Burdan bir atlı keçdi

Burdan bir atlı keçdi
24 iyun 2016
# 12:14

Kulis.az gənc yazar Mücirəddin Mübarizin “Burdan bir atlı keçdi” xatirə-hekayəsini təqdim edir.

Bizim obamız kəndin taxıl sahəsinə düşmüşdü. Atamgil təzə doğmuş qoyunları su altı torpaqlara gətirmişdilər. Digər qoyunları, yəni doğmamış qoyunları isə fermamızda saxlamışdıq.

Bir səhər yuxudan ala-yarımçıq oyanıb gözümü ova-ova çölə çıxanda ocağın üstündə nəyinsə daşdığını gördüm. Yaxınlaşdım, daşan süd idi.Anamı səslədim, hay verən olmadı.

Qazanı odun üstündən götürməyə çalışsam da alınmadı. Ətrafa baxdım, qəribədir, heç kim yox idi, elə bil hamı bizimlə gizlən-qaç oynamaq üçün gizlənmişdi. Bir qab su götürdüm ocağı söndürmək üçün, əlim gəmirdi söndürməyə çün ki, babam bizə ocağın söndürmək günahdır demişdi. Ancaq çətin anlarda söndürmək olardı böyük yanğınlar törəməsin deyə, söndürdüm! Anamın süd çəkən maşını hazır idi , görünürdü ki, işə salıbmış yarıda saxlayıb. Anamın əyləşib süd çəkdiyi yerdə başının yaylığı və atam İmişlinin “Mal bazarı”ndan aldığı ən sevdiyi üstü güllü şəpiti qalmışdı. Anam onu elə qoruyurdu ki, atam həmişə deyirdi “rəhmətliyin qızı şəpitdir də səninlə yaş yaşamayacaq ha”...anam isə “Ə yaxşı sən də hər şeyi söz eləmə uşaqların yanında” deyirdi.

Mən bilsəydim ki, bizi nələr gözləyir ürəyim dayanardı. Obada heç kim yox idi. Qorxulu kinolarda olduğu kimi, elə bil hər yanda bir ölüm səssizliyi hökm sürürdü. Özümdən ixtiyarsız canıma üşütmə gəldi. Ora-bura boylanıb obadakıları səsləsəm də səsimə səs verən olmadı.

Düzü bu ölüm səssizliyi məni çox qorxutmuşdu və mən hələ də şirin yuxuda olan uşaqların yuxusuna haram qatmalı oldum, obada bizdən başqa heç kimin olmadığını necə demişdimsə, onlar da mənim kimi təşvişə düşmüşdülər. Onlar da öz anaların səslədilər, ancaq bir “burdayam” deyən olmadı. Çox axtarışdan sonra birlikdə kəndə getməyə qərar verdik. Mən balaca qardaşımın əynini geyinməsinə kömək elədim.

Hərəmiz əlimizə bir dürmək alıb kəndimizə tərəf gedən tikanlı cığırı izləyə-izləyə yola düzüldük və qorxa-qorxa kəndə tərəf getməyə başladıq. Arabir kimsəsiz qalan obamıza və hasarda bağlı qalan qoyunlara baxıb “görəsən, bunlar hara gediblər? ”- öz-özümə düşünürdüm. Qardaşım çox balaca olduğuna görə tez-tez dayanıb onu gözləyirdim. Ayağına sarı zəhərli tikanlardan batanda ağlayırdı. Gücüm də yetmirdi qucağıma alam.

Kəndə çatmağa az qalmışdı, yolda atamın əmisi oğlu ilə rastlaşdıq. Özümüzdən böyük adam görməyimizlə qorxularımızın yoxa çıxması bir olmuşdu. Qorxudan dürməyimi yemək də yadımdan çıxmışdı.

Atamın əmisi oğlundan atamgili xəbər aldım. Rusiyaya işləmək üçün gedən əmimizin kəndə qayıtdığını xəbər verdi. Sonra hərəmizə bir alma verərək “kəndin itlərindən ehtiyatlı olun” deyib, tələsik yoluna davam etdi. Yanımdakı uşaqlar hiss etməsə də, qohumum xoşagəlməz həyəcanını uşaq baxışlarımdan gizlədə bilməmişdi.

Uşaqlar sevinmişdilər. Narahatçılığım həyəcanı tez yadımdan çıxdı, uşaqlarla birgə sevindim.

Axı, necə sevinməyək? Əmimiz “Rusyetdən” gəlmişdi...

Sevincimizdən daha ucadan danışmağa, deyib-gülməyə başladıq.

Kəndimizə yaxınlaşanda kiminsə saçını yolaraq, haray çəkə-çəkə, dəli kimi qaçdığını gördük. Bu mənzərədən nitqimiz qurudu, dilimiz tutuldu, uzun çəkməyən sevincimiz qursağımızda qaldı.

Həyət, yol adamlarla dolu idi. Qarşılaşdığımız mənzərə bizi şoka salmışdı. Gözlərimiz ixtiyarsız doldu.

Biz Rusiyadan gələn əmimi görmək arzusu ilə gəlmişdik, sakit ağlayan kişilərlə, saçlarını yolan analarımıza qoşulub ağladıq.

Atam əlini üzünə qoymuşdu, elə bil, göz yaşlarını hamıdan gizlətməyə çalışırdı.

Mən nitqi tutulmuş halda irəlilədim, qəfil bibim qışqıra-qışıra üstümə gəldi və yaxası düymələnmiş qırmızı köynəyimdən yapışıb, fermamızda qalan qoyunları saxlayan əmimin göldə boğulduğunu dedi.

Gözlərimin qarasına toxundu, acı, ürək parçalayan sözlər....

Və mən ilk dəfə o gün anamın şilləsini üzümdə hiss etmədən hönkür-hönkür ağlamışdım!...

Kiçik əmim ovcundakı göldə batan əmimin saatına baxıb ağlayırdı. Qardaşının zamanı vaxtsız dolmuşdu.

Mən evin arxasına keçdim. Çox pis olmuşdum. Birinin bükülüb körpə uşaq yumruğu boyda olduğunu görmüşdüm. Bu, babam idi. Mən babamı ilk dəfə çömbəlib oturan, həm də papaqsız görürdüm.

Gəldim, babamın yanında əyləşdim. Ayağının altına düşmüş papağını götürüb babama verdim. O, əlini titrəyə-titrəyə başıma sığal çəkdi. Ovcunun yaş olduğunu hiss etdim. Ağlamışdı... Məni bərk-bərk bağrına basdı, qoxulamağa başladı. Kişi elə bil əmimin ətrini məndən alırdı.

Babamın dodaqları ütüsüz köynəyə dönmüşdü. Ürəyinin necə çırpındığını hiss edirdim. Sanki cərəyana qoşmuşdular.

Babamı qəhər boğduqca məni daha çox sıxırdı özünə. Günahkar uşaq kimi hıçqırıb ağlayanda kimsə kənardan “uşaq qorxar” deyib elə bil məni babamın əlindən almağa çalışırdı.

Babam güclə dərindən nəfəs alıb “dur bala, dur” deyə pıçıldadı, sonra əlini cibinə saldı, siqaretini yandırmaq üçün kibrit gətirməyimi istədi məndən.

Himə bənd adamlar kimi tez qaçaraq babam üçün kibrit gətirməyə getdim.

Nədənsə mənə elə gəlirdi ki, babam bir papiros yandırsa özünə gələr, göz yaşı kiriyər, acısı dinər.

Sonra babamın yanına qırış-qırış quzu dərisindən hazırlanmış böyük papağı olan bir kişi gəldi. Elə bil quzunun dərisini qurudub başına qoymuşdu. Kişinin əlində qara, uzun təsbehi də vardı. Bu qəribə görkəmli kişini heç vaxt bu ətraflarda görməmişdim.

Kişi bir az da yaxına gəldi, əlini babamın çiyninə qoydu və dilləndi.

- Dur, Həsənqulu kişi, başına dönüm, bir az özünü ələ al.

Böyük uşaqlardan biri bu qəribə papaqlı, uzun, qara təsbehli kişinin molla olduğunu söylədi mənə.

Molla sözünü eşidər-eşitməz bədənimdən bir gizilti keçdiyini hiss elədim və qorxduğum üçün tez geri çəkildim.

Rusyadan gələn əmimi gördüm , üzümdən öpdü, başımı sığalladı. Səsi batmışdı, arada burnunu silirdi. Gözlərinin qızarmasından və şişməsindən yol boyu ağladığını aydın açıq xəbər verirdi.

Nənəm tez-tez huşunu itirirdi, dili qatlanırdı. Qadınlardan kimisi nənəmin ayağını ovxalayır, kimisi əlini. Uşaqlar təcili tibbi yardım rolunu oynayırdılar, hərənin əlində bir qrafin su, bir də qaşıq vardı. Azyaşlı uşaqlar üçün adi günlərdən biri idi. Bir tək bu ağlaşma darıxdırıcı gəlirdi onlara.

Mən hələ birinci dəfə idi ki, qadınların bayatı söyləyib, ağladığını görürdüm. Sanki xüsusi hazırlıq keçmişdilər.

Bu dağlar, ulu dağlar,

Yerdəkilər: şaxsey-vaxsey

Çeşməli, sulu dağlar,

Yerdəkilər: şaxsey-vaxsey

Burda bir qərib ölüb.

Yerdəkilər: şaxsey-vaxsey

Göy kişnər, bulud ağlar.

Yerdəkilər: şaxsey-vaxsey

İkinci bir qadın həmin qadının ardınca davam etdirirdi:

Qəribi kim ağladı,

Yerdəkilər: şaxsey-vaxsey

Kim yudu, kim bağladı?

Yerdəkilər: şaxsey-vaxsey

Qərib can tapşıranda,

Yerdəkilər: şaxsey-vaxsey

Ağzını kim bağladı?

Yerdəkilər: şaxsey-vaxsey.

Həmin gün əmimi dəfn etdik.

Kənd camaatı; uşaqlı-böyüklü babamgilin həyətinə yığışmışdı.

Həmişə qonaqlı-qaralı olan ev elə kədərli, yazıq, kimsəsiz görünürdü ki... Hələ çöl qapıya bağlanan qara parçanın mehsiz dalğalanmağı insanı böyüməyə , uşaqlıqdan uzaqlaşmağa səsləyirdi. Ağ heç nə gözə dəymirdi , sanki əmimin ağ kəfəni idi bu evin “ağ günləri”. Onu da artıq əmim özü ilə aparmışdı.

Daha gülüş səsi gəlmirdi , ucadan danışıq səsləri eşitməzdin.

Mayın sonu, iyunun əvvəlləri idi. O yayın istisini dərdin yanğısını da hiss etmədik. Çətin günlər yüklü qatar kimi gedirdi...

Daha “yatağ”ımızdan(Heyvan saxlamaq üçün tikliləri olan bir məkan) qoyunların qalanı da gəlmişdi. Bir tək kəhər at qalmışdı. O at ki, əmim o atla bərabər batmışdı göldə. Əmim qoyunları gölün qırağında sulayan zaman qoyunlardan biri suda batmış, əmim atla suya girmiş, əyilib qoyunu tutmaq istəyəndə atın yəhəri aşmışdı. Əmim qurtulmaq üçün çaba göstərsə də, həm üzə bilmədiyindən, həm də şalvarının kəməri açılıb ayağına dolandığından sulara qərq olmuşdu. Yazıq əmim!...

Kiçik əmim boğulan qardaşını xilas etmək üçün suya tullanmışdı, qardaşının biləyindən yapışıb qurtarmağa çalışmışdı, lakin...

Təəssüf ki, əlinə boğulan qardaşının yalnız qol saatı gəlmişdi.

Əmimi göldə batıran at sağ-salamat balasının yanında olanda , əmim qundaqda qırxlı körpəsini qoyub getmişdi. Mənim fikrimcə at utancından, xəcalətindən qayıtmamışdı kəndimizə. Ürəyimdə küsmüşdüm o atdan. Onu görsəm üzünə də baxmayacağıma söz vermişdim. Dörd yaşımdan yeddi yaşıma qədər o atın belində keçmişdi günlərim.

O at bir növ gözümdə xəyanətkar və əmimin qatili idi indi.

Vaxt gəldi, biz qışlağa getmək üçün yenidən "yatağ"a, yəni fermamıza qayıtmalı olduq. Heyvanları qış aylarında yaza sağ-salamat çıxarmaq üçün o torpaqlar çox əlverişli sayıldığından, əlli ildən çoxdur ki, qışlaq kimi istifadə olunurdu.

Ancaq ora bir də gedə bilməzdik, hələ yaramız acı-acı qanayırdı. Çünki hər yer əmimin nişanələri, xatirələri vardı.

Biz fermamızın qonşuluğunda bir yiyəsiz “yatağ”a düşsək də qərib olduğumuz bilinirdi.

Kənd camaatından hər kim keçirdisə obamızın yanından nəyəsə ehtiyacımızın olub-olmadığını mütləq soruşurdular. Uşaqlardan təkcə mən getmişdim. Əmimdən çox öz fermamızı düşünərdim, çünki fermamıza getsəydik nə atam saqqal saxlayardı, nə də anamla bibim əmim üçün hər gün ağlayardı. Yəqin, əmim də fermamızda olardı.

İndiki kimi yadımdadır. Biz oradan ayrılan gün əmim məni maşının kuzasına mindirmişdi və qulağıma pıçıldayaraq “Tez gəlin” demişdi.

Oradan baxanda böyük çardağımız vardı, çox aydın görünürdü.

Hərdən elə bilirdim gedib çağırsam, əmim çölə çıxar. Mənim fikrimcə, o, ölməyib. Axı, bir insan necə yox ola bilərdi ki?!

Mənə elə gəlirdi ki, əmim harasa getmişdi və bir gün mütləq geri qayıdacaqdı. Ölüm mənə heç inandırıcı gəlmirdi, nədənsə bu “ölüb” kəlməsini heç qəbul edə bilmirdim.

Elə bilirdim gedib başqa yerdə yurd saldığımız üçün əmim bizdən küsübdü. Əsas da məndən incidiyini düşünürdüm. Axı, məni hamıdan çox istəyirdi.

Yadımdadır, təzə evlənmişdi. Onlarla bir yerdə qalırdım. Mənə deyirdi ki, sən bizim oğlumuzsan, səni sadəcə müvəqqəti olaraq atanla anana saxlamaq üçün vermişik.

Dodağımın titrədiyini görəndə isə yalan söylədiyinə məni inandırmağa çalışar, boynumdan öpərdi. Boynumun ardı əmimin öpüşlərindən islanardı və əlim çatmazdı silməyə.

Balaca bığı vardı – öz ömrü boyda... Uzun boyu , gözəl düzümlü qaşları isə, nənəmin qaşlarına oxşayırdı. Onun xasiyyəti o biri əmilərimin hamısının xasiyyətindən fərqli idi; çox mülayim, zarafatcıl və istiqanlı biri idi.

Atam hər gün gəlib fermamızda ağlayıb ürəyini boşaldırdı. Heç nə yeyib-içməsə də, saqqalı hər gün bir az da uzanırdı. Daha məni əvvəllər olduğu kimi qucağına almırdı. Əmimin yetim balasını qucağına götürəndə isə, körpənin boz bələyi göz yaşlarından islanırdı.

Atama görə babamı apardılar fermaya , çünki atam babamın yanında toxtaq olardı.

Çətin də olsa atamgil fermada hər nə varsa söküb yenisini tikdilər. Ancaq torpaq həsrət qoxuyurdu , hər addım başı bir ayaq izi, hələ ölməmiş batarya daşları, hələ koğasının dilinin necə kövrəldiyin görmək... Eh!...

Babam gecəni çox səksəkəli yatırdı. Əmilərim babamı qoyuna getməyə qoymurdu, onları eşidən kim idi? Deyirdi “evdə qərarım tutmur bala”.

Fikirli olduğu üçün məni də ona həyan qoşurdular. Onda anlamırdım bunu, guya köməkçi gedirdim. Babamı çox danışdırırdım, çoxlu suallar verirdim.

Hərdən gülümsəyib “Əəə, yaramaz, sən nə qədər sual verirsən?” deyirdi mənə.

Babam fikirli olurdu deyə, gözü getdiyi yerə baxmırdı, qəfil ayağı bir köhnədən qazılmış çuxura düşdü. Babam “Can bala” dedi. Əvvəl başa düşməmişdim, babam niyə belə deyirdi. İllər sonra öyrəndim ki, o çuxuru rəhmətə gedən əmim qazıb...

O yerlər qumluq olduğundan batan gölün yanında qoyunlar çox şirin otlayırdı. Ora qoyunlar özü dəstələnib gedirdi. Gölə bir az qalmış babam “Bala, get qoyunlarımızı küşgür, üzün bəri qaytar” dedi mənə.

Həmin gün qoyunları susuz gətirdik evə, babam qoymadı gedib göldən içələr. Babam da göldən incimişdi. Kamımız kimi!...

Sonra atamla aparıb “şirin artezian”deyilən yerdən suladıq qoyunları.

Bir dəfə də “Örüş”dən (qoyunların otladığı yer) saxsı qab parçası tapmışdım. Üstündə yazı olduğu üçün babama göstərdim.

Çox xırda yazıldığı üçün babam da oxuya bilmədi. Gətirib anama oxutdu. Üstündə əmimin adı yazılmışdı.

Babam o saxsı qab parçasını illərlə pencəyinin döş cibində saxladı.

Çətin günlərində yanında olduğum üçün babam məni nəvələrinin hamısından daha çox istəyirdi. Həmişə məni bağrına basıb qoxulayar, elə bil əmimin qoxusun məndən almağa çalışardı.

Babam indi tamam qocalıb, hərdən elə bilirəm, babam dörd yaşında atasız qaldığı gündən çox, indi yetimlik çəkir. Gözləri hey əmim gedən yollara dikilirdi.

İllər ötdü, fəsillər dəydi, nə əmim geri qayıtdı, nə də onun xatirələri bu yerlərdən silinib getdi. Qəribə hissdir... Arzularımızı bir-birimizə deməsək də, hiss elətdirirdik; əmim getdiyi yerdən geriyə, obamıza qayıdacaq!...

# 1895 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #