusilə "Atam və mən"də Ə.Şərifə məxsus obrazlı və emosional bir deyim tərzini də sezməmək mümkün deyil. Xatirələrdə özünü göstərən həmin ifadə tərzi təsadüfən meydana çıxmamışdır. Buna qida verən onun hələ uşaqlıq və gənclik illərindən Azərbaycan və dünya klassiklərinin əsərlərini mütaliə etməsi, bir müddət isə bədii yaradıcılıq (hətta o, "Məkrli məhəbbət" adlı roman da yazmışdır) və tərcüməçiliklə məşğul olması idi (8, s. 107).

Obrazlılıq və emosionallıq xatirələrə "Gündəlik"dən daxil edilən parçalarda daha çox özünü göstərir. Bunun səbəbini Ə.Şərif belə izah edir: "...Bədii ədəbiyyata aludə olan və boş vaxtını mütaliəyə sərf edən mən "Gündəliy"imi də bədii əsər kimi yazmağa, öz istedadımı və bacarığımı bədii yaradıcılıqda da sınamağa çalışırdım " (8, s. 76).

Bir nümunə: "Ah, mənim zavallı, yaralı, məzlum qəlbim, səni sevirəm... halına yanıram, gözlərimdən sel kimi heç arası kəsilmədən axan yaşlarla sənin əzablarını sərinlətməyə hazıram... Lakin mənim ağlım, amansız, mürüvvətsiz ağlım məni aldadır. O, sənə böhtan atır, qulağıma pıçıldayır ki, guya sən səmimi deyilsən, yalançısan... Mənim hiyləgər ağlım səni ləkələməyə çalışır, sənin əzablarını boş və mənasız hesab edir, məni çaşdırır, mənə hücum edir... Taleyə etibar yoxdur. Qələbəni gah sənə verir, gah da mənim ağlıma. Sizin aranızda qəti və son vuruşma hələ olmamışdır, amma olacaqdır. Ah, mənim mehriban qəlbim, mən necə də sənin qələbə çalmağını arzu edirəm, necə də sənin üstün gəlməyini istəyirəm!" (8, s. 369-370).

Ə.Şərifin xatirələrini səciyyələndirən ən mühüm xüsusiyyətlərdən biri də təxminən yüz illik bir dövrün ictimai-siyasi və ədəbi-mədəni ab-havasını hifz edib özündə saxlamasıdır.

Biz bu xatirələrdə Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəniyyəti tarixinin çox mühüm və öyrənilməmiş səhifələrini vərəqləmək, XIX əsrin 90-с1 illərindən XX əsrin eyni illərinədək olan dövrü əhatə edən bir epoxanın ədəbi salnaməsi ilə tanış olmaq imkanı əldə edə bilirik.

Nəticə olaraq belə qənaətə gəlmək olar ki, Azərbaycanda Ə.Şərifin xatirələri qədər zaman etibarı ilə böyük bir dövrü əhatə edən, etibarlı fakt və sənədlərə söykənən, öz aktuallığını uzun illər boyu saxlamaq gücünə malik olan, ədəbiyyat və mədəniyyət tariximizi öyrənən tədqiqatçılara elmi istiqamət verən, ensiklopedik xarakteri ilə seçilən ikinci bir memuar nümunəsi tapmaq çətindir.

Bu gün Ə.Şərifin xatirələri, necə deyərlər, öz missiyasını yerinə yetirmişdir. Yüzlərlə məqalə, oçerk, dissertasiya və monoqrafiyalarda ən mötəbər mənbə kimi istinad edilən bu xatirələrin bir çox məlumatların dəqiqləşdirilməsində, irəli sürülən elmi mülahizələrin əsaslandırılmasında, yeni araşdırmaların izinə düşülməsində, bir sözlə, ədəbiyyat tariximizdə yazılmamış ağ səhifələrin doldurulmasında xüsusi əhəmiyyəti olmuşdur.

Bu məqamda Ə.Şərifin aşağıdakı sözlərini xatırlatmaq yerinə düşər: "Bütün gecəni oturub səhər saat dördə, beşə, altıya qədər, bəzən də heç yatmayıb gündəliyimi yazarkən mən necə də gözəl iş görmüşəm"(8. 371).

Bəli! Böyük alimin bu "gözəl işi" nəticəsində xalqımıza bəxş olunmuş həmin mənəvi sərvət tədqiqatlar üçün zəngin material verən tükənməz bir xəzinədir.

# 104 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər