Kulis.az Mark Tvenin "Ən aşağı heyvan tipi - İnsanın heyvanlar aləmində yeri" essesini Aygün Əzizin tərcüməsində təqdim edir.
Mark Tvenin (1835–1910) yaradıcılığına xas olan sərbəst müşahidə tərzi, incə yumor və ironiya publisistik yazılarında və esselərində də özünü büruzə verir. Təqdim etdiyim bu essedə yazıçı London Zooloji Bağlarında guya apardığı bəzi təcrübələri təsvir etməklə insan təbiətini, onun ziddiyyətlərini və mənəvi qüsurlarını satirik dillə faş edərək onun ali heyvanlarla müqayisədə ən aşağıda dayandığını tənqid edir. O, Çarlz Darvinin insanın daha qədim əcdadlardan, yaxud “aşağı heyvanlar”dan təkamül yolu ilə yarandığı nəzəriyyəsini özünəməxsus ishetza ilə tamamilə alt-üst edir.
Jurnalist və mühazirəçi kimi də tanınan M.Tven fikirlərini çatdırmaq üçün ironiyadan məharətlə istifadə edirdi. Ömrünün son illərində qələmə aldığı çoxsaylı satirik esselərində insanın özünü digər heyvanlardan (oxu: canlılardan) üstün tutmasına, əxlaqi iddiaları ilə davranışları arasındakı təzadlara tənqidi nəzər salırdı.
İlk dəfə 1962-ci ildə nəşr olunan bu essenin 1896-cı ildə yazıldığı ehtimal olunur. Ədib burada Ç.Darvinin 1859-cu ildə nəşr edilmiş “Növlərin mənşəyi” əsərində ilk dəfə irəli sürdüyü təkamül nəzəriyyəsinə istinad edir.
Bütün heyvanlar arasında qəddar olan yeganə varlıq insandır. İnsandan başqa heç bir canlı başqasına əzab verməkdən həzz almır. Ali heyvanlarda belə xüsusiyyətə rast gəlməzsiniz.
Mən sözdə “aşağı heyvanlar” adlandırılanların xarakter və meyillərini araşdırır, onları insanın xarakter və meyilləri ilə müqayisə edirdim. Gəldiyim nəticə, həqiqətən, mənim heysiyyətimə toxundu. Çünki bu, təkamül nəticəsində aşağı heyvanlarla müqayisədə insanın yüksəlişi barədə Darvin nəzəriyyəsinə olan inamımı sarsıtdı. İndi mənə aydın görünür ki, onun nəzəriyyəsini bir kənara qoymalı, əvəzində yeni və daha doğru nəzəriyyə irəli sürmək lazımdır. Bu yeni və daha doğru nəzəriyyəni isə insanın ali heyvanlardan tənəzzülü adlandırmalıyıq.
Bu acı nəticəyə gələrkən, mən heç nəyi əvvəlcədən təxmin etməmiş, fərziyyələr irəli sürməmiş, ehtimallar yürütməmişəm, sadəcə, hamının elmi metod adlandırdığı üsuldan istifadə etmişəm. Yəni qarşıma çıxan hər bir müddəanı real təcrübə ilə sınaqdan keçirmiş və aldığım nəticədən asılı olaraq ya qəbul, ya da rədd etmişəm. Beləliklə, növbəti mərhələyə keçməzdən əvvəl apardığım araşdırmamın hər bir hissəsini növbə ilə yoxlayıb əsaslandırmışam. Bütün bu eksperimentlər London Zoologiya Bağlarında aparılmış, aylarla davam edən gərgin əmək və zəhmət hesabına ərsəyə gəlmişdir.
Eksperimentlərdən hər birini müfəssəl izah etməzdən əvvəl, aydınlıq naminə, daha sonraya saxlamaqdansa, elə indi burada deməyi daha məqsədəuyğun saydığım üçün bir-iki mühüm məqamı qeyd etmək istəyirəm. Apardığım çoxsaylı eksperimentlər məni müəyyən ümumiləşdirmələrin doğruluğuna inandırdı:
1. İnsan irqi özünəməxsus ayrıca bir növdür. İqlim, mühit və sair amillərin təsiri nəticəsində onda cüzi fərqlənmələr (dəri rəngi, boy, əqli qabiliyyət və s.) müşahidə olunur, lakin insan ayrıca bir növdür və onu başqa heç bir növlə qarışdırmaq olmaz.
2. Dördayaqlılar da ayrıca bir fəsilə təşkil edir. Bu fəsilədə də müxtəlif fərqlər (rəng, ölçü, qida üstünlükləri və s.) müşahidə olunur, lakin o, öz-özlüyündə ayrıca bir fəsilədir.
3. Digər fəsilələr də (quşlar, balıqlar, həşəratlar, sürünənlər və s.) aşağı-yuxarı bir-birindən fərqlənirlər. Onlar da bu silsilənin tərkib hissəsidirlər. Ali heyvanlardan başlayıb ən aşağıda insana qədər uzanan zəncirin halqalarıdır.
Keçirdiyim eksperimentlərin bəziləri tamamilə qəribə və maraq doğuran oldu. Vaxtilə oxuduqlarım arasında belə bir hadisəyə rast gəlmişdim: uzun illər əvvəl Böyük Düzənliklərimizdə bir neçə ovçu ingilis qrafını əylənləndirmək məqsədilə bizon (oxu: vəhşi öküz) ovu təşkil etmişdi. Həmin vaxt əməlli-başlı kef çəkiblər, ürəkləri istəyən kimi əyləniblər. Həmin ovçular düz yetmiş iki azman heyvanı öldürmüş, birinin ətini bişirib yemiş, qalan yetmiş bir heyvanın ətini isə çürüdüb zay etmişdilər. Anakonda ilə həmin qraf arasında fərqin olub-olmadığını təyin etmək üçün (əlbəttə, əgər belə fərq vardısa) mən yeddi cavan buzovu anakonda olan qəfəsə saldım. Mütəşəkkir sürünən heç yubanmadan dərhal buzovlardan birinin üstünə şığıdı, onu uddu, sonra da bir kənara çəkilib yemindən razı halda uzandı. O biri buzovlara daha maraq göstərmədi, onlara zərər vermək niyyətində də olmadı. Bu eksperimenti başqa anakondalar üzərində də apardım. Nəticə dəyişməz olaraq qaldı. Beləliklə, bir fakt sübuta yetirildi: qrafla anakonda arasındakı fərq yalnız ondan ibarətdir ki, qraf qəddardır, anakonda isə deyil. Qraf ehtiyacı olmayanları səbəbsiz yerə məhv edir, anakonda isə belə davranmır. Buradan belə nəticə hasil olur ki, anakonda qrafdan törəməyib. Həmçinin, belə görünürdü ki, bəlkə də qraf anakondadan törəyib, ancaq təkamül prosesində xeyli şey itirib.
Mən bilirdim ki, istifadə edə biləcəklərindən qat-qat artıq sərvət yığımış bir çox insanlar daha da artığına sahib olmaq üçün sərhəd tanımayan tamahkarlıq göstərir və bu hərisliklərini qismən də olsa təmin etmək üçün avam və köməksiz adamların əllərindəki cüzi payı belə mənimsəməkdən çəkinmirlər. Mən yüz müxtəlif növ vəhşi və əhliləşmiş heyvana xeyli ərzaq ehtiyatı toplamaq üçün şərait yaratdım, amma onların heç birində tamahkarlıq əlamətləri görmədim. Sincablar, arılar və müəyyən quşlar azuqə yığırdılar, lakin qış ehtiyatını görəndən sonra dayanırdılar. Onları nə dürüst, aşkar yolla, nə də hiylə və ya kələklə əlavə azuqə yığmağa cəlb etmək mümkün oldu. Nüfuzunu qorumaq üçün qarışqa özünü azuqə yığan kimi göstərməyə çalışırdı, ancaq məni aldada bilmədi. Mən qarışqanı tanıyıram. Bu eksperimentlərdən belə qənaətə gəldim ki, insanla ali heyvanlar arasında bu fərq var: birincilər acgöz və tamahkardırlar, ikincilər isə belə deyil.
Apardığım eksperimentlər zamanı bir daha əmin oldum ki, heyvanlar arasında təhqir və inciklikləri ürəyində bəsləyən, beynindən çıxara bilməyən, əlinə girəvə düşənə qədər gözləyib sonda intiqam alan yeganə varlıq insandır. Qisas yanğısı ali heyvanlara yad hissdir.
Xoruzların hərəmxanaları olur, amma bu onların dişilərinin (toyuqların) razılığı ilə baş verir, buna görə də bu işdə haqsızlıq yoxdur. İnsanlar isə hərəmxanaları zor gücünə, özü də qadınların bu işdə söz haqqı olmadığı üçün qəddar qanunların kişilərə verdiyi imtiyazdan istifadə edərək qururlar. Bu məqamda insan xoruzdan qat-qat aşağı səviyyədə dayanır.
Pişiklər əxlaq sarıdan pozğundurlar, ancaq bu onlarda şüurlu şəkildə baş vermir. İnsan pişikdən törəyərkən ondakı əxlaq pozğunluğunu da əxz edib, lakin pişikdəki kimi bundan bixəbər olmağı (pişiyi əfv etməyə əsas verən xilasedici xüsusiyyəti məhz budur) ondan götürməyib. Pişik məsumdur, insan isə yox.
Ədəbsizlik, bayağılıq, nalayiq hərəkət – bunlar birmənalı olaraq insana xas xüsusiyyətlərdir... Bütün bunları insan özü yaradıb. Ali heyvanlar arasında bunların heç bir izi, əlaməti yoxdur. Onlar heç nəyi gizlətmirlər. Onlar utanmırlar. İnsan isə çirkablaşmış düşüncəsi ilə özünü ört-basdır edir. İnsan sinəsi və kürəyi çılpaq halda qonaq otağına girməz, çünki həm özü, həm də yoldaşları ədəbsiz eyhamlara qarşı olduqca həssasdırlar. İnsan gülən heyvandır. Ancaq cənab Darvinin də dediyi kimi, meymun da gülür. Gülən kukabara adı ilə tanınan Avstraliya quşu da gülür. Amma yox! İnsan qızaran heyvandır. Bunu edən, ya da buna əsas gətirə bilən yeganə varlıq oldur.
Bir neçə gün əvvəl üç rahibin diri-diri yandırıldığını, baş keşişin isə amansız qəddarlıqla ölümə məhkum edildiyini oxumuşduq. Biz xırdalıqlara varırırqmı? Xeyr. Əks təqdirdə, keşişin mətbuatda yazılması məqbul olmayan tərzdə şikəst edildiyini öyrənərdik. İnsan (o, Mərkəzi Amerika hindusu olanda) əsir götürdüyü adamların gözlərini çıxarır. İnsan kral Con olanda onun rahatlığına mane olan bacı və ya qardaşoğlu üçün közərmiş dəmirdən istifadə edir. İnsan Orta əsrlərdə mütəəssib olanda bidətçilərin diri-diri dərisini soyur, kürəyinə duz basır. İnsan Birinci Riçardın dövründə çoxlu yəhudi ailəsini bir qalaya yığıb od vurur. Kolumbun vaxtında ispan yəhudisi olan bir ailəni girov götürür və ... (ancaq bunu dərc etmək olmaz). İndiki dövrdə İngiltərədə bir kişi stulla anasını vəhşicəsinə döydüyünə görə on şillinq cərimələnir, başqa biri isə dörd qırqovul yumurtasını necə əldə etdiyini qənaətbəşx şəkildə izah edə bilmədiyi üçün qırx şillinq cərimə olunur. Bütün heyvanlar arasında qəddar olan yeganə varlıq insandır. Başqasına əzab verməkdən həzz alan da insandır. Ali heyvanlarda belə xüsusiyyətə rast gəlinmir. Pişik qorxmuş siçanla oynayır. Ancaq bunu ona keçmək olar. Çünki o, siçanın əzab çəkdiyini qanmır. Pişik mülayimdir (insana xas olmayacaq dərəcədə mülayimdir. O, sadəcə olaraq, siçanı qorxudur, amma ona xəsarət yetirmir; pişik siçanın gözünü çıxartmır, dərisini soymur, ya da dırnaqlarının altına tikan yeritmir). Siçanla oynamağı qurtaranda isə onu qəfildən yeyir və əzablarına son qoyur. İnsan qəddar heyvandır. Bu xüsusiyyətinə görə o, digər heyvanlar arasında təkdir.
Ali heyvanlar ayrı-ayrılıqda bir-biri ilə döyüşür, lakin bu, heç vaxt mütəşəkkil dəstələr formasında olmur. Bütün vəhşətlərin ən dəhşətlisi hesab olunan müharibəni törədən yeganə heyvan (oxu: varlıq) insandır. Öz növündən olanları məhv etmək məqsədilə elə öz növünün nümayəndələrini toplayaraq soyuqqanlılıqla və gözünü belə qırpmadan döyüşə yollanan yalnız insandır. İnsan Amerika İstiqlal müharibəsində Hessen əsgərlərinin (XVIII əsrdə Britaniya tərəfindən Hessen-Kassel və digər alman torpaqlarından muzdla tutulub üsyançılara qarşı döyüşmək üçün cəlb edilən əsgərlər. Qeyd: Aygün Əziz), Zulu müharibəsində isə (Cənubi Afrikada Britaniya İmperiyası ilə Zulu krallığı arasında baş vermiş İngiltərə-Zulu müharibəsi nəzərdə tutulur. Qeyd: A.Ə.) gənc şahzadə Napoleounun etdiyi kimi, ona heç bir pislik etməyən, zərər verməyən, onunla heç bir ədavəti olmayan yad adamları miskin bir muzd müqabilində qırıb-çatmaq üçün yürüşə çıxan yeganə heyvandır.
İnsan öz müdafiəsiz həmcinsini torpağından didərgin salan, onun ölkəsini zəbt edən, ya da dağıdıb yerlə-yeksan edən yeganə heyvandır. İnsan bunu bütün dövrlərdə edib. Yer üzündə elə bir qarış torpaq yoxdur ki, onun gerçək sahibi ona yiyəlik etsin, yaxud həmin torpaq nəsildən-nəslə, silsilə halında zor gücünə və qan tökmək yolu ilə bir sahibindən alınıb başqasına verilməmiş olsun.
İnsan yeganə kölədir. Başqasını kölə edən yeganə heyvan da odur. O özü həmişə bu və ya digər formada kölə olub, başqalarını da bu və ya digər formada əsarət altında saxlayıb. Bizim dövrümüzdə insan həmişə kiminsə muzdlu quludur və həmin adamın işini görür. Bu qulun da öz növbəsində ondan daha az maaşı olan qulları var və onlar da onun işini görürlər. Öz işini yalnız özü görən və dolanışığını yalnız özü təmin edən yeganə canlılar ali heyvanlardır.
İnsan yeganə vətənpərvər heyvandır. O öz ölkəsində öz bayrağı altında özünü digərlərindən ayırır, başqa millətlərə yuxarıdan aşağı baxır, onları xor görür, başqa xalqların torpaqlarından pay qoparmaq və eyni zamanda, öz ölkəsindən başqalarının pay qoparmasına əngəl olmaq üçün külli miqdarda vəsait hesabına uniformalı qatillər saxlayır. Hərbi yürüşlər arasındakı fasilələrdə də qana batmış əllərini yuyub ümumbəşəri qardaşlıq uğrunda çalışdığını öz dili ilə bəyan edir.
İnsan dindar heyvandır. Dindar olan yeganə heyvan odur. Hətta bir neçə gerçək dinə sahib olan yeganə heyvandır. O, yeganə heyvandır ki, qonşusunu sevir, ancaq dini etiqadı düzgün deyilsə, onun başını kəsməyə hazırdır. İnsan qardaşının səadətə və cənnətə gedən yolunu təmizləmək üçün əlindən gələni etdiyini düşünərək bütün dünyanı qəbiristanlığa çevirib. O, bunu Sezarın dövründə də, Məhəmmədin dövründə də, inkvizisiya dövründə də, iki əsr əvvəl Fransada da, İngiltərədə Mariya Tüdorun hakimiyyəti dövründə də edirdi. İnsan dünyaya gələndən bəri bunları edir, necə ki, bu gün Kritdə edir, sabah da başqa yerdə edəcək. Ali heyvanların dini yoxdur. Üstəlik də, bizə deyirlər ki, o biri dünyada onlara yer yoxdur. Maraqlıdır, niyə? Bu, şübhəli, sual doğuran yanaşmadır.
İnsan düşünən heyvandır. Yəni belə iddia olunur. Məncə, bu, mübahisəli iddiadır. Əslində, apardığım eksperimentlər sübut edib ki, insan düşünməyən heyvandır. Yuxarıda təsvir etdiyim tarixə nəzər yetirin. Mənə açıq-aşkar görünür ki, insan nə olursa-olsun, düşünən heyvan deyil. Tarixçəsinə baxanda orada manyakın ağlasığmaz əməllərini görürük. Fikrimcə, onun zəkasına qarşı ən güclü dəlil budur ki, bütün bu tarixçəyə rəğmən o, sakitcə özünü bütün heyvanların başında duran canlı elan edir, halbuki öz meyarları ilə götürsək, əslində onların ən aşağı pilləsində qərar tutur.
Əslində, insan islahedilməz dərəcədə axmaqdır. Başqa heyvanların asanlıqla mənimsədikləri sadə şeyləri o, öyrənə bilmir. Eksperimentlərimdən biri belə idi. Bir saat içində pişiklə itə dost olmağı öyrətdim. Onları bir qəfəsə saldım. Növbəti bir saat ərzində dovşanı da onlarla dostlaşdırdım. Sonrakı iki gün içində onların yanına tülkü, qaz, sincab və bir neçə göyərçin saldım. Ən sonda aralarına bir meymun da əlavə etdim. Birlikdə dinc, hətta mehriban yaşadılar.
Sonrakı mərhələdə mən bir ayrı qəfəsə Tippereridən olan bir irland katolikini saldım. O, əhliləşmiş görünən kimi yanına Aberdindən olan şotland presviterianını qoydum. Dalınca Konstantinopoldan olan bir türk, daha sonra Kritdən olan xristian yunan, bir erməni, Arkanzasın ucqar bölgələrindən olan bir nəfər, Çindən bir buddist, Benaresdən bir brahman da gətirdim. Lap axırda da Vappinqdən qurtuluş ordusunun polkovnikini qəfəsə saldım. Sonra tam iki gün qəfəsə yaxın getmədim.
Nəticəni görmək üçün qayıdanda, ali heyvanlar olan qəfəsdə hər şey qaydasında idi, dinclik hökm sürürdü, ancaq o biri qəfəsdə qana bulaşmış qalıqlar bir-birinə qarışmışdı: çalmalar, fəs papaqlar, şotland dama-dama parça qırıntıları, sür-sümük parçaları, ət qırıntıları... Həmin adamlardan bircəsi belə salamat qalmamışdı. Bir-birini didib-parçalamışdılar. Bu düşünən heyvanlar ilahiyyatla bağlı məsələdə yekdil qərara gələ bilməmiş və məsələni ali məhkəməyə çıxartmışdılar.
Etiraf etməyə məcburuq ki, əsl alicənablıq və nəciblik baxımından insan ali heyvanların ən miskini ilə belə müqayisə edilə bilməz. Aşkar görünür ki, insan öz təbiəti etibarilə ali heyvandakı yüksəkliyə çatmaq iqtidarında deyil. Çünki onun təbiətində elə bir naqislik var ki, bu yüksəlişi onun üçün qeyri-mümkün edir. Çünki onun bu cür naqis olmağı, bu naqisliyi məhv etməyin və aradan qaldırmağın mümkün görünmədiyi göz qabağındadır.
Mən bu naqisliyin əxlaqi hiss olduğu qənaətindəyəm. Bu, yalnız insanda təzahür edir. İnsanın tənəzzülünün sirri də bundadır. Məhz bu xüsusiyyət ona pis şeylər etmək imkanı verir. Başqa heç bir işə yaramır. O, başqa heç bir vəzifəni yerinə yetirməyə qadir deyil. O, heç vaxt hər hansı başqa bir funksiyanı yerinə yetirmək üçün nəzərdə tutulmayıb. Bu hiss olmasaydı, insan heç bir pisliyə qol qoya bilməzdi. O, dərhal ali heyvanların mərtəbəsinə yüksələrdi.
Əxlaqi hissin də yalnız bir vəzifəsi, bir imkanı var ki, bu da insana pislik etməyə şərait yaratmaqdır. Buradan da bu, aydın olur ki, onun insan üçün əslində heç bir dəyəri yoxdur. O, insan üçün mərəz qədər dəyərsiz bir şeydir. Əslində, bunun elə mərəz olduğu göz qabağındadır. Quduzluq pisdir, amma bu mərəz qədər bərbad deyil. Quduzluq insana sağlam olarkən edə bilməyəcəyi bir işi görməyə imkan verir: zəhərli dişləməsi ilə qonşusunu öldürmək. Quduzluğa tutulmaq heç kəsi daha yaxşı insana çevirmir. Əxlaqi hiss isə insana pislik etməyə şərait yaradır. Həm də bu ona min cür yolla pislik etmək imkanı verir. Əxlaqi hisslə müqayisədə quduzluq zərərsiz mərəzdir.
Deməli, əxlaqi hissə sahib olmaq heç kimi daha yaxşı insan edə bilməz. Bəs görəsən onda ilkin lənət nə imiş? Aydındır ki, əvvəldən nə idisə, elə odur: insana əxlaqi hissin verilməsi, yaxşını pisdən, xeyiri şərdən ayırd edə bilmək qabiliyyəti və bununla da istər-istəməz pislik etmək bacarığı. Çünki əməli törədən həmin əməlin pis olduğunun fərqində olmasa, pis əməl törədilə bilməz.
Beləliklə, mən belə qənaətə gəlirəm ki, biz hansısa uzaq əcdadımızdan (bəlkə də bir damla suyun ucsuz-bucazsız üfüqləri arasında sərbəstcə gəzib-dolaşan mikroskopik bir atomdan) başlayaraq, həşəratdan-həşərata, heyvandan-heyvana, sürünəndən-sürünənə keçə-keçə, ləkəsiz məsumiyyətin uzun yolu ilə aşağı enmiş, getdikcə tənəzzül edərək, nəhayət inkişafın ən aşağı pilləsinə - İNSAN adlanan varlığın mərhələsinə gəlib çatmışıq.
BİZDƏN AŞAĞIDA İSƏ DAHA HEÇ NƏ YOXDUR.