Sevgilimlə iki söz arasında... - Əli Kərim

Sevgilimlə iki söz arasında... - Əli Kərim
25 fevral 2026
# 11:46

Kulis.az Əli Kərimin "Fraqmentlər" şeirini təqdim edir.

Otuzdan çox yaşamışam...
Göyçayda,
Bakıda,
Moskvada,
Tiflisdə.
Arabada, təyyarədə,
Gah qum üstə,
Gah dənizdə.
Sevgi toranında,
Mühazirə salonunda.
Sevgilimlə bir-birimizə deyəcəyimiz
iki söz arasında.
Xəstə olarkən
Həkimin çarəsində.
Bəzən baş tutmayan şeirimin
Dağılmış divarlarının xarabasında.
Bəzən söz yarışında
Bəzən ölüm sözünün polyar qışında
Bəzən günlərimi başlı-başına buraxıb
Onlarsız əylənmişəm.
Sonra da günlərin məni atıb
getməyindən gileylənmişəm.
İllərimin çoxusu mənimlədir,
Ailəmin üzvüdür.
Yoxlayanda bir-bir
Görürəm bəzisindən
günlər düşüb,
hara düşüb?
Nə vaxt düşüb?
Eh, onlar çoxdan ötüşüb
Bəzisi toz olub ayaqlar altında.
Bəzisi hansı maşındasa
yadımdan çıxıb gedib.
Bəzisi
bir vaxt kənarında
Yaşadığımız çayın
suyunda axıb gedib.
Amma eləsi də var ki,
itməyib.
könlümü incitməyib.
Elə saatım var ki, ağac olub
Bir dost bağında.
Hər dəqiqəsi bir meyvəyə dönüb
Göy budağında.
Boynuna qol salıram saatımın
Otururam ömrümün
bir parçasının kölgəsində:
Düzürük qızıl yanaqlı dəqiqələri
On dörd günlük ay-boşqaba,
yeyirik şirin-şirin.
Hər il təkrarı olacaq
bu dəqiqələrin.
Hərdən düşür dəqiqələr budaqlardan
yerə bir-bir.
Sahibini görüb gəlir, onlar nədir,
Saatım var
Bir insan sevincində
bir hissədir.
Solmuş bir təbəssümün
Parıltısını qaytarmış.
O ölməmiş. O ömr edir.
Anlarım var:
Leysan yağışı kimi yağmış
Kövrək bir insan qəlbinə;
Bitirdiyi çiçəklər
mükafatdır mənə.
Oğlanlarıma baxıram:
Boylu-buxunlu günlərimdir.
Nurlu gecəm. al səhərimdir.
Şeirlərimə baxıram:
Demə ölmüş günlərimdir.
Yanıb dəftərə tökülmüş günlərimdir.
Otuzdan çox yaşamışam.
Peşman deyiləm.
Gələcəyə baxıram,
Dayan!
Gör nə deyirəm.
O hələ ömründən deyil,
Düşün axşam-səhər
Sən onu fəth etməlisən
Son zərrəsinə qədər.

2 aprel, 1964

# 781 dəfə oxunub

Oxşar xəbərlər

Meqan Markl Avstraliyada təhqir olundu

Meqan Markl Avstraliyada təhqir olundu

12:30 24 iyul 2026
Goranboyda İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri”

Goranboyda İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri”

11:37 24 iyul 2026
95 yaşlı aktyor və 61 yaşlı qızı xərçəngə qalib gəldilər

95 yaşlı aktyor və 61 yaşlı qızı xərçəngə qalib gəldilər

11:35 24 iyul 2026
"Son arzusu bu idi, baş tutmadı..." - Anar Tofiq Mirzəyevdən yazdı

"Son arzusu bu idi, baş tutmadı..." - Anar Tofiq Mirzəyevdən yazdı

11:22 24 iyul 2026
"Dediyimi eləməsən, özümü öldürəcəyəm..." - Səməd Vurğun Abdulla Şaiqin evində kimi hədələmişdi?

"Dediyimi eləməsən, özümü öldürəcəyəm..." - Səməd Vurğun Abdulla Şaiqin evində kimi hədələmişdi?

10:00 24 iyul 2026
Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

18:00 23 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər