“Arşın mal alan”ın Əsgərinin başına gələn dəhşətlər – Sonralar hansı yaxınları ona dönük çıxır?

“Arşın mal alan”ın Əsgərinin başına gələn dəhşətlər – Sonralar hansı yaxınları ona dönük çıxır?
27 noyabr 2025
# 12:00

Kulis.az Nadir Yalçının “Əsgər və Gülçöhrə” tamaşasının premyerasından qeydlər” yazısını təqdim edir.

Azərbaycan Dövlət Akademik Musiqilli Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Əsgər və Gülçöhrə” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanın premyerası oldu. Qeyd edim ki, musiqili dramın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rejissoru isə Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

Pyes, quruluş və musiqi. Musiqili əsərlərin əsasını bu üç komponentin vəhdəti təşkil edir. Əsl sənət nümunəsinin ərsəyə gəlməsi üçün bu üç amilin rəngi, xarakteri, təhəri, səsi və nəhayət, xidmət etdiyi ideyası həddindən artıq həmahəng, həmxasiyyət olmalıdır. Yuxarıda adını sadaladığım müəlliflərinin yaradıcılıqlarını nəzərdən keçirəndə onların ayrı-ayrılıqda üslubca oxşar cəhətlərinin, müasir sənət formasına yanaşma tərzlərinin oxşar olduğunu aydın müşahidə etmək mümkündür. İndiki dövrdə əsas problemlərdən biri də budur: yazıçı öz rejissorunu, rejissor öz yazıçısını, hər ikisi öz bəstəkarını, bəstəkar öz söz müəllifini, axtarmalı, tapmalı və tanımalıdır.



Keçək, yenicə premyerası olan səhnə əsərinin məziyyətlərinə. Hansısa məşhur əsərin davamını, əsərdə baş verən hadisələrin ardını ekranlaşdırmaq, yaxud səhnələşdirmək, başqa bir süjeti inkişaf etdirib hadisələrin davamını təxəyyül, improvizə qarışıq başqa məcralara yönləndirmək… bir sözlə, bir yazıçı, rejissorun özündən əvvəlki müəllifin materialına yeni rakurslardan müraciəti təhlükəli məsələdir.

Təhlükə isə ilk versiyanın kölgəsindən, ab-havasından, diqtəsindən qurtulub-qurtulmamaq dilemmasındadır. Ələlxüsus, çox populyar olan süjetə yeni pəncərədən boylanmaq, bu az deyilmiş kimi, tədricən minlərlə insanın bu yeni pəncərədən baxmasına şərait yaratmaq müəllifdən cəsarət tələb edir.

Üzeyir Hacıbəylinin müəllifi olduğu məşhur “Arşın mal alan” operettası da həmin yayğın əsərlərdəndir ki, onun qəlibləşmiş formasına müdaxilə etmək ideyasına görə ilk növbədə Kamal Abdullaya təşəkkür düşür.

Əsgər Əsgərovun qarşısında ikiqat çətin iş dayanıbmış: o, Üzeyir bəyi bir anlıq unudub yeni ərsəyə gələn əsərə köklənib, yeni pyesin müəllifini, onun ştrixlərini, dramatruji gedişlərini beynində kodlaşdırıb.



Cavanşir Quliyev isə bu məsələdə daha çətin dalanda olub: Üzeyir bəyin musiqi əhvali-ruhiyyəsini, çalarlarını, xarakterini kənara qoyub, Şərqin dahi bəstəkarının musiqiləri ilə bir müddətlik tanışlığını kəsib və yeni pyesə, yeni quruluşa aludə olub.

Biz bu üç müəllifin belə bir cəsarət nümayişinə inanıb o tamaşaya baxmaq qərarına gəlirik.

Birinci məsələ, Kamal Abdulla yazıçı kimi özündən əvvəlki nəsil proza nümayəndələrindən fərqlidir, təzədir, mütəhərrikdir, Əsgər Əsgərov ayağının altına daş qoyub klassik rejissor məktəbinin sərhədlərindən uzaqlara baxa bilən səhnə masteridir, Cavanşir Quliyev isə Azərbaycan musiqisinin yeni üzünü dinləyicilərə göstərən, yeni səsini insanlara eşitdirən bəstəkardır.



Bu, yazımızın ekspozisiyası idi. Amma, gərək, nəyəsə rəy verəndə bu heyranlıqları kənara qoyub soyuqqanlı olasan.

Ekspozisiya demiş, “Əsgər və Gülçöhrə”nin ekspozisiyası birinci “sillə” effektini yaratdı.

Yağışlar yağar üzüyuxarı,
Yağışlar yağar dərgaha sarı,
Yağışlar yağar Allaha sarı,
Üzüaşağı yağmaz yağışlar.

Tamaşanın proloqunda Kamal Abdullanın bu şeirinin sözlərinə olan bəstə səslənir. Rejissorun bu məqamda iki gedişi şahı mat edir:

1. Necə ki, yağışlar üzüyuxarı yağır hökmü qulaqlarda gəzişir, eləcə də göstərilən belədir: tamaşadakı bütün şəkillər (səhnələr) müxtəlif guşələrdə qurulub, səhnə fırlandıqca biz o şəkillərin (səhnələrin) donmuş vəziyyətini izləyirik. Sanki rejissor bu açılış hissəsində sondan əvvələ qayıtmağa, ən axırdan ilkin şəraitə üz tutmağı üstün seçir. Bütün baş verəcək, göstəriləcək hadisələrdən fraqmentlərlə izləyici bəri başdan tanış olur.

2. Səhnədə fonda qızlar rəqs edir, əlvan rənglər höküm sürür, işıq var, şadyanalıq var. Bu, Üzeyir bəyin “Arşın mal alan”ına işarədir. Daha dəqiq desək, Əsgərin, Gülçöhrənin bəxtiyar günlərinin – evləndikləri o illərin təsviridir. Bu fonun qarşısında isə xaos var. Qarışıqlıq var. Biz ilk onda bilirik ki, Əsgərin sonrakı həyatı əzab-əziyyətli olacaq. Onların dörd bir yanını yarasalar sarıb. Orkestr zil notlarda gəzişdikcə yarasalar ucalara qalxırlar – təhlükə artır, notlar bəmləşdikcə yarasalar enirlər, stabil heç nə yoxdur. Hər şey dəyişib... 1913-cü ildəki möhtəşəm toy – Əsgərlə Gülçöhrənin, Süleymanla Asiyanın, Soltan bəylə Cahan xalanın, Vəli ilə Tellinin evləndikləri o bənzərsiz günün sevinci fonda, qaranlıq, qarğaşa isə qarşıdadır... Yenə də sondan əvvələ... Aşağıdan yuxarı...

Pyesə belə yanaşma olanda adətən bu cür deyirlər: Həə, rejissor tapıb!



***

Müəlliflər bizi 1919-cu illə tanış edir. Vəziyyət qarışıqdır. Cümhuriyyət dövrünün təbəddülatlı vaxtlarıdır. Hamı narahatadır: ruslar yenə gələcək, cümhuriyyət dağılacaq. Ümidini itirməyənlər də var. Əsgər ağa isə bu fikirlərin arasında get-gəldə olduğu üçün canını qoymağa yer tapmır. O, cümhuriyyətlə bağlı Vəlinin və Tellinin simalarında ümumiləşən kəndli, rəiyyət, avam sinfin nümayəndələrindən fərqli düşünür. Vəli və Telli qətiyyətlə cümhuriyyətin dağılacağına və rusların Azərbaycanı yenidən ələ keçirəcəyinə inanırlar. Əsgər ağa isə böyük ümidlərlə yaşayır.

Proloqdan sonrakı səhnə Süleymanla Əsgərin dialoqu ilə başlayır və belə məlum olur ki, Məşədi Kazım gəlir.

Məşədi Kazım Əsgərin əmisidir. Vəziyyətin daha da ciddi olduğu onun dili ilə tamaşaçılara aydın olur. O, 1919-cu ilin Rusiyası, qırmızılarla ağların mübarizəsi barədə danışır və Rusiya imperalizminin tezliklə cümhuriyyəti dağıdacağını bu cümlə ilə ümumiləşdirir: “Ruslar mütləq nöyütün iyinə gələcəklər”.

Məşədi Kazım israrla qardaşı oğlu Əsgəri İsfahana dəvət edir. Bu dəvətin pərdəarxasında bir məsələ var. Düzdür, bu, açıq-aşkar heç bir situasiyada bildirilmir. Amma rejissor yazıçının dramturji gedişlərini elə həll edib ki, mən tamaşaçı kimi Məşədi Kazımın canıyananlığı ilə bərabər, öz arxasını möhkəmləndirmək, Əsgərin var-dövləti ilə şərik olmaq hərisliyini hiss edirəm. Bunu çatdıra biliblər.

Məşədi Kazım sözünü deyib heç yemək yeməmiş Hacı Nuri adlı bir hörmətli şəxsin yanına tələsdiyini deyib gedir. (Bu Hacı Nurini yadda saxlayın)

Əsgər nə qərar verəcəyini bilmir. Dərinləşən təlatümlər içində biz səhnədə Gülçöhrəni görürük. Gülçöhrə gah deyir, gedək, gah deyir, getməyək, gah da deyir, gediriksə, Fransaya gedək. İkili fikir yaranır: nicatı Avropada görən, nicatı Şərqdə – müsəlman cəmiyyətində axtaran. Burada həmin dövrün bütün insanlarının bu ikiləşən fikirləri Əsgər-Gülçöhrə fonunda aydınlaşır.

Dörd müxtəliflik yaranır və konfliktlər şaxələnir:

1. İsfahana dəvət edən tərəf.

2. Nə edəcəyini bilməyən tərəf.

3. Fransaya getmək istəyən tərəf.

4. “Harda oluramsa, olum, başım dinc, qarnım tox olsun” deyib ancaq öz mənfəətini fikirləşən tərəf.

Əslində, tərəflərin hamısı güzəranının necə olacağı üçün nigarandır. Amma bu, Vəli ilə Tellinin simasında daha aşkardır. Digərlərinin isə təftəlşüurundan irəli gələn reaksiyalarında şifrələnib.

Əsgərin mənəvi çaxnaşmaları getdikcə artır. Çünki o hamıdan fərqlidir, ailəsinin firavanlığı üçün nə qədər narahatdırsa, ölkənin taleyi də onu bir o qədər darıxdırır.

Biz tamaşada Əsgərin yeni bacarığını da kəşf edirik. Əsgər şeir yazır. Daim qafiyə axtarır, axtarır, axtarır... Hərdən tapır, hərdən tapmır. Onun axtardığı qafiyə səadətdir. O, qafiyə kimi, bəzən səadətin də ünvanını bilmir, az qala, ondan birdəfəlik uzaq düşəcəyini başa düşür.

Yollar getdi üzü dağa,
Yoxuşlar enişlәrdәn çox.
Kimsә yox xatırlamağa,
Unutmağa da kimsә yox...

Kamal Abdulla Əsgəri həm də şeir yazan bir şəxsə çeviribsə, gərək, onun əvəzinə şeir də yazardı. Amma müəllif bir çıxış yolu tapıb. Öz şeirlərini Əsgərin adına çıxır. Öz şeirlərini Əsgərə bağışlayır...
Gülçöhrə Əsgərin bu şeirini oxuyanda, unutmağa, xatırlamağa kiminsə olmadığını eşidəndə Əsgər ağadan qəlbi sınır. Əsgər isə qafiyə xatirinə belə yazdığını uydurub birtəhər vəziyyətdən çıxır.



***

Gülçöhrə maarifpərvərdir. Bacısı Asiya da ondan geri qalmır. Açmaq istədikləri məktəb isə Əsgərin pulu ilə tikilməlidi. Süleyman da bunu yaxşı ölçüb-biçib...

Süleyman bəy... Yadınızdadırsa, Üzeyir bəyin Əsgəri oxuyur:

Halal olsun, Süleyman,
Sən nə kələkbazsan, şeytan.

Məlum olur ki, Süleyman parlamentdə hüquqşünasdır. Hacı Nuri adlı şəxslə də dostdur. Hacı Nurinin üzünü görməmişik. Adını Süleymandan, Məşədi Kazımdan eşitmişik.
Süleyman Əsgərə dəqiq bir yol göstərmir: nə konkret "qal" deyir, nə də "İsfahana get" deyir. Heç bilmək olmur ki, bir kələyi var, ya yoxdur...
Ona görə də əsərin düyünləri getdikcə çoxalır. Əsgərin qarşısında iki yol var: getmək, qalmaq. O nə etməli?
Nə biz yolu tanıyırıq, nə yol bizi...

Burda bir haşiyə zərurəti var. Demək, pyesin digər ən böyük məziyyəti odur ki, Üzeyir bəyin versiyasında bizə tanış olan obrazların xarakterləri inkişaf edir, bədii tipikliyin başqa səmtlərinə irəliləyir. Məsələn, Cahan xala da Üzeyir bəyin Cahan xalasından xeyli fərqlənir. İllər onu da dəyişib. Bu dəyişməyi göstərmək klassik versiyanın kölgəsindən qaçmaq cəhdidir və uğurludur.



***

Ümumilikdə, tamaşa XX əsrin Azərbaycan ağrılarını bu ailənin vəziyyəti ilə tamaşaçıya izah edir. SSRİ-nin işğal təhdidi ilə yaşamaq və sonda hər şeyi itirmək təhlükəsi...
Çox məşəqqətlərdən sonra Əsgər ağa ailəsi birlikdə Bakıdan köçür. O, mal-mülkünü də özü ilə aparmaq üçün geri qayıdır və Bakıya daxil olan Sovet ordusu Əsgər bəyi haqlayır. Onun bütün mal-mülkü müsadirə olunur. Əsgər bu çətin məqamda yaxın dostu Süleymanı, həmişə adı hörmətlə anılan, üzünü görmədiyimiz, səsini eşitmədiyimiz, amma “boz kardinal” təsiri bağışlayan Hacı Nurini axtarır, tapmır, köməyə çağırır, səs verən olmur. Hara əl atır, boş çıxır.

Sən nə kələbazsan, şeytan!

Klassik versiyadakı bu zarafatyana deyilmiş söz həqiqətə çevrilir.

Süleyman bəyin dönüklüyü ilə bağlı açıq-aşkar bir şey yoxdur. Bu, mənim gəldiyim qənaətdir. Bəlkə də, Sovet ordusu Bakıya daxil olanda o, həlak olur... Hacı Nuri isə necə olur, bilinmir...

Qatdı qabağına yollar səni,
Yarı ölü kimi, yarı sağ kimi.
Divar önünə qoydular səni
Sən hədəf kimi, yollar ox kimi...

Sibirə sürgün edilən Əsgərin fəryadı... Onu tüfeyli həyat, zəhmətkeşlərin haqqını yeməkdə günahlandırır rus müstəntiqlər. “Arşınmalçının biri arşınmalçı” deyib aşağılayırlar Əsgəri... O vaxtkı yalançı arşınmalçılıq onun üzünə belə vurulur.

Tamaşanın finalı və son həlli barədə yazmayacağam. Yeni premyerası olmuş tamaşa barədə hər şeyi yazmaq olmaz. Sadəcə, nişan vermək olar. Amma bir onu demək mümkündür ki, Əsgərin əhvalatı bitmir, davam edir, onun əvvəlki taleyini Üzeyir bəy, sonrakı taleyini Kamal Abdulla yazdı, bəs sonrası? Sonra necə oldu? Gələcəkdə necə olacaq? Rejissor finalda bu sualları ortaya qoyur. Əsgərin Fransada böyüyən oğlu... İranda yaşayan qohumları... Hansı səmtə üz tutmaq sonra öz bəhrəsini verir?.. Bilinmir...

Finalda insan öz-özü ilə üzbəüz qalır. Özü özünə baxmaq istəyir. Güzgü axtarır. O güzgünün gizlədildiyi yeri fikirləşəndə vahiməyə düşür.

Kamal Abdulla, Əsgər Əsgərov Əsgərin güzügüsünü tapa bilir, bəs biz necə? Tapa biləcəyikmi?

# 107 dəfə oxunub

Oxşar xəbərlər

Sumqayıt Teatrı "Qaravəlli"  tamaşasını təqdim edib

Sumqayıt Teatrı "Qaravəlli" tamaşasını təqdim edib

11:48 26 noyabr 2025
"Yazılan həyatdır, yoxsa həyat yazılandan doğur?" - "Gülçöhrə və Əsgər"də postmodern axtarış

"Yazılan həyatdır, yoxsa həyat yazılandan doğur?" - "Gülçöhrə və Əsgər"də postmodern axtarış

15:00 21 noyabr 2025
“Gülçöhrə və Əsgər" tamaşasının premyerası olub

“Gülçöhrə və Əsgər" tamaşasının premyerası olub

22:08 18 noyabr 2025
Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış etdi

Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış etdi

14:05 18 noyabr 2025
"Gülçöhrə və Əsgər"  tamaşasının premyerası olacaq

"Gülçöhrə və Əsgər" tamaşasının premyerası olacaq

10:56 17 noyabr 2025
Payız tətili günlərində Gənc Tamaşaçılar Teatrının  repertuarı

Payız tətili günlərində Gənc Tamaşaçılar Teatrının repertuarı

15:54 14 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər