Kulis.az Günel Natiqqızının "Pəncərədə işıq" adlı yazısını təqdim edir.
“Amma sənsiz elə bil hər şey şikəstdir indi,
Saatımın əqrəbi, çaynikimin qulpu yox”.
Ramiz Rövşənin “Sevgi açarı”ndan yadigar olan bu misralar, əslində, həyatın başqa üzünü də göstərir bizə. Doğmalarımızın yoxluğunda əşyalar da anlamını itirir. Onlar da kimsəsizləşir, insan kimi tənha qalır. Hətta heç diqqət yetirmədiyimiz mənzərələr də. Lap pəncərədəki işıq kimi…
Kəlmələrin yetmədiyi anda “Anamın mətbəx qeydləri” köməyimə çatır yenə. Onun sevdiyi tamaşalardan biri – “Pəncərədə işıq” yadıma düşür. Toğrul obrazının monoloqunu xatırlayıram:
“Yəqin quşlar da çəkilib yuvalarına. Hamının evində işıq yanır. Görəsən, o hansı bəxtəvərin pəncərəsidir?! İşıqlı pəncərələr necə də yanaşı düzülüb! Təkcə mənim pəncərəmdir işıqsız. Təkcə mənim ürəyimdir üşüyən…”
Monoloqun sonunda isə Toğrul öz pəncərəsində də işıq görür. Bu, barışın, ümidin işığıdır. Elə pəncərələrdən içəri süzülən işıqdakı həmin ümid sevdirmişdi anama da bu tamaşanı.
Hərdən o tamaşadakı kimi pəncərələrə baxıram. Kimin pəncərəsində işıq varsa, içimdə bir rahatlıq yaranır. Bilirəm ki, insan hələ də insan üçün yaşayır. Pəncərədə işıq varsa, demək ki, hələ həyat var.
Axşamlar işdən qayıdarkən küçənin başından anamın evimizin pəncərəsindən yandırdığı işığı görərdim. O işıq deyirdi ki, evdə kimsə var, səni gözləyir, içəridə çay qaynayır, sənin adın çəkilir.
Bəzən bir işıq, bir fincan çay qədərdir həyatda ən böyük xoşbəxtlik…
İndi isə o işıq bir az fərqlidir. Eyni pəncərə, eyni ev. Amma işıq başqa cür yanır. Sanki , xatirələri işıqlandırır. Bəzən mənə elə gəlir ki, o işıqla birlikdə keçmiş də qayıdır – anamın səsi, mətbəxdəki qoxular...
Gecələr evin içindən pəncərəyə baxıram. Onun yoxluğunun sükutu bəzən elə güclü olur ki, bir otaq dolusu işıq belə onu dağıda bilmir. Amma yenə də o işığı söndürmürəm. Çünki bilirəm ki, pəncərədə işıq varsa, o ev tərk edilməyib. Hələ də içində sevgi qalıb, xatirələr yaşayır.
Artıq günəş də elə bil əvvəlki kimi düşmür evimizə. Amma işıq yanır – bu dəfə anam üçün. Pəncərədə işıq varsa, anam hələ də burdadır. Xatirələrdə, içimdə. Pəncərədəki işıq, bəlkə də, bu evin onu unutmadığını, ad günündə belə ona pəncərəni açıq, işığı yanıq saxladığını söyləyir.
Elə bil deyir:
“Qayıtsan, yolunu tapa biləsən...”