Kulis.az Günel Natiqqızının "Nağıl dünyası yaradan sətirlər" adlı yazısını təqdim edir.
Bir zamanlar “ruhumu oxşayır” deyə tərif etdiyimiz misralar bizdən xəbərsiz gələcəyimizi əks etdirir bəzən. Anamın sevdiyi bu misraların indi onun yoxluğunu xatırlatdığı kimi:
Ömrü çiçək qədər oldu,
Nəyçün gəldi gedər oldu
Kimdən küsdü cavanlığım?
Bu misraların müəllifi “Məhəbbətlə ötən ömür nağıl olur” deyərək şeirlərlə nağıl dünyası yaradan Cabir Novruzdur. Onun nağıl dünyasında hər şey sevgi ilə yoğrulub. Axı “Bu həyatın əlifbası” dır məhəbbət...
O bu boyda bir cahanı yaradıb,
Yeri, göyü, asimanı yaradıb.
İnsan onu, o insanı yaradıb,
Bu həyatın əlifbası məhəbbət,
Ən ilk nəğmə, ən ilk yazı, məhəbbət.
Ancaq onun nağıl dünyasında sadəcə məhəbbət deyil, təbiət də insanın dostu olur. O, bulaq suyunun saflığını, dağ havasının doğmalığını misralarına hopdurur. Sanki təbiətin nəfəsini şeirə çevirir:
Şerim sizdən cilalandı,
Qanım sizdən mayalandı,
Bulaq suyu, dağ havası.
O, sözlərdən qurduğu nağıl dünyasında tələbələrin də dostuna çevrilir.
Sızlar yada düşəndə
Ürəyimin telləri
O mehriban, o əziz
Tələbəlik illəri.
“Sağlığında qiymət verin insanlara” deyən şair “İnsanlar ölümlə ölmürlər əsla, insanlar ölürlər unudulanda” ilə insanlığın ən dərin fəlsəfəsini təsvir edir. Onun yaratdığı sehrli dünyadakı sətirlər həyatın sərt sınaqlarında ağrıya sinə gərənlərin ən yaxın həmdəmi olur. İnam dolu misraları güc verir hər kəsə:
Dəydikcə taleyin sərt zərbəsi,
Nur olur ömrünün hər zərrəsi.
Ayrılmır inamından,
Ayrılmır arzusundan,
Yaşayır, yaradır, sevilir insan.
O, “Mənsizləşirəm sənsiz” deyərək dərdini etiraf edir. Dərin ağrını, insanın özü ilə savaşını bütün həssaslığı ilə oxuculara çatdırır:
Öz-özümlə döyüşürəm səni unutmaqdan ötrü.
Qabıq verib dəyişirəm səni unutmaqdan ötrü.
Şair həmin nağıl dünyasında sevginin hər üzünü göstərir bizə. Acı gerçəklərini də...
Mən bilirdim qorxuludur böyük eşq,
Bunu sənə dönə-dönə demişdim...
O tərsinə dönə bilər tez, ya gec,
Dönə bilər bəzən kinə demişdim...
Sevgidən doğan gileyin ən zərif halı yaşayır onun misralarında:
Fəsillər adlandı
Könüllər odlandı
Sevənlər şadlandı
Bəs, mən?
Neynim, neynim, gəl
Taleyim, gəl
Gəl, məni qurtar bu hicran əlindən.
Cabir Novruz nağıl dünyasına qonaq olan vəfasızları da unutmur. Bu nağıl dünyasında hər kəs öz yerini tapır — sevən də, unudan da, incidən də:
Nə soyuqmuş etibarın, yar
Heçə çıxmış etibarın, yar
Demə yoxmuş etibarın, yar
Demə yoxmuş, yoxmuş sənin etibarın, ey yar.
“Gəldi ayrılıq, gəldi gizlicə”ilə həyatımızda soyuq qəm yelləri əsdirən ayrılıqların yaşatdığı ağrılar da zəngin misralar dünyasında əks olunur. Bizə sehrli dünya bəxş edən anaların yoxluğunda belə bizi qorduğunu hiss etdirir...
Bu boyda kişiyəm ağır anda da,
Yenə sən çatırsan dadıma, ana.
Mənə dua elə məzarında da
Ana, qurban olum dualarına...
Və bir gün “yadlar gəlir, doğma olur, yaxın olur”. Həyatının yoldaşına, ömrünün sirdaşına çevrilir. Amma vaxtsız ayrılıq yeli onu da özü ilə aparır. Beləcə, şairin nağılında qəmli səhifələr yazılmağa başlayır. Ötən günlərdə qalır şairin nağıl dünyası, xatirələrdə qalır. Ancaq şair nağıl dünyasını qurmağa ilham verən qəlb sirdaşını yaşatmaq üçün yaşayır. Özü dediyi kimi “yaşayır,yaradır”. Bu nağıl dünyası həyata vədəsiz “Əlvida” deyənlərin əzizlərinə – ayrılıq ağrısını duyanlara da güc verir.
“Şirin günlər, şirin çağlar” yada düşdükcə, mən də öz nağılımın qəhrəmanını – anamı xatırlayıram. Anamın sevdiyi misralar beynimdə dolaşır. Cabir Novruzun sevdiyinə həsr etdiyi o sətirlər indi mənim nağıl dünyamı yaradanın əziz xatirəsini yaşatmaq şüarıma çevrilir. Əziz xatirələri yaşatmaq, unudulmamaq üçün bir and kimi...
Nə qədər canım var, sağam, mən səni,
Xatirə olmağa qoymayacağam.
Alıb o dünyanın əlindən səni,
Hər gün bu dünyaya qaytaracağam.