Qrafikaya romantik ruh bəxş edən rəssam - Cəmil Müfidzadə yaradıcılığının estetikası

Qrafikaya romantik ruh bəxş edən rəssam - Cəmil Müfidzadə yaradıcılığının estetikası
24 fevral 2026
# 15:30

Bu gün Xalq rəssamı Cəmil Müfidzadənin doğum günüdür.

Kulis.az Musa Əmiraslanovun "Cəmil Müfidzadə yaradıcılığının estetikası" yazısını təqdim edir.

Azərbaycan təsviri sənətinin XX əsrin ikinci yarısına təsadüf edən inkişafının üslub axtarışları ilə müşahidə olunması əslində, çox təbii idi. Belə ki, müharibədən sonrakı illərdə SSRİ-nin müxtəlif iri şəhərlərində ali təhsil alıb Azərbaycana dönən gənclər yerli rəssamlıq məkanında duyulası rəqabətlə qarşılaşmışdılar. Başqa sözlə desək, köhnə və sınaqdan çıxmış bədii estetika ilə nə tamaşaçı zövqünü oxşamaq, nə müasirləri arasında təqdir olunmaq demək olar ki, mümkünsüz idi. Bu hal təsviri sənətin digər sahələri kimi, qrafika sənəti üçün də səciyyəvi idi.

Odur ki, altmışıncı illərdə qrafikanın müxtəlif sahələrində çalışan yaşlı nəslin nümayəndələri ilə yanaşı, böyük sənətdə ilk addımlarını atan N.Babayev, Y.Hüseynov, R.Mehdiyev, A.Hacıyev və E.Aslanovla yanaşı C.Müfidzadənin əsərlərində özünəməxsus axtarışların ilk müsbət nəticələri görünməkdə idi.

Xarkovda V.Mironenko və Q.Bondarenko kimi məşhur sənətkarlardan qrafikanın bədii-texniki sirlərini öyrənən Cəmil Müfidzadə (1934-2019) elə diplom işi olaraq çəkdiyi “Neft daşları” rəngli ofortlar silsiləsində bu texnikanın qrafik imkanlarına yeni çalarlar əlavə etdiyini nümayiş etdirmişdi. Bu mənada çoxları Bakıda da onun başladığı bu işi – bənzərsizliyi danılmaz olan qrafik estetikanı davam etdirəcəyini güman edirdi. Amma o, bir müddət davam edən tərəddüddən sonra qrafikanın digər texnikalarına müraciət etdi.

Onun həmin illərdə ərsəyə gətirdiyi “Bakı albomu” (1965) silsiləsi bunun əyani nümayişi oldu. İcrasına görə heç də ofortdan asan olmayan ksiloqrafiya texnikasına müraciət edən C.Müfidzadə hamıya yaxşı məlum olan Bakı motivlərinə əvvəlkilərdən fərqli bədii münasibət göstərməklə, növbəti dəfə istənilən obyektdə yeni gözəllik qaynağı tapmağın mümkünlüyünü təsdiqləmiş oldu. Əgər kompozisiyaların estetikasının cəlbediciliyinə nail olmaq üçün o, ofortlarda müxtəlif rəng çalarlarının gücündən istifadə etmişdisə, yeni ksiloqrafiyalarında ağ-qara cizgilərin ahəngdarlığına tapınmışdı. Həmin lövhələrdə cizgi axıcılığının və ritminin yaratdığı estetikada özünəməxsusluq əlamətlərinin mövcudluğu heç şübhəsiz, gənc rəssamın özünə inamını artıran amil oldu.

Bunun sənətə yeni gələn yaradıcı üçün xüsusilə yaxşı başlanğıc olması isə birmənalı idi... Sənət aləmində bənzərsizlik ən ümdə şərtlərdən biridir. Bu bənzərsizlik sənətkarın uzun sürən, böyük zəhmət tələb edən gərgin axtarışlarının sayəsində yaranır. C.Müfidzadənin daha sonra istifadə edəcəyi linoqravür və qarışıq texnikalı əsərlərində də məna-məzmun daşıyıcılığının əyaniləşdirilməsinə yönəli axtarışların nəticələrini görmək mümkün idi. Əlavə edək ki, rəssam bu uğurları ən müxtəlif mövzulara müraciətində nail olmuşdur. Bununla belə, C.Müfidzadə yaradıcılığını səciyyələndirən estetikanın daha çox bir mənbədən qaynaqlandığı görünəndir. Bu da səbəbsiz deyil. Bunun ilk növbədə onun əsərlərinin mövzusunu doğma Azərbaycanla bağlı olmasıdır...

Məlumdur ki, hər bir rəssamın sevimli, qəlbinə hakim kəsilən mövzusu, bədii həllini axtardığı məsələlər var. O, bunları müşahidəsinə və təcrübəsinə əsaslanaraq həyata keçirir. Doğma yurdun uzaq-yaxın keçmişi, maddi-mədəniyyət abidələri, təbii sərvəti və təbiəti də Xalq rəssamı Cəmil Müfidzadə üçün belə mövzulardan olub. Yarım əsrdən çox müddət ərzində Azərbaycan mövzusu davamlı olaraq onun qrafik lövhələrinin leytmotivinə çevrilib.

Diplom işindən başlayaraq sonrakı dövrlərdə yaratdığı və onun bədii irsini təşkil edən “Bakı albomu”, “İçərişəhər”, “Abşeron nefti” və “Xınalıq” silsilələrinin bilavasitə Azərbaycanla bağlı olması da dediklərimizi təsdiqləyir. Bu silsilələrin hər birinin milli qrafika irsimizin dəyərli nümunəsinə çevrilməsinin kökündə də məhz həmin əsərlərdə məkana sonsuz sənətkar rəğbətinin duyulması durur.

Rəssamın rəng və cizgi qovşağından yaratdığı özünəməxsus estetika onun digər mövzuları əhatə edən əsərlərində də duyulmaqdadır. Həmin silsilə əsərlərin əksəriyyəti sənətkarın xarici ölkələrə səfərlərindən sonra yaradılmışdır. Müəllifin həm sənətsevərlər, həm də həmin ölkələrin ictimaiyyəti tərəfindən maraqla qarşılanmış bu silsilələri “Monqolustanda”, “Misir təəssüratları” və “Şimal” adlanır. Bütün mənalarda bir-birindən kəskin şəkildə fərqlənən bu əsərlərdə insan, məkan və təbiətin bir-birilə yaddaqalan əlaqəsinin əldə olunmasındandır ki, onlarda ifadə olunan estetika tamaşaçını cəlb etmək və duyğulandırmaq gücündədir. Qeyd etmək lazımdır ki, Cəmil Müfidzadənin yaratdığı və tamaşaçısını ovsunlayan estetika heç də birdən-birə yaranmayıb. Bunun haradan qaynaqlandığına cavab axtarmalı olsaq, onda öncə onun müraciət etdiyi hər bir mövzuya hərtərəfli yanaşdığını deməliyik.

C.Müfidzadənin dəfələrlə dünyanın yeni möcüzələrindən sayılan Neft daşlarına səfərlər etməsini, Azərbaycanın qədim və zəngin, möhtəşəm və təkrarsız memarlıq abidələri ilə tanışlığı, əcdadlarımızın gözünün nurunu, ürəklərinin və əllərinin hərarətini özündə yaşadan xalçaları və tikmələri, eləcə də daşoyma və misgərlik nümunələri, özündə tariximizi yaşadan Qobustan qaya rəsmləri, ecazkar miniatür əsərləri ilə tanışlığını da bura əlavə etsək, onda bir müəllif olaraq onun əsərlərindəki milli ruh daşıyıcısı olan estetikanın zəngin mənəvi dəyər üzərində formalaşdığını deməliyik. “Cəmil Müfidzadə bizim günlərin dinamikasını duyan sənətkarlardandır. Onun müasirliyi və novatorluğu özündə birləşdirən zəngin yaradıcılıq yolu buna yaxşı nümunədir” (2,27).

Sənətşünas Z.Əliyevin C.Müfidzadənin yaradıcılığında baş tutan bədii-üslub evolyusiyanın novatorluğa və müasirliyə bələnməsini vurğulayan bu fikri ilə razılaşmamaq çətindir. Axı bəlkə də başqalarının görə bilmədiyi bu qədər tutumlu mənəvi qaynağı lazımınca dəyərləndirmək, rəssamın özünün dediyi kimi fərqli və müasir görkəmə gətirmək o qədər də asan deyildi. Başqa sözlə desək, o, sənətin əlçatmaz görünən zirvəsinə doğru uzanan çox təzadlı, ancaq eyni zamanda duyulası dərəcədə maraqlı yaradıcılıq axtarışlarından keçəcək uzun bir yola çıxmaqda idi.

Belə bir vaxtda israrının davamlı olmasına yeganə dayaq verən axtarışlara köklənmiş müəllifin özünə sonsuz inamı idi. Bu inamın kökündə isə heç şübhəsiz, onun topladığı zəngin nəzəri-təcrübi material dururdu. Qeyd etmək lazımdır ki, C.Müfidzadə yaradıcılığında milli bədii qaynaqlara tapınan rəssamlardandır. Onun əski nümunələrimizə münasibəti səthi olmayıb, əsl yaradıcı mahiyyət daşıyır.

Elə bunun sayəsində də əsərlərində milliliklə yanaşı, müasirlik və zaman kateqoriyasının vəhdəti bütövlüyü duyulan estetik tutum kimi nəzərə çarpan və duyulandır. Belə ki, rəssamın özünəməxsus təfsirində həm müəyyən məkanın bakirə gözəlliyi, həm də insan əli ilə dəyişən müasir görkəmi yaddaqalan estetik tutum aldığından daha ecazkar görünür. Bəzən adama elə gəlir ki, rəssamda haradasa tez-tez üz-üzə qaldığı naturaya qarşı inamsızlıq yaranıb və o, görünənlərin real-təbii rənglərindən daha çox, təxəyyülün nəticəsi kimi təqdim etdiyi duyğulandırıcı rəng-cizgi həllinə, süjetin düşündürücü obrazlı təfsirinə etibar edib.

Cəmil Müfidzadə bir qayda olaraq həyat hadisələrinin təsvirində bilərəkdən reallıqla qeyri-reallıq arasında duyulası bir məsafə saxlamağa çalışır. Onun özümlü estetikaya malik bədii şərhi, ifadə tərzi də elə bu ilğım gücünə malik sirli “məsafənin” mövcudluğunda aşkarlanır. Bunun nəticəsi olaraq çox vaxt rəssam təsvir obyektlərini əsərlərinə özünün qavradığı, görmək istədiyi biçimdə gətirir.

Bu cür təfsir təsvir motivlərini adilikdən çıxarmağa imkan verir. Rəssamın tətbiq etdiyi duyulası bədii ümumiləşdirmələrə, rəng-cizgi improvizələrinə baxmayaraq, onu da demək lazımdır ki, bizə təqdim olunan və hər biri özündə tarixi keçmişi yaşadan memarlıq motivlərinin də, poetik-romantik sənaye mənzərələrinin də real prototipi vardır. Bütün bu məziyyətlər onun yaratdıqlarını klassik romantizm cərəyanına yaxınlaşdırır. Gördüklərinə müəllif təxəyyülündən süzülüb gələn hiss və duyğuları əlavə etməklə, təsviri həm də arzulanan görkəmə salmaq ənənəsi, əslində, C.Müfidzadə nəslinə xas fərdi yanaşma metodu idi. Belə ki, romantizmin estetikasında müəllifə onu qane edə biləcək əsər yaratmağa imkan verən bədii xüsusiyyətlər vardı.

Əgər bu cür yanaşma yaradıcılıqları Azərbaycan təsviri sənətinin XX əsrin birinci yarısına təsadüf edən müəlliflərdə yox idisə, əksinə, həmin yüzilliyin altmışıncı illərində bu tendensiya duyulası şəkil almışdı. Bunun da başlıca təkanvericisi sovet məkanında “sərt üslub”un yaradıcısı T.Salahov olmuşdu. Odur ki, bu “sərtləşmə” tezliklə geniş vüsət aldı və təkcə rəngkarlıqda yox, həm də sənətin digər sahələrində, o cümlədən, qrafikada özünü təzahür etdirdi. C.Müfidzadə də qrafikaya romantik ruh bəxş edən rəssamların sırasında idi.

C.Müfidzadənin əsərləri yuxarıda qeyd etdiyimiz kimi işlənmə manerası ilə yanaşı, həm də kompozisiya biçiminə görə də orijinal olub, heç kimi xatırlatmır. Onları diqqətlə nəzərdən keçirdikdə rəssamın dəst-xəttinin tədricən dəyişdiyi, yeni bədii keyfiyyətlərlə zənginləşdiyi də açıq duyulur. Həmişə cəlbedici görünən və yeniləşən bu ifadə tərzini əvvəllər nə qədər lakonik forma-biçim, təzadlı işıq-kölgə həlli səciyyələndirirdisə, vaxt axarında onlar tədricən estetik məzmunla zəngin-ləşmiş çox zərif, ovsunlayıcı naxışları andıran cizgilərlə əvəz olunub. Sonrakı illərdə bədii forma bütövlüyü, axıcı xətlərin dinamikliyi, fakturanı cəzbedici və duyulan edən qarışıq texnikanın tətbiqi son nəticədə, özünəməxsus bədii şərh məcmusu yaratmaqla rəssamın sonrakı dövr yaradıcılığını səciyyələn-dirən bədii-texniki ifadə vasitəsinə çevrilib.

Rəssamın zəngin qrafik irsi ilə tanışlıq göstərir ki, Cəmil Müfidzadə sənətdə artıq öz sözünü demiş və sənətkar “mən”ini təsdiqləmiş yaradıcı simalardandır. Bunu şərtləndirən başlıca səbəbsə, yaratdığı əsərlərin ovsunlayıcı estetikaya malik olmalarıdır. Bu mənada artıq zamanın sərt bədii sınağından çıxdığını da sübut edən bu əvəzsiz milli mənəvi dəyərlərin Azərbaycan təsviri sənətinin ayrılmaz tərkib hissəsi kimi qalacağı və dəyərləndiriləcəyi birmənalıdır.

# 111 dəfə oxunub

Oxşar xəbərlər

Lənkəran səhnəsində "daxili mən"lə üzləşmə - "Gəlinlik paltarı" tamaşasının premyerasından təəssüratlar

Lənkəran səhnəsində "daxili mən"lə üzləşmə - "Gəlinlik paltarı" tamaşasının premyerasından təəssüratlar

14:30 21 fevral 2026
Amerikada sensasiya yaradan azərbaycanlı - O, KQB-nin təqibindən necə xilas olmuşdu?

Amerikada sensasiya yaradan azərbaycanlı - O, KQB-nin təqibindən necə xilas olmuşdu?

12:00 20 fevral 2026
Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında

Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında

10:00 20 fevral 2026
"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

15:00 19 fevral 2026
Öz şah əsərinə nifrət edən dahi - Naşirlər onun hansı kitabını çap etməyə qorxmuşdular?

Öz şah əsərinə nifrət edən dahi - Naşirlər onun hansı kitabını çap etməyə qorxmuşdular?

12:00 19 fevral 2026
Vatikanı dəhşətə gətirən "pornoqrafiya" - Xəsis dahi şah əsərlərini niyə oda atmışdı?

Vatikanı dəhşətə gətirən "pornoqrafiya" - Xəsis dahi şah əsərlərini niyə oda atmışdı?

16:00 18 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər