Payız sarı kart çıxarır bahara... - Kazım Kazımoviçin yeni şeirləri

Payız sarı kart çıxarır bahara... - Kazım Kazımoviçin yeni şeirləri
26 noyabr 2025
# 15:00

Kulis.az şair Kazım Kazımoviçin yeni şeirlərini təqdim edir.

Payızın on yeddi anı

Payızdı, səhərdi, indi baxıram;
Payız - fəsillərin nəqarətidi.
Yarpaqlar quşlara aldanıb düşür,
Ağaclar torpağın sədaqətidi.

Payızdı, səhərdi, indi görürəm;
Otuz payız ötüb alın yazımdan.
Bu xəzan paltolu nazlı madonna,
Dəbdən düşmür, otuz ildir gözümdən.

Payızdı, səhərdi, indi sezirəm;
Bürcü balıqlardı demə payızın,
Yoxsa yağmaz idi yağış dəmadəm,
Gözlərini unutmazdım o qızın.


Ümid

Dərya özü gəlib onun ayağına çıxsa da,
Bu gəminin yelkənləri titrəsə də, qorxsa da,
Əlbir olub küləklə dalğalar şahə qalxsa da,
Qoca Nuhun başı üstə yol göstərən ulduzlar var.

Kimə sarı getdiyini atılan daşlar bilməzmi?!
Bilsə kimə gedib dəyir, özün təlaşda bilməzmi?!
Dimdiyində su aparan bu uçan quşlar bilməzmi,
İbrahimin alovunda keşik çəkən buzlar var?!

Dualar qəbulun gözlər ərşin taxçalarında,
Mələklər sovqat gətirər ipək boğçalarında,
Axşamüstü gün batanda cənnət bağçalarında,
Məryəmə meyvə dərən xurmagözlü kənizlər var.

Zəm-zəm ki Məcnundan qabaq düşüb, səhranın üstə,
Salsan kainat rəsmində nəzər imzanın üstə,
Üfüq xətti düz dayanıb yumru dünyanın üstə,
Hər tərəfdə rəssamından, nişanələr, izlər var...



Zaman, məzar və külək

Ömür sürət qatarı kimi ötür...
Bu borcdan o borca ölçülür zaman.
Kədər yoxdusa, bax, hardansa güdür.
Bu dağ boyda şəhərdə necə kiçilir zaman?!

Bakı vaxtıyla: gecənin yarısı,
Payız sarı kart çıxarır bahara,
Sol gözümdə sağ küçənin yarısı...
Təklik - azından, şair, hazırlıqdı məzara...

Bulud gəzir göyüzündə dalbadal...
Qəribliyin əsəndə bilir külək,
Allahacan bütün yollar neytral...
Küçə fənərlərinin tozunu silir külək.

***

Zaman keçir, dəmadəm əcəlin ətri gəlir,
Ürəyin dağa dönür, gözün dumanı olur.
Yağışdan sonra heyif göbələk çətri gəlir,
Parklar göyərçinlərin hava limanı olur.

Kölgə salır buludlar küçələrin üstünə,
Küləklər kitabların vərəqlərin çevirir.
Ay günəşi əks edir gecələrin üstünə,
Zaman saatda hər an ötən anı devirir.

Küçələr, restoranlar, xatirələr, şəkillər,
Dostlar bir-bir azalır, ya ölür, ya da gedir.
Payız qışa tələsir, tənginəfəs fəsillər,
Ömür elə qumardı hər kartı pasa gedir.



Ay sonatası

Bulud keçir... Hərdən düşür təxirə,
Tənhalığı ulduzlarla dolu ay.
Bizdən sizin qapıyadək xatirə,
Yüzdü, mindi, səhərəcən otur say?!

Gecə - nəyin kölgəsidi bu boyda?
Fırlanır başımda bu qədim sual...
Bayquş xarabada, bülbül sarayda,
Göyüzünün süd dişidir bu hilal.

Poçtalyon gəlib-getmir bir ildir,
Palkovnikin məktubuna yox cavab...
Asimanda bir möcüzə dirilir,
Birdən-birə tən bölünür Mah(i)tab.

İndi aramızda olan neytral,
Nilin Çin səddinə yolu qədərdi.
Həyat nədir - müvəqqəti astral,
Ömür - yarı günəş, yarı qəmərdi.

Qulaqlarımda Bilalın avazı,
Ruhuma süzülür səmavi sözlər,
Qılınır səmada gecə namazı,
Mahın alnında səcdəgah izləri.

***

Gül ətirli ipincə əllərində,
Solğun baxışla tər güllər satan qız,
Gəzişər şəhərin küçələrində,
Hərdən barmağına tikan batan qız.

Adamlar, maşınlar və avtobuslar,
Bir göz qırpımında yox olub gedər...
Nuha yol göstərər göydə ulduzlar,
Üfüq dənizlərdə ox olub gedər...

İtər izdihamda bütün tanışlar,
Göz gəzər görünməz uzaqdan ötrü.
Tənhalıq hər gecə səni qarşılar,
Qəfildən gələcək qonaqdan ötrü.

Qızılgülün ləçəyləri qızarar,
Günəş asta-asta evə qayıdar.
"O tüstüdən bir cüt gözü yaşarar"
Bülbülün quş canı divə qayıdar.

Şər qarışar hər yan olar qaranlıq,
Çiçəklər satılıb bitməz hələ də,
Ürəyindən keçirdər ki, bir anlıq;
Sevgililər azalıbmı şəhərdə?!

# 105 dəfə oxunub

Oxşar xəbərlər

Gəl, danışaq, dodaqları dodaqlara tapşıraq... - Tanınmış polyak şairdən şeirlər

Gəl, danışaq, dodaqları dodaqlara tapşıraq... - Tanınmış polyak şairdən şeirlər

11:25 26 noyabr 2025
"Sən canlısan, dirisən – sevgi sənə yaraşır" - Leyla Əliyevanın şeiri

"Sən canlısan, dirisən – sevgi sənə yaraşır" - Leyla Əliyevanın şeiri

15:52 25 noyabr 2025
Ömürlük qonasan bu ölməzliyə... - Günün şeiri

Ömürlük qonasan bu ölməzliyə... - Günün şeiri

12:00 25 noyabr 2025
Sellə axan bir ovuc suyam... - Moin Dehazın şeirləri

Sellə axan bir ovuc suyam... - Moin Dehazın şeirləri

12:00 16 noyabr 2025
"Beli bükük ağacın əlinə əsa olar kəsilmiş qolu..." - Günün şeiri

"Beli bükük ağacın əlinə əsa olar kəsilmiş qolu..." - Günün şeiri

13:00 15 noyabr 2025
Əcaba, bir tank nə görür yuxusunda? - Orxan Vəli Kanıkın şeirləri

Əcaba, bir tank nə görür yuxusunda? - Orxan Vəli Kanıkın şeirləri

12:23 14 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər