"Qələmin pıçıltısı" - Aqil Yaşaroğlunun hekayəsi

"Qələmin pıçıltısı" - Aqil Yaşaroğlunun hekayəsi
29 dekabr 2023
# 16:40

Kulis.az Aqil Yaşaroğlunun "Qələmin pıçıltısı" adlı hekayəsini təqdim edir.


Qələmlə Kağız nəfəs-nəfəsə idi. İncə toxunuşlar getdikcə artır yaranan hərarət ikisini də isidirdi. Hər ikisinin dodaqları bir-birinə qısılıb qalmışdı... Qələm yuxudan diksinərək oyandı. O, yuxuda gördüklərini real yaşayırmış kimi zənn etmişdi. Amma gördüklərinin sadəcə bir yuxu olduğunu anlayanda, ürəyi sıxılmağa başladı. İndi onun bütün ağlı, fikri qovuşa bilmədiyi Kağızın yanındaydı.

Həmin gecə Qələm lal-dinməz pəncərə önündə dayanıb, çiskin yağışı seyr edirdi. Torpaq çoxdan idi ki, yağışa həsrət qalmışdı. İndi o, yağışdan islanmış torpaq qoxusunu içinə çəkdikcə, özündə sanki sabaha bir ümid işığının parladığını hiss edirdi. Yağışın yağması təkcə torpağa deyil, Kağızın da ruhuna inam, ümid, rahatlıq toxumları səpirdi. Amma o bütün ruhu ilə tənhalıqdan üşüyürdü.

Qələm yorğun olsa da amma Kağız ilə qovuşacağına ümid etdiyi üçün sevincliydi.
Kağız isə ümidsizliyin girdabında boğulurdu. Bu saat hamıya qarşı, hətta Qələmə qarşı belə biganə idi. Sonuncu dəfə nə vaxt güldüyünü də xatırlamırdı. Səbəbini özü də bilmirdi. Dəfələrlə Qələmə yorulduğunu demişdi. Tənha qalmaq istəyirdi. Qələminsə, Kağızdan uzaqlaşmaq fikri yox idi və onun yolunda, ona olan sevgisinin uğrunda mübarizəsini davam etdirirdi. Qələm istəyirdi Kağız onu anlasın, sevgisini qiymətləndirsin.
Qələm Kağızın onun həyatı olduğunu bilirdi, bu səbəbdən də Kağızın uzaqlığı onun həyatını qaraldır, yaşamaq həvəsini öldürürdü.

Kağız hələ də öz kədərinin içində boğularaq, Qələmdən ayrı qalmaq istəyirdi. O, hər gecə içindəki qəm-qüssəyə bürünərək, gecənin səssizliyinə qarışırdı. Bəzən Qələmə elə gəlirdi ki, Kağız onun sevgisinə inanmır. O üzdən duyğularını təkrar-təkrar sətirlərə tökürdü. Ancaq cavabsız idi...
Kağız onun sevgisinə qarşı heç bir şey hiss etmirdi. Qələmin ona sevgisi gücləndikcə, Kağız uzaqlaşmağa can atırdı. Rəfdə üst-üstə qalaqlanmış kitablar bu sevginin böyüklüyündən yaranmışdı. İndi onlar da bu münasibəti öz aralarında müzakirə edirdilər.

Günlər keçirdi. Qələm getdikcə ruh düşgünlüyü yaşayırdı, Kağız olmadan həyatında heç nə yolunda getmirdi. Gecələrin birində onun Kağızdan eşitdiyi cümlə onu çox sarsıtdı, – "Daha həyatımda kimsəni istəmirəm, bundan sonrakı ömrümə tənha davam etmək istəyirəm".

Qələm bu ağrı, hicran dolu sözə dayana bilməyib, yenə hisslərini Kağıza tökdü:

– "Ürəyimdəki bu yanğının səbəbi sənsən. Həyatı unutmaq, boş xəyallara, sonu bilinməyən ümidlərə "bel bağlamaq" lazım deyildi bilirəm. Əslində, xəyallardan qopunca, ağlım yerinə gəldikcə sənə baxmamağa çalışdım. Amma bu da məndə ruh düşgünlüyü yaratdı. Kaş ki, ya şərab içib sərxoş olub, ya da qəzəblənib qəlbimdə sənə olan sevginin atəşini söndürə bilsəm... Bəlkə şərab məni bu qarışıq düşüncələrdən biraz uzaqlaşdıra bilər...

Doğrusu, heç zaman belə cümlələr qurmağa adət etməmişəm. Kimisə bezdirmək, kiminsə arxasınca düşmək, ona mesajlar yazmaq və sair belə hallar mənə həmişə yad olub. Elə indi də bu kimi yazıların nə vaxta kimi yazılacağı məni çox düşündürür.

Düşünürəm, görəsən niyə çox zaman sevənin duyğuları yalnız özünə əziz olur?

Bağışla, bu sözləri özümdən biixtiyar yazdım. İndi mən hörmət və ehtiramla əlimdəki şəklinə baxıb öz-özümə gülümsəyirəm. Yox... sənə olan bu güclü sevgimin qarşısını almaq mümkün deyil. Mənim sevgimin nə sərhədləri, nə prinsipləri, nə də şərtləri yoxdur. Bu adi sevgi deyil... Həqiqi sevgilər adi olmur axı... bircə əlini sinəmə toxundursan əlin mənə toxunarkən ürəyimin necə həyəcanla çırpındığını hiss edər, görərsən. Görürəm baxışlarınla, sözlərinlə mənə meydan oxuyursan.

Lakin sən bilirsən, yaxşı bilirsən ki, sənə olan sevgimin dayandığı yer sənin yanındır və mən sənə tərəf heç cürə gələ bilmirəm. Çünki, məni sənə gətirən yollar hamısı mənə qarşı bağlıdır. O yolları yalnız sən aça bilərsən. Bəlkə bu cümləni oxuyanda özün də təsdiqləyəcək, sonra dərindən köks ötürüb yenidən oxumağa davam edəcəksən.

Fikir verdin?

Hər iki cümlənin sonu "sən" ilə bitdi, sən... sən...

Çünki mənim üçün yalnız və yalnız sən varsan. Mən indi yenə xəyallar aləmindəyəm. Yanımdasan, əllərin ovucumun içində qısılıb qalıb. Nə mən səni buraxıram, nə sən çəkirsən əllərini...

Axı mən sənin əlini buraxmaq üçün tutmadım. Axı mən səni qarşılıqsız sevirəm.

Biz, sanki indicə səninlə bir dağın zirvəsindəyik, söhbət edirik, gözlərinə baxıram... Sənə olan hisslərim getdikcə daha da dərinləşir, səhifələrə ağırlıq edir, beləliklə, məni özün də bilmədən aşağı itələyirsən. İtələyirsən və hər şey bitir...

Kağız bu məktubu oxudu, dərin düşüncələrə daldı.... Sonra cavab yazdı:

– "Sənin bu sözlərin qarşısında nə yazacağımı bilmirəm… Amma düşünürəm mənə qarşı hiss etdiklərin bəlkə gerçək deyil. Çünki bu böyüklükdə sevgi indi əlçatmaz görünür, əlçatmaz olan hər şey isə əfsanədir. Duyğularını anlayıram, sayğım da böyükdür, keçəcəyini düşünürəm. İnan ki, keçəcək, bu sevgi keçmişin izi kimi unudulacaq.

Qələm Kağızın sözlərini oxuyarkən, göz yaşları içində idi. O, sözlərin köksündə açdığı yaraların ağrısından inildəyirdi. Kədərini içində boğaraq gecənin səssizliyi ilə dost olmuşdu. Birdən də ona elə gəldi ki, Kağız onun sevgisinə inanmır, sübut tələb edir. O, nə qədər duyğularını sətirlərə töksə də, orada bütün hissləri olduğu kimi təsvir olunsa da Kağız laqeydliyindən əl çəkmirdi. Qələmin sevgisi günbəgün artırdı, amma Kağızın gözlədiyi kimi, bunu sübut etməyə çalışmırdı, yalnız mübarizə aparırdı. Onun məhəbbətindən yaranan kitablar rəfdə bir-biri ilə söhbət edir, gülüşürdülər. Qələmin tənhalığı isə yavaş-yavaş qəlbini sıxıb, onu incitməyə başlamışdı. Kağız onu anlamaq istəmirdi.

O qədər böyük sevginin qarşılığında aldığı cavab təkcə bu olmuşdu:

– "Həyatımda kimsəni istəmirəm. Sənə heç vaxt ümid verməmişəm, vermək də istəmirəm." Vəssəlam...
Qələm bir qədər tərəddüd etdikdən sonra bütün cəsarətini toplayıb, yenidən sözə başladı:

– "Niyə məndən qaçırsan? Niyə həyatında mənə yer yoxdur?"

Kağız həyat yolunu qarşısında canlandırdı. Öhdəsindən gələ bildiyi çətinlikləri xəyalından təkrar keçirdi. Qələmə qarşı hissləri barədə isə yenə də qərar verə bilmədi.

Araya çökmüş uzun səssizlikdən sonra yenə sükutu Qələm pozdu:

– Niyə həyatında mənə yer yoxdur?"

– "Niyəsi odur ki, belə lazımdır. Olmaz. Olmayacaq da...

Qələm günəşə baxdı, özünü üfüqü xətlər kimi qırıq-qırıq hiss etdi. Kağıza təsirli cavab verməyi düşündü. Lakin, ağlından fərqli bir sual keçsə də dilində tamam başqa bir sual səsləndi:

– "Mən bilsəm ki, həyatında biri var, ömürlük bu söhbətlərə son qoyaram".

Kağız özünü səbrinə hakim ola bilməyib hirsli şəkildə dilləndi:

– "Birincisi həyatımda kiminsə olub-olmamağınının kimsəyə dəxli yoxdur. İkinci də mən kiməsə "yox, olmaz" deyirəmsə, onun səbəbini və niyəsini açıqlamaq məcburiyyətində deyiləm. Belə istəyirəm, belə də deyirəm!"

Qələm bu sözlərdən incidi, ancaq özünü o yerə qoymadı...

O, hisslərini Kağıza bu cümlələrlə ifadə etdi:

– Sən mənim gündüzümlə gecəmin qovuşması...

– Sən mənim yuxularıma saniyəlik gələn qonaq…

– Sən mənim cavab verməli olduğum çətin sual…

– Sən mənim hesablaya bilmədiyim misal…

– Sən mənim oxumaq istəyib, oxuya bilmədiyim kitab…

– Sən mənim toxunmaq həsrətində olduğum bir günəş…

– Sən mənim sevdiyim mahnılarda əzbərlədiyim nəqərat…

– Sən mənim qaranlıq gecədə məhv olan ümidim…

– Sən mənim yaza bilmədiyim sevgi şeirim...

– Sən mənim heç vaxt gerçək olmayacaq xəyalım…

– Sən mənim zamanın axarında çırpınan, çabalayan duyğum…

– Sən mənim həsrətində olduğum ilahi qüvvə…

– Sən mənim getmək istəsəm də gedə bilmədiyim…

– Sən mənim hətta, düşünmək istəməyəndə belə düşündüyüm…

– Sən mənim yazmaq istəməyəndə yenə də yazdığım…

– Sən mənim qəlbimdəki əlçatmaz arzum…

– Sən mənim toxunmağa qıymadığım ətirli çiçəyim…

– Sən mənim ən şirin xəyalım…

– Sən mənim sabaha ümidimsən...

Qələm duyğularını yazandan sonra cavab gözlədi... Gözlədi... Gözlədi... Yorğun saatlar keçdi. Kağız həmişəki kimi oxuyub susmuşdu. Əslində, Kağız bu yazılanlardan duyğulanmışdı, amma bunu biruzə vermədi. Elə təkrar-təkrar özünə bu sualları verirdi, "Belə bir sevgi mövcud ola bilərmi? Qarşılıqsız, toxunmadan uzaqdan sevmək mümkünmü?"
Qələm hələ də ümidlə cavab gözləyirdi. Nəhayət, səbri tükəndi, dözmədi və yenidən yazdı:

– "Deyəsən yazdıqlarım gülməli, ya da boş, mənasızdır?".

Kağız mesajı alan kimi cavab verdi:

– Hisslər heç vaxt gülməli ola bilməz, təbii ki, əgər bu hiss qəlbdən gəlirsə. Sadəcə, əlimdən heç nə gəlmir, sənə ümid verə bilmərəm. Boş dedikdə isə mənasız olduğu üçün deyil, nəticəsiz olduğu üçün boşdur. Mənə qarşı olan hisslərini gözündə çox da böyütmə, əksinə bu fikirləri özündən uzaqlaşdırmağı, susdurmağı bacar. Mən özümə qapalıyam ki heç dostum da yoxdur, heç kimi yaxın qoymuram özümə. Düzdür, əvvəl belə deyildim, illər ötdükcə görüb-anladım ki, belə daha doğrudur. Bir də ki, mənə qarşı hiss etdiklərin əslində həqiqət deyil, sadəcə əlçatmaz olduğu üçün sənə bu qədər ağır gəlir.

Qələm:

— Mən indi sənə olan sevgimi sübut etməyə çalışmayacam, buna gücüm də yoxdur. Nəyə inanmaq istəyirsənsə, ona inan.

Kağızın şübhə və sual dolu baxışları altında özünü itirən Qələm, adətən söhbət zamanı çətinlik çəkməzdi. Amma bu dəfə vəziyyət fərqli idi. Hətta, bəzən az qala onun nəfəsi daralardı. Qələm təbiətcə çox həssas idi, qəlbi qırılmasın deyə bacardığı qədər hər kəsdən uzaq gəzirdi. Ancaq könlünü özü də bilmədən Kağıza vermişdi. Sevmişdi onu, insanlar yeməyi sevdiyi kimi.

Qələm Kağızı düşündükcə fikirləri biixtiyar pərvazlanır, onun xəyalı ilə yanına doğru yol alırdı. Əvvəllər cəmi bir dəfə görüşmüşdülər, o, vaxt Qələm Kağızın əlini ilk dəfə tutanda sevgi ilə necə sıxmışdısa, əlini sıxdığı zaman duyduğu xoşbəxtlik hissi uzun müddət keçməsinə baxmayaraq, hələ də öz təsirini itirməmişdi. İndi o, Kağızın qəlbinə girməyin yollarını düşünürdü.

Qələm duyğularından baş qaldıran içindəki məhəbbət qığılcımını Kağızın üzünə baxanda daha da aydın hiss edirdi. Kağızın gözləri, baxışları od saçırdı. Kağız ağappaq, tərtəmiz idi, lap Qələmin hissləri kimi...
Qələm bir gecə yenidən yazmağa başladı:

– "Xəyal edirəm, indi yanımdasan, sükutu pozmamaq üçün qulağına pıçıldayıram: Sənin görünüşün məni son dərəcə təəccübləndirir. İçimdə özümün də anlamadığım bir qüvvə məni sənə bağlamağa məcbur edir. Bu duyğular elə inanılmaz qüvvədir ki, sətirlərin ağırlığı ürəyimə sirayət edir. Mənim yazılarım sənin məhəbbət anlayışına ziddir. Üstəlik, cümlələri oxuyarkən hiss edə bilmədiyin duyğunu başdan-ayağa dəyişmək iqtidarında da deyiləm. Sakit görünüşün var, gah soyuqqanlısan, gah isti... Mən sənə dənizlərin nəfəsini, çiçəklərin qoxusunu ərməğan etmək istərkən, sən məni önəmsəməyib, qurduğun ağır cümlələrin zindanına həbs edirsən. İnan ki, Qələmim göz yaşı tökür, səni bəyaz sətirlərdə yaşatmaq üçün."

Kağız:

– "Demək ki, özünə əzab verməyə qərarlısan?"

Qələm dilxor halda:

– "Çünki burda, sinəmdə bir duyğu var və o, duyğu sənin susmağınla, səssizliyinlə bitəcək qədər bəsit deyil, bunu anla."

Kağız:

– "Sizin bu duyğularınıza görə mən günahkar deyiləm axı".

Qələm dərindən köks ötürdü, uzun müddət susdu. Birdən onun ağlına bir ideya gəldi – Kağızı bacardığı qədər rahat buraxmaq.

O, məhz belə də etdi...

Günlər keçdi... Qələmin səssizliyində bu dəfə Kağız darıxmağa başladı. Qələmi görmək, onun düz xətt üzrə səliqə ilə düzülən sevgi sözcüklərini oxumaq istədi.

Şər qarışmışdı. Bayırda yenə ecazkar yağış yağırdı.

Qələm yağışı seyr edə-edə düşünürdü, tərəddüd edirdi, yenə Kağıza doğru getsinmi ya getməsinmi?

Gözlərini yumdu, cəsarətini topladı və sevimli Kağıza doğru yenidən yol aldı.

Kağız bu dəfə onu fərqli qarşıladı, çünki o, çox darıxmışdı. Beləcə, həmin gecə onlar qovuşdular, saatlarla bir-birlərinə sarıldılar. Bundan sonra Qələm sevgidən doğan təkrarolunmaz bir hekayə yazdı. Bu hekayə əvvəlindən sonuna qədər sevgi ilə yazıldığı üçün uzun müddət dastan oldu…

# 954 dəfə oxunub

Müəllifin son yazıları

# # #