Sevinc-kədər - Yeni hekayə

Sevinc-kədər - Yeni hekayə
19 oktyabr 2022
# 16:20

Sevinc. Necə gözəl səslənir, qulağa necə də xoş gəlir. Həyatımızın hər anında axtardığımız, yaşamaq istədiyimiz, bəlkə də əslində yaşayıb ancaq hiss etmədiyimiz, bəzi anlar, bəzi şeylər. Nə bilim, çox qəribədir. Nədir qəribə olan? Sevincmi? İnanmıram hisslərin ən gözəli bu qədər qəliz ola. Beynimdə bir çox sual yaranır. Suallarıma cavab tapmaq üçün düşünəndə isə anlayıram ki, sevinc qəribə və ya qəliz deyil, sadəcə insanlar onu qəlizləşdirir. O hər bir fərd üçün fərqli amal, fərqli məqsəd, fərqli düşüncə, fərqli istək olsa da əmələ gətirdiyi hiss hər kəsdə eyni olur. Məncə xoşbəxtliyi axtarmaq lazım deyil. O hər zaman bizimlədi, sadəcə biz onu görməkdə çətinlik çəkirik. Məsələn, bir neçə müddət əvvəl keçirdiyimiz pandemiya dönəmi buna sadə bir misal ola bilər.

Durmadan artan, neçə-neçə canları özü ilə aparan xəstəlik dönəmində, o çətin mübarizədə məncə çoxumuz sağlamlığımızın ən böyük sevinc, ən böyük xoşbəxtlik olduğunu anladıq. Bir-birimizə edə biləcəyimiz ən xoş arzu, ən xoş dilək oldu "sağlam həyat" kəlməsi. Bəli, o dönəmdə hər kəs özünün, yaxınlarının sağlam olmağını, sağlam qalmağını ən böyük sevinc hesab etsə də, hər şey düzəldikdən və qaydasına düşdükdən sonra insan oğlu yenə bu ərmağanı unudur, sağlam olub yaxınları ilə birgə sağlam, acısız, ağrısız həyat yaşamağı həyatın ona bəxş etdiyi xoşbəxtlik hesab etmir və həmişəki kimi bundan daha böyük xoşbəxtlik axtarışına çıxır. Xoşbəxtlik, sevinc əslində kiçik parçalardan ibarət pazldı. O parçaları düzgün görüb, seçib, yerləşdirməyi bacarmaq lazımdı və bunu doğru şəkildə edə bilməyin özü belə xoşbəxtlikdir. Bu kiçik təxəyyülü həyatla əlaqələndirsəm deyərəm ki, xoşbəxtlik üçün uzağa getmək lazım deyil. O əslində kiçik parçalar halında bizim həyatımızdadır. Ailəmiz yaxınlarımız, hər səhər işıqlı, günəşli sabaha göz açmağımız, hər gün həvəslə, bəzən də həvəssiz getdiyimiz işimiz, dərsimiz, davam edən həyatımız, yeriyə, gəzə, gülə, danışa bilməmiz. Söyləyin məgər bunlar sevinc deyilmi? Nəyə görə var olduğumuz şeylərin dəyərini itirdikdən sonra anlayır və öz zamanında bunları görə, dərk edə bilmirik. Başda da söylədiyim kimi əslində yaşayıb hiss etmədiyimiz bəzi şeylərdir xoşbəxtlik. Bunlar və daha neçə-neçə görə bilmədiyimiz sadə şeylər, anlar, insanlardır xoşbəxtlik. Ancaq özümüzə qarşı təvazökar olsaq bunlar bəzilərimiz üçün sevinc deyil adi, gündəlik yaşam, həyat tərzidir. Halbuki bu həyatı özü üçün xoşbəxtlik hesab edən milyonlarla insan mövcuddur. Hansı ki, sağlamlığını itirmiş, həyatın bir çox zərbələrini, damğalarını yemiş, itkilər vermiş insanlar işıqlı həyatımıza öz həyatlarının qaranlıq, kədərli, tükürpədici pəncərəsindən baxır və bizim həyat pazlımızın bütün hissəciklərinə bütünlüklə qibtə edir. Bir günlük o kədər dolu anları, dəqiqələri, saatları bəzən illəri yaşamağın nə demək olduğunu düşünmüsünüzmü? Düzdür, əgər kədərin nə olduğunu anlamasaq sevincin də nə olduğunu dərk edib onun dəyərini anlaya bilmərik. Bu iki sözün bir arada işlənmə səbəbi də məncə məhz bundan ibarətdir: Sevinc-kədər və ya xeyir-şər. Bir-birini tamamlayan və bəzən həyatımıza gözləmədiyimiz anda girib bizlərə bir çox dərslər öyrədən bu hisslər hər zaman var olub və varlığı ilə həyatımızı dəyişərək nəyin doğru, nəyin yanlış olduğunu, bir çox şeylərin dəyərini zamanında bilməyi bizlərə öyrədib və bu gün də öyrədir. Məncə kədəri də yaşamaq lazımdır. Əgər həyatımız yanlız sevincdən, bütün istəklərimizin həyata keçməsindən və tamamilə xoşbəxtliklərdən ibarət olsa biz yaşadığımız həyatın dəyərini heç vaxt anlaya bilməz və belə yaşamdan özümüzdən asılı olmayaraq sıxılarıq. Kədər sevincin müəllimidir. Kədəri yaşamayan sevinci dərk etməz. Sadəcə hər şeyin öz zamanı, öz vaxtı var. Sevinci nədə gördüyünüzə bağlı olaraq məqsədlərinizə, arzularınıza doğru daima çalışmaq, savaşmaq, bəzən ağrımaq, bəzən sarsılmaq, bəzən yaxılmaq bir sözlə bəzən kədəri dadmaq lazım gəlir. Və bəzən xoşbəxtliyə daha rahat çatmağımız üçün həyat bizi "yayda dartılan ox" kimi ən arxaya "dartır". Bu "dartılma, gərilmə" anı nə qədər çətin, uzun olsa xoşbəxtliyə çatmaq və həyatın 10/10 hissəsinə varmaq bir o qədər rahat olar. O gərilməni, acını yaşadığı zaman insan çatdığı məqamın dəyərini anlar. Çünki biz insanlar heç vaxt rahatlıqla əldə olunan şeylərin qədrini bilməmişik. ya onu itirdikdə, ya da o çətinliyi daddıqda anlayırıq sadə sevincli anlarımızın qiymətini. Ona görə hələ də bir çox var olduğumuz şeylərin, yaşadığımız anların, ətrafımızdakı insanların, ümumiyyətlə bu füsunkar həyatın əslində kiçik sevinclərdən ibarət bütöv bir pazl olduğunu dərk edək və onları itirmədən qədrini bilək.

Röya Əliyeva

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I kurs tələbəsi

# 3650 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #